Moskva Ukraynanın şərqində irəlilədiyini iddia edir
Rusiya ordusu Ukraynanın şərqində irəlilədiyini iddia edir. Ukrayna hakimiyyəti isə oktyabrın 27-də Xersonun mərkəzinin amansız hücumlara məruz qaldığını, azı iki dinc sakinin öldürüldüyünü açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin bir daha Kiyevi hədələyib. O deyib ki, Qərb müttəfiqləri Ukraynaya onun ərazilərinin dərinliklərini uzaqmənzilli silahlarla vurmağa icazə versə, Kreml buna cavab verəcək.
“Bunu hələ deməyə tezdir, ancaq hərbi idarəmiz bu barədə düşünür və müxtəlif reaksiyalar təklif edəcək”, – Putin oktyabrın 27-də dövlət televiziyasına deyib.
Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarına bu icazəni almaq üçün təzyiq göstərir. Qərb isə sərhəd regionundan kənarda belə silahların istifadəsinin münaqişəni genişləndirəcəyindən ehtiyatlanır.
Rusiyanın Müdafiə Nazirliyi ordunun İzmaylovka kəndini tutduğunu açıqlayıb. Ukraynanın bu kəndi Donetsk vilayətindəki Kuraxovo sənaye mərkəzindən şimalda yerləşir.
Xersonun mərkəzinə isə Rusiya dron və raket zərbələrini intensivləşdirib. Bu şəhərin 280 minə yaxın əhalisi olduğu bildirilir. Zərbələr nəticəsində iki nəfər həlak olub, yaralılar var.
Ukrayna ordusu cəbhədə vəziyyətin çətin olduğunu, düşmənin canlı qüvvə və avadanlıq məsələsində üstünlüyünü saxladığını bildirib.