MKM OYUNU

Kənan Hacı
kenan731@rambler.ru

MKM Rəşad Məcidin və Nigar Köçərlinin inhisarına keçib və istedadlı yazarları sındırmaq vasitəsinə çevrilib…

Nəhayət, Milli Kitab Mükafatının uzun və əndrəbadi siyahısı açıqlandı və 20-liyə düşənlərin ismi-şərifi məlum oldu. Həftənin dördüncü günü “Azadlıq” Radiosunun Oxu zalında bu mövzuda keçirilən müzakirəyə məni də dəvət etmişdilər. Belə bir müzakirənin keçirilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu özüm üçün aydınlaşdıra bilmədiyimdən müzakirədə iştirakdan vaz keçdim.

Uzun siyahıya nəzər saldıqda birmənalı şəkildə aydın olur ki, MKM Rəşad Məcidin və Nigar Köçərlinin inhisarına keçib və istedadlı yazarları sındırmaq, sıradan çıxarmaq üçün bir vasitəyə çevrilib. Belə olmasaydı, milliliyə iddia edən bir müsabiqənin iyirmiliyinə qeyri-milli, yəni rus dilində yazılmış və üstəlik imzası heç kəsə bəlli olmayan imzalar salınmazdı. Heç şübhəsiz ki, müsabiqənin təşkilatçısı Nigar Köçərlinin rusdilli olması həmin üç əsərin iyirmiliyə düşməsində həlledici rol oynayıb.

Keçən müsabiqəni xatırlayın. Adı heç kəsə bəlli olmayan Samit Əliyev adlı birisinin rus dilində yazdığı cızmaqara 10-luğa necə düşmüşdü? Bu şəxsin “Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbərliyi ilə yaxın münasibətdə olması çoxlarına bəllidir.

İmzası ədəbi mühitə bəlli olmayan rusdilli xanımlar çox güman ki, Nigar xanımın rəfiqələridirlər.

Çox hörmət etdiyim Azər Abdullanın imzasını siyahıda görəndə xeyli təəccübləndim. Azər müəllim 70 yaş cıvarında olan bir adamdır, bu yaşda adamın hansısa müsabiqədə iştirak etməsi, sözün açığı, mənə qeyri-ciddi görünür. Onda gərək Vidadi Babanlı da müsabiqəyə öz romanlarından birini yollayaydı. Bu, bir az yüngülsaqqallıq olur. Yəqin ki, Azər müəllim məndən inciməz.

Mən müsabiqədə iştirak etmək niyyətində deyildim. Bir sıra yeni ədəbi layihələrə imza atmış dəyərli dostum Şahbaz Xuduoğlu məni inandırdı ki, müsabiqə tam obyektiv şəkildə keçiriləcək və hökmən əsər təqdim et. Müsabiqənin sonuna bircə gün qalmış, yanvarın 9-da mən MKM-ə əsər yollamışam. Təbii, uzun tərəddüdlərdən sonra.

Mən heç müsabiqəyə təqdim olunan əsərlərin hamısının oxunduğuna da inanmıram. 112 əsər 6 ekspert arasında bölünüb, hər ekspertin payına 20 əsər düşüb. Demək, hər əsərə yalnız bir ekspert baxıb. Bu isə düzgün seçim deyil. Bir adamın rəyi ilə bu cür məsuliyyətli müsabiqənin siyahısını tərtib etmək nə dərəcədə ədalətlidir? Şəffaflıq naminə hər ekspertin payına düşən əsərlərin siyahısı və onlara verilən rəy və qiymətlər açıqlanmalıdır. Əks halda, heç bir obyektivlikdən söhbət gedə bilməz.

Mən öz əsərimdən qətiyyən bədgüman deyiləm və heç də hesab etmirəm ki, təqdim etdiyim əsər 20-liyə düşən əsərlərdən səviyyəcə aşağıdır. Əksinə, oradakı əsərlərin bəzilərindən qat-qat yüksək bədii dəyərə malikdir. Bu əsər haqqında vaxtilə mərhum xalq yazıçımız Sabir Əhmədli mətbuatda yazı da yazmışdı və mən həmin yazını öz nəsr kitabıma ön söz kimi daxil etdim. Maraqlananlar ötən il çap olunmuş “Çəhrayı qan” kitabıma nəzər sala bilərlər.

Nigar xanım eksklüziv müsahibəsində qeyd edir ki, biz adı bu siyahıya düşməyən yazarların emailinə yazdıq ki, “üzr istəyirik, əsəriniz keçmədi, arzu edirik ki, gələn il uğur qazanasınız.” Amma mənim emailimə belə bir mesaj gəlməyib, əvəzində adı 20-liyə düşmüş Aslan Quliyevə üzrxahlıq yollayıb onu çaş-baş qoyublar.

Bu, təşkilatçıların necə işlədiklərini ortaya qoyan faktdır. Elementar etik qaydaları bilməyənlər kitaba necə qiymət verəcəklər?!

Və son olaraq bir vacib nüansı da qeyd edim, bununla da yazını yekunlaşdıraq.

Mən əsərimin hansı ekspertin payına düşdüyünü öncədən bilirdim. Bunu mənə sirr olaraq demişdilər. Həmin adam Rəşad Məcidin təsir dairəsində olan uğursuz bir yazıçıdır. Onun mənim əsərimə mənfi rəy verəcəyi əvvəlcədən özümə məlum idi.

Bu da nəticə…

Ortalıqda olan siyahıya baxıb ilk üçlüyə kimlərin düşəcəyini təxmin etmək mümkündür.


“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button