Mirziyoyev hesab edir ki, Qazaxıstanda baş verən hadisələr Özbəkistanda təkrarlana bilməz

Özbəkistan prezidentinin sözlərinə görə, ölkə “istənilən təhlükəyə adekvat cavab vermək üçün lazımi potensiala və gücə malikdir”

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Qazaxıstanda baş vermiş son kütləvi iğtişaşlara bənzər hadisələrin onun ölkəsində də təkrarlana biləcəyi ilə bağlı fikirləri əsassız hesab edir:

“Ötən gün bəzi dövlətlərin rəhbərləri Özbəkistanın Qazaxıstanda baş verən hadisələrdən dərs almalı olduqları ilə bağlı əsassız bəyanatlar verdilər. Biz regiondakı vəziyyəti, onun təhlükəsizliyi üçün bütün çağırışları və təhdidləri diqqətlə izləyirik. Bizim istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensial və gücümüz var”.

Yanvarın 10-da KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, əgər Qazaxıstanda baş verənlərdən dərs alınmasa, Özbəkistanda bu yenidən baş verə bilər. Belarus prezidentinin sözlərinə görə, onda olan məlumata görə, terrorçuların diqqəti “artıq Özbəkistanın üzərinə yönəlib”.

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ötən ilin oktyabrında bildirmişdi ki, Özbəkistan respublikasının KTMT-yə üzvlüyünün bərpasına inanmır. KTMT-nin yaradılması təşəbbüsü 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın başçıları tərəfindən imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə irəli sürülüb. 1993-cü ildə ona Azərbaycan, Gürcüstan və Belarus qoşulub. 1999-cu il aprelin 2-də Azərbaycan, Gürcüstan və Özbəkistan müqavilənin müddətinin uzadılmasına dair protokolu imzalamadılar və üzvlükdən çıxdılar. Bu dövlətlər GUÖAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat; indi – Özbəkistanın iştirakı olmadan GUAM) çərçivəsində əməkdaşlığa üstünlük verdilər. 2006-cı ilin avqustunda Özbəkistan KTMT-yə üzvlüyünü bərpa etsə də, 2012-ci ilin dekabrında təşkilatı yenidən tərk edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button