Misir Mərdanov Gülər Əhmədovaya niyə atıb?

Xanım deputat təhsil nazirinə çox qəzəblidir…

Gülər Əhmədova son günlər sahibəsi və baş redaktoru olduğu qəzetdə təhsil naziri Misir Mərdanovun fəaliyyəti haqqında silsilə tənqidi yazılar dərc edir. Bunu normal hal kimi qəbul etmək də olar, çünki indi təhsil nazirindən və onun yarıtmaz fəaliyyətindən yazmaq dəb kimi bir şeydir. Amma Gülər Əhmədova 11 illik deputat və ictimai-siyasi xadim kimi hər zaman belə məsələlərdə ehtiyatlı olub. Xüsusilə, söhbət bir nazirdən gedirsə, burada məsələ tamam dəyişir və xanımın bu sahədə öz qaydaları var. Bəs nədən “suyu da üfürə-üfürə içən” Gülər Əhmədova yeni baş redaktorluq dönəmində ilk qılıncdan keçirdiyi nazir fağır Misir Mərdanov olur? Niyə məhz o? Bəlkə daxil olduğu qruplaşmanın başçısı tərəfindən düyməyə basılıb və bəlkə təhsil nazirinin vurulmasını Xanım millət vəkilinə tapşırıblar?

XuralTAC-ı məlumatlandıran mənbənin sözlərinə görə, Gülər Əhmədovanın Misir Mərdanova savaş elan etməsinin özəl səbəbləri var. Bu özəl səbəb bir yaxın orta məktəb şagirdinin attestat məsələsidir. Gülər xanımın yaxın bir adamı orta məktəbin buraxılış imtahanından kəsilir və təbii ki, qəbul imtahanlarına sənəd vermək də müşkülə dönür. Belə olan halda Gülər Əhmədova təhsil naziri ilə əlaqə saxlayır və yaxınının attestatının yazılmasını ondan xahiş edir. Misir Mərdanov deputatı isti qarşılayır və heç bir problemin olmadığını söyləyir. Nazir deputatdan bunun üçün təşkil olunmuş Apellyasiya Komissiyasına müraciət etməyi məsləhət bilir və bu haqda Komissiyanın sədrinə şəxsən tapşıracağını vurğulayır. Nazirin dediyi ünvana gələn Gülər Əhmədova burada böyük izdihamla qarşılaşır və qapıda dayanan mühafizəçiyə özünü təqdim edərək, Misir Mərdanovun Komissiya sədrinə verdiyi tapşırıq əsasında gəldiyini bildirir. Əsl mərəkənin də bundan sonra başladığını bildirən mənbənin sözlərinə görə, rəhbərliklə əlaqə saxlayan mühafizəçi xanım deputatı işəri buraxmaqdan imtina edir. Aydın olur ki, Misir Mərdanov Apellyasiya Komissiyasının sədrinə heç nə deməyib. Özünü təhqir olunmuş sayan Gülər Əhmədova əsəbi formada qayıdır və “indi Misir Mərdanov görər bir xanım deputata yalan söyləmək nə deməkdir” deyə fəaliyyətə başlayır.

Aldığımız informasiyanı dəqiqləşdirmək və tərəflərin münasibətini öyrənmək üçün təhsil naziri Misir Mərdanovun aparatı ilə əlaqə saxlamaq istədik. Hər zaman olduğu kimi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə telefonlara cavab vermədi. Onun yerinə telefonun dəstəyini götürən bir xanım əməkdaşa nazirlə bağlı bir xəbəri dəqiqləşdirmək istədiyimizi bildirsək də, Bayram Hüseynzadədən qəzetimiz çapa gedənə qədər xəbər gəlmədi. Düşünürük ki, öz naziri ilə bağlı mətbuat səhifələrinə çıxacaq bir xəbər Bayram Hüseynzadəni narahat etmirsə, bizi də məntiqlə narahat etməməlidir. Bir təhsil naziri qocaman bir xanım deputata atırsa və bu xəbəri dəqiqləşdirmək üçün nazirlə və ya onun aparatı ilə əlaqə saxlamağa çalışırıqsa və xəbərdarlıqlarımıza baxmayaraq, onlar məsələyə aydınlıq gətirməkdənsə, qaçıb gizlənirlərsə, bizə deyəcək bir şey qalmır…

Gülər Əhmədovaya gəlincə, xanım deputata bir müddət bundan əvvəl zəng etsək də, onun telefonlarına Əhməd adlı bir köməkçisi cavab vermiş, Gülər xanımdan bir xəbərə aydınlıq gətirməyini istəsək də, “vaxtı yoxdur” demişdi. Əhməd boşalanda Gülər xanımın özünün bizi arayacağını desə də, Gülər Əhmədova bizi aramamışdı. Sırf bu səbəbdən Gülər xanımı axtarmaq istəməsək də, baş redaktorun tapşırığı ilə bir daha deputat xanımı aradıq və bu dəfə də eyni səhnə ilə qarşılaşdıq. Telefonlara yenə Əhməd deyilən gənc cavab verdi və Gülər xanımın məşğul olduğunu dedi. Yenə XuralTAC-dan olduğumuzu dedik və yenə Gülər xanımla bir məsələni dəqiqləşdirməli olduğumuzu söylədik. Yenə cavab gəlmədi…

Biri nazirdir, biri deputat. Biri bir məsələ xahiş edib, biri də ona atıb. Biz bunu cəmiyyətə xəbərlədik. Özlərindən də xəbər almaq istədik, olmadı. İşdi-şayət, münasibət bildirmək istəsələr, o zaman mövqelərini dərc etməyə hazırıq…

 

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Hamının qanun qarşısında bərabər hüquq və vəzifəsi vardır. Qanunsuz iş üçün, nə üçün Təhsil nazirinə xahiş edilməlidir? Əgər nazir qanunsuz işi himayə etməyibsə, onu “atıb” kimi qiymətləndirilməlidirlərmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button