Mirmahmud Mirəlioğlu Qarabağ Komitəsinin dönəm sədri oldu
I hissə
II hissə
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Qarabağ Komitəsinin növbəti iclası keçirilib. Saat 11.00-da İdarə Heyətinin, 12.00-da isə ümumi yığıncağın iclası baş tutub. Qərara gəlinib ki, gələn həftə istefalar nəticəsində boşalan yerlərə yeni üzvlərin seçilməsinə baxılsın və Komitə nəzdində yaranan Komissiyaların sədrləri İdarə Heyətinin iclaslarında iştirak etsin. Eyni zamanda qərara alınıb ki, Qarabağ Komitəsinin katibi bundan sonra həm də İdarə Heyətinin iclaslarının protokollarını tutsun və bu səbəblə İdarə Heyətinin iclaslarında iştirak etsin. Gündəmə təşkilati məsələlər, ötən həftədən istefa verən bəzi komitə üzvlərinin istefalarının qəbulu, 16 martda keçirilməsi planlaşdırılan mitinq haqqında müraciətin hazırlanması və cari məsələlər çıxarılıb. İlk öncə Qarabağ Komitəsinin dönəm sədri Taleh Əliyev özünün sədrlik dönəmini KXCP sədri Mirmahmud Mirəlioğluna təhvil verib. Sədrliyi təhvil alan Mirmahmud Mirəlioğlu (Fəttayev) Komitə üzvlərinin adından Taleh Əliyevə ötən bir ayda uğurlu sədrlik fəaliyyətinə görə təşəkkürünü bildirib. Yeni iclas Mirmahmud Mirəlioğlunun sədrliyində öz işinə başlayıb. Xatırladaq ki, Qarabağ Komitəsinə sədrlik soyadın əlifba sırası ilə ayda bir dəfə olmaqla dəyişir.
Məlum olub ki, iclasda kvorum var. Qarabağ Komitəsinin 47 üzvü iclasda iştirak edib və müzakirələr başlayıb. Təşkilati məsələlər müzakirə olunarkən jurnalist Peyman Sadıqlı və Ümid Partiyasının səlahiyyətlilərindən Səməd Hətəmov yekdilliklə Qarabağ Komitəsinin üzvü seçiliblər. Bununla da Qarabağ Komitəsinin iclasda iştirak edən üzvlərinin sayı 49 nəfərə çatıb. Qonaqlarla birlikdə iştirakçıların sayı 100 nəfəri keçib.
Müzakirələr nəticəsində istefa verib gedənlərin istefaları qəbul edilib. Qərara gəlinib ki, gələn islasda İdarə Heyərinin üzvlərinin sayında və tərkibində dəyişiklik olunsun. Eyni zamanda Komitənin İdarə Heyətinin üzvü İlham İsmayılın ötən həftə İdarə Heyətindən verdiyi istefa qəbul edilməyib və Qarabağ Komitəsi İlham İsmayılın İdarə Heyətində uğurlu fəaliyyətinə davam etməsinə yekdilliklə qərar verib. O da qərar alınıb ki, Qarabağ Komitəsinin ötən iclasında verdiyi 16 mart qərarı üçün bu həftə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunsun və bu haqda gələn iclasda məlumat verilsin.
Səviyyəli və uğurlu keçən toplantıda Qarabağ Komitəsi üzvlərindən və digər üzv olmayan insanlardan Taleh Əliyev, Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn, Əvəz Zeynallı, Sahib Kərimli, Tural Abbaslı, Cəfər Baxış, Sahib Musayev, Barat İmani, Əlövsət Sadıqlı, Novella Cəfəroğlu, Əhəd Məmmədli, Sərdar Cəlaloğlu, Nizami Əlibəyli, Nizami Allahverdiyev və digərləri çıxış edərək müxtəlif məsələlərə münasibətlərini bildiriblər. İclas qərara alıb ki, növbəti həftə Ermənistan prezidenti Nikola Paşinyanın və onun komandasının Azərbaycan əleyhinə səsləndirdikləri ittihamları müzakirə edən toplantı keçirilsin.
Növbəti iclasın KXCP qərargahında 27 fevral 2019-cu ildə, saat 12.00-da keçirilməsi qərarlaşdırılıb.
Xural.com