Mirzoyan: “Ermənistan sülh sazişini bir aya imzalamağa hazırdır”

Yayımlandı: 27 İyun 2024 13:35

Yerevan Bakıdan cavab gözlədiyini deyir

Ermənistan Azərbaycanla sülh sazişinin yekun mətnini bir ay ərzində yekunlaşdırmağa və imzalamağa hazırdır.

Bunu iyunun 27-də Tallində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə birgə mətbuat konfransında deyib.

Ancaq Ararat Mirzoyan Bakıdan müsbət cavab gözlədiyini əlavə edib.

İyunun 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Azərbaycandan sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini aldığını bildirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da bildirmişdi ki, bu ilin noyabrına qədər Ermənistanla sülh sazişinin imzalanması kifayət qədər realdır.

Eyni zamanda, o qeyd edib ki, bu sənədin imzalanması Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirmədən mümkün deyil.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button