“Mossad”dan “saat əməliyyatı”

İsrailin kəşfiyyat xidməti “Mossad” xarici ölkədə daha bir uğurlu əməliyyat keçirib.

Virtualaz.org xəbər verir ki, həyata keçirilən məxfi əməