Mingəçevirdə: Uşaq bağçasının “sakinləri” köçürüləcəkləri günü gözləyir

Yayımlandı: 31 Avqust 2024 22:12

Son dəyişiklik: 1 Sentyabr 2024 00:15

“Əvvəl yağış yağanda otaqda çətirlə gəzirdik”

Mingəçevirdəki 4 saylı uşaq bağçasında məskunlaşan məcburi köçkünlər yağış yağan kimi bütün otaqlara, dəhlizə su dolduğunu, nəmişlikdən xəstəlik tapdıqlarını deyirlər. Onların sözlərinə görə, ikimərtəbəli bina yarımçıq tikilidir, damın üzərini dəmirlə örtməyə çalışsalar da, leysan yağışlarda su yenə axır.

Binanın 30-a yaxın sakini var.

Meydan TV-yə müraciət edən şikayətçilər deyiblər ki, onlar köçürüləcəkləri günü gözləyirlər. Hələlik isə köhnə, təmirsiz binada qalmağa məcburdular.

“Ağdamdan köçəndən sonra kirayədə qaldıq, amma kirayə pulunu ödəyə bilmirdik. Bu bağçada məskinlaşan köçkünlər evlə təmin ediləndən sonra boş qalmış otağa köçdük. Bir zalda 4 nəfər qalırıq, otağın ortasını özümüz iki yerə ayırmışıq”,-Ağdamlı məcburi köçkün Pəri Kazımova deyib.

Onun sözlərinə görə, qardaşı ikinci qrup əlildir, gözləri görmür, şəkər xəstəliyinin fəsadlaşması nətiəsində ayaq barmaqları kəsilib.

“Əvvəl yağış yağanda otaqda çətirlə gəzirdik, indi vəziyyət bir az düzəlib. Bizim kəndimizdə bərpa işləri hələ başlamayıb, qardaşımın vəziyyətini nəzərə alaraq hələlik evlə təmin edilməyimizi istəyirdik, amma nəzərə alan yoxdur. Bundan əlavə, sağlıq durumunu nəzərə alaraq birinci qrup əlillik alması üçün də müraciətlər etmişik”,-P.Kazımova deyib.

Şikayətçi deyib ki, məskunlaşdıqları bağçada payız-qış aylarında yaşamaq daha çətin olur, otaq qızmır, nəmişlikdən divarlardan su axır. Amma bina təmir edilmir, kəndləri isə yəqin ki, yaxın zamanlarda bərpa olunmayacaq. Kazımovlar ailəsi vəziyyətlərinin nəzərə alınaraq onlara müvəqqəti şərait yaradılmasını da xahiş edib.

Mingəçevir İcra Hakimiyyətindən Meydan TV-yə bağça və məktəblərdə məskunlaşan ailələrin köçürüldüyünü, kirayədə qeydiyyatda olanların da işğaldan azad edilmiş torpaqlarda evlə təmin ediləcəyini deyiblər. Həmin bağçadakı məcburi köçkünlərlə bağlı suala gəlincə, özünü təqdim etmək istəməyən icra hakimiyyəti əməkdaşı məlumatsız olduğunu deyib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də məcburi köçkünlərin müraciəti ilə bağlı sual cavablandırılmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button