Misir Mərdanov gündə neçə nəfəri intihara məcbur edir?

Azər QARAMANLI

Misir Mərdanov danışıb. Təsəvvür edin, Təhsil Naziri təhsildən danışıb.   Məhz Misir Mərdanovun təhsildən danışması bu günün ən paradoksudur. Həm də təhsilin inkişafından. Misir müəllim xüsusi olaraq qeyd eləyib ki, təhsilin məzmunu dəyişib. Bunun üçün hətta on altı dövlət proqramı qəbul olunub və Misir Mərdanov müvəffəqiyyətlə həmin dövlət proqramlarını həyata keçirib. Nə qəribədir, deyilmi? Azərbaycanda bütün ictimai fikir gecə-gündüz təhsildəki biabırçı rəzalətdən danışır və bu rəzaləti yaratdığına görə gündə yüz dəfə istefa verməyə borclu olan Təhsil Naziri qalxıb təhsilin məzmunun dəyişdiyindən danışır. Hansı ki, cəmi bir həftə əvvəl Təhsil Nazirinin üç müavini yarıtmaz fəaliyətlərinə görə prezident fərmanı ilə işdən azad olunublar.

Ümumiyyətlə, çox maraqlıdır, Misir müəllim hansı təhsildən, hansı məzmundan və dövlət proqramından danışır? Yəni doğrudanmı Misir müəllim hesab edir ki, Azərbaycanda məktəb və təhsil sistemi var? Baxmayaraq ki, Azərbaycan analuqu olmayan inkişafa sahib olan ölkədir, çox qısa müddət öncə Misir müəllim AzTV-yə verdiyi müsahibəsində demişdi ki, müəllimin məktəbdə dərs keçməsi üçün o, müəllimə normal maaş verməlidir və o, bu maaşı müəllimə verə bilmir.

Əslində, Misir Mərdanov bu fikri ilə iki dəhşətli faktı özünün nazir simasında təsdiqləmişdi. Birincisi, Azərbaycan məktəblərində dərs keçirilmir, ikincisi Azərbaycanda pulsuz təhsil yoxdur. İşin ən qərib və qorxunc tərəfi odur ki, Azərbaycanda binəva vətəndaş valideyn təhsil üçün iki və üç dəfə pul ödəməyə məcburdur. Birinci dəfə valideyn uşağı məktəbdə oxuduğu halda uşağı üçün müəllim tutaraq ödəmə eləyir və dolayısı ilə müəllimə dövləti vermədiyi maaşı cibindən ödəyir. İkinci halda valideyn uşağı məktəbdə oxuduğu halda, məktəbdə deyil, müəlllimin evində öyrənməyə məcbur olduğu üçün məktəb direktoruna pul ödəyir. Üçüncü halda isə binəva vətəndaş valideyn, onun uşağına heç bir dərs keçməyən və buna görə pul alan məktəbdən attestat
almaq üçün pul ödəməyə məcbur olur. Bütün bu ödəmələrdən dövlət büdcəsi bir qəpik qazanmasa belə, Misir müəllimin büdcəsi qaz vurub qazan doldurur. Cənab Misir Mərdanov deyə bilərmi, dünyanın hansı ölkəsində belə belə məzmunlu təhsil sistemi var? Birmənalı şəkildə demək olar ki, dünyanın heç bir ölkəsində bu məzmunlu təhsil sisteimi yoxdur. Hətta adamyeyən Cibuti Respublikasında belə məzmunu olan təhsil sistemi yoxdur.

Odur ki, Misir müəllim təhsilin məzmununu dəyişdirdiyini söyləyərkən olduğundan və göründüyündən çox-çox  haqqlıdır. Adama haqqı verilməlidir. Yəni Qeysərə Qeysər haqqı verilməlidir. Yoxsa bu ölkənin məhvərindən çıxmış olan ədalət mizanı tamamilə yerin dibinə batmış olar. Söhbət hazırlıqdan düşmüşkən, bu gün bir fənnin qiyməti 150 manata qədər yüksəlib. Hətta 150 manatı ötüb belə. Ən adi halda hər bir valideyn uşağını üç, ya da dörd fənndən hazırlığa qoymağa məcburdur. Adi riyaziyyat deyir ki, bütün hallarda binəvə və başı daşlı valideyn hər bir uşağının hazırlığı üçün ayda 400 manatla 600 manat arasında Misir müəllimin büdcədən kənar kassasına ödəməlidir. Əks təqdirdə o, uşağının gözlərinin içinə baxa bilməyəcək.

İndi Misir müəllim barmağını yumub deyə bilərmi, bu dövlət kimə ayda maaş olaraq 600 manat ödəyir? Ancaq yüksək ranqlı məmurlara.

O zaman Misir bəy yəqin yaxşı başa düşür ki, Azərbaycanda hər gün intiharların sayı niyə bu  qədər artır. Hər gün səhər tezdən xəbər saytlarını açarkən adamın ilk gözünə dəyən xəbərlərdən biri, ya ikisi intihar xəbərləri olur. O adamların bir çoxunun ölüm fərmanını yeni məzmunlu təhsil sistemi ilə Misir Mərdanov imzalayır. Hər gün…

Çünki o binəvalar uşaqlarının gözlərinin içinə baxa bilmədikləri üçün özlərini öldürürlər. Özlərini öldürürlər ki, Misir müəllimin
əcaib məzmunlu təhsil sistemindən baş götürüb qaçsınlar…

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button