Mobil operatorların qiymət artımı: “Sanki razılaşdırılmış bir tarif siyasəti var”

İqtisadçı deyir ki, problem rəqabətsizlik mühitindən yaranır

Azərbaycanda əksəriyyət mobil operator bazarındakı qiymətlərdən narazıdır.

Bir çoxlarının fikrincə, ölkədə fəaliyyət göstərən hər üç mobil operatorun – “Azercell”, “Bakcell” və “Nar Mobile” tarifləri çox yüksəkdir.

Qiymətlərin yüksək olması ilə yanaşı, təklif edilən xidmət səviyyəsi də aşağıdır.

Meydan TV-yə daxil olan şikayətdə qeyd olunur ki, “Nar Mobile” “Unikal” paketində şəbəkəxarici qiymət tarifini qaldırıb.

Şikayətlə əlaqədar mobil operatorun saytında araşdırma aparan zaman “Nar Mobile” “Limitsiz” və “Unikal” paketlərində qiymət dəyişikliyi etdiyi məlum olub.

Şirkətin mətbuat xidmətinə qiymət artımı ilə əlaqədar göndərilən sorğuya isə iki həftə iş günü keçməsinə baxmayaraq cavab verilməyib.

2023-cü il yanvarın 10-dan “Limitsiz” tarifinə gündəlik abunəliyin qiyməti 0.33 AZN-dən 0.4 AZN-ə qaldırılıb.

“Unikal” tarif paketində isə şəbəkəxarici zənglər 4 qəpikdən artırılaraq 6 qəpiyə çatdırılıb.

“Nar mobile”da şəbəkədaxili zənglər 4, şəbəkəxarici zənglər 6 qəpikdir.

SMS qiyməti 4, internet (1 Mb) isə 29 qəpikdən hesablanır. “Nar Mobile”ın internetdə rouminq xidməti 5-15 günü əhatə edir.

Qiymət təklif olunan paketə görə 9- 28-manat arasında dəyişir.

Beynəlxalq zənglər 0.32 AZN-dir.

Bayram və xüsusi günlərdə qiymət 0.24 AZN olur.

Peyk operatorları üçün qiymətlər 4 AZN-dir. Xüsusi operatorlar üçün də qiymətlər 2 AZN-dir.

“Azercell” mobil operatordunda isə şəbəkədaxili zənglər 4, şəbəkəxarici zənglər 6 qəpikdir. Bir SMS-in qiyməti 5 qəpikdir.

İnternetin 1 meqabaytı (Mb) 20 qəpikdir.

Bu mobil operatorun rouminqdə internet paketlərinin manatla qiyməti 1 gün-3.90 (100Mb), 3 gün- 9.90 (400 Mb), 14 gün- 19.90 ( 1 Gb), 30 gün- 39.90 AZN-dir (3Gb).

Beynəlxalq zənglərin 1 dəqiqəsi 0.32 AZN-dir.

“Thuraya”, “Emsat”, “Inmarsat” beynəlxalq operatorları ilə 4.18 AZN təşkil edir.

“Bakcell” mobil operatorunda tarif paketindən asılı olaraq şəbəkədaxili zənglərin 1 dəqiqəsi 4-8 qəpik, şəbəkəxarici danışıqlar isə 8-12 qəpik arasında dəyişir.

“Bakcell”in gündəlik internet paketlərinin qiyməti 100 Mb-50 qəpik, 250 Mb- 85 qəpik, 500 Mb-1.20 AZN-dir.

Aylıq internet paketləri üçün qiymətlər 500 Mb-3 AZN, 1 Gb-5 AZN, 2.5 Gb-8 AZN, 5 Gb-10 AZN, 10 Gb- 15 AZN, 20 Gb-25 AZN, 50 Gb-30 AZN təşkil edir.

“Bakcell”in rouminqdə internet paketlərinin qiyməti 1 gün- 3 AZN (100 Mb), 7 gün- 20 AZN (1000 Mb), 30 gün- 30 AZN-dir (2000 Mb). Beynəlxalq zənglərin dəqiqəsi 0.32 AZN-dir.

Şənbə-bazar və rəsmi bayram günlərində 24 saat ərzində olan, habelə hər gün saat 00:00-dan 08:00-dək edilən beynəlxalq zənglərin dəqiqəsi 0.24 AZN-dən hesablanır.

