Misir Mərdanov xalası oğlunu da qurban verdi

Təhsil naziri Misir Mərdanov

Allahverdi Dəmirov işdən çıxarıldı, barəsində cinayət açıldı

Oktyabrın 14-də Təhsil Nazirliyi məktəb tikintisi və əsaslı təmiri prosesində yol verilən nöqsanlar haqda açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, 2004-2011-ci illərdə tikinti və təmir işləri üçün Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən 543665,1 min manat vəsait ayrılıb: “Həmin vəsait hesabına 121864 şagird yerlik 353 yeni məktəb, 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49880 şagird yerlik əlavə korpuslar inşa edilib, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enib.

Bütün bunlarla  yanaşı məktəblərin tikintisi və əsaslı təmiri zamanı bir sıra nöqsanlara yol verildiyi məlum olub. Baş Prokurorluğun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar edilib. Nöqsanlarla bağlı Baş Prokurorluğun “Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə”  təqdimatı Təhsil Nazirliyinə daxil olub. Təqdimat Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib.

Baş Prokurorluğun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib”.

Qeyd edək ki, işdən çıxarılmaq hələ nazirin xalas ıoğlu Allahverdi Dəmirovun məsuliyyətdən azad edilməsinə dəlalət etmir. Məlumatlara əsasən prokurorluqda başlanan araşdırmalar yekunlaşandan sonra qaldırılmış cinayət işinə uyğun olaraq Misir Mərdanovun xalası oğlunun həbs edilməsi də gözlənilir.

Xatırladaq ki, son bir ay ərzində M.Mərdanovun 3 müavini istefaya göndərilib. Xeyli sayda idarə rəhbəri korrupsiya faktına görə cəzalandırılıb. Hələlik nazirliyin ətrafında baş verən prosses Misir Mərdanovdan yan keçir. Amma ekspertlər bunu sadəcə hələlik kimi qiymətləndirirlər.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button