Peyk və Premium tipli operatorların şəbəkələrinə zənglərin dəqiqəsi 3.50 AZN təşkil edir.

Ekspertlər hesab edirlər ki, regionda ən baha mobil və internet xidmətləri məhz Azərbaycandadır.

Qiymətlərin bahalığını da bazarda rəqabətli mühitin olmaması ilə əlaqələndirirlər.

“Tariflər də aşağı-yuxarı bir-birinə çox oxşayır”

“Azərbaycanda mobil rabitə bazarı üç şirkətin əlində cəmləşib. Hər bir şirkət bazarın ən azından üçdə-birinə nəzarət edir. Bu da “Antiinhisar fəaliyyəti haqqında” Qanuna əsasən, dövlət tərəfindən onların tariflərinə müdaxilə olunmasına əsas yaradır. Qanunvericiliyə görə, şirkətlərin hər hansısa biri bazarın 30 %-dən çoxuna nəzarət edirsə, dövlətin orada yoxlamalar aparmağa və müəyyən tariflərlə, qiymətlərlə bağlı qərarlar verməyə ixtiyarı var”, – iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir.

Natiq Cəfərli, Foto: Meydan TV

Əlavə edir ki, əsas problem də elə məhz rəqabətsizlik mühitindən yaranır: “Üç mobil operator hətta öz aralarında da, demək olar ki, rəqabət aparmırlar. Rəqabət olmadığına görə mobil operatorlar istədikləri qiyməti qoya bilirlər. Tariflər də aşağı-yuxarı bir-birinə çox oxşayır. Qiymətləri çevrəmizdə olan ölkələrlə müqayisə etsək, Azərbaycanda mobil rabitə çox bahadır. Əsasən də rouminqdə internet qiymətləri çox bahadır. Daxildəki internetin qiymətləri digər ölkələrə baxanda həddən aryıq yüksəkdir”.

Natiq Cəfərli hesab edir ki, bu istiqamətdə rəqabət yaranmayana qədər və yaxud da antiinhisar qanunvericiliyinin işlədiyini görmədiyimiz müddətcə qiymət artımı davam edəcək.

“Gürcüstanda limitsiz həftəlik mobil internetin dəyəri bizdə gündəlik limitsiz internetin dəyərinə bərabərdir.

Rəqabətin üstünlüyünü, inhisarçılığın vurduğu ziyanı bu nümunə daha aşkar nümayiş etdirir.

“Bir çox hallarda isə qiyməti qaldırmaqda maraqlıdırlar”

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz Meydan TV-yə deyir ki, “Azercell”, “Bakcell” və “Nar Mobile” operatorlarının fəaliyyət göstərdiyi mobil bazarda sanki balanslaşdırılmış bir rəqabət var, sanki razılaşdırılmış bir tarif siyasəti var:

“Azərbaycanda istifadəçilər 4G-nin üstünlüklərini görə bilmədiyi halda, qonşu ölkələrdə 5G infrastrukturu qurulub. Onlarda müzakirə predmeti artıq 6G üzərindədir. Bizim mobil operatorlarımız isə bahalı trafiki, bahalı datanı satmaqla işlərini bitmiş hesab edirlər. Düşünürəm ki, belə bir vəziyyət Antiinhisar Dövlət Xidmətini və operatorlara bütün ölkə boyu fəaliyyət üçün lisenziya verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini ciddi narahat etməlidir. Hər iki qurum rəqabətin qarşısını alan amilləri araşdırmaq üçün monitorinqlər aparmalıdırlar”.

Osman Gündüz (sağda), Foto: Meydan TV

Osman Gündüz mobil internetin qiyməti məsələsinə də toxunub.

Onun fikrincə, qonşu ölkələrlə müqayisə etdikdə, Azərbaycanda mobil internetin qiyməti kifayət qədər yüksəkdir:

“Statistikaya baxanda, görmək olur ki, qonşu ölkələrdə mobil tariflər həm də azalmağa doğru getdiyi halda bizim operatorlar ən yaxşı halda uzun müddət qiyməti stabil saxlamaqda, bir çox hallarda isə qiyməti qaldırmaqda maraqlıdırlar”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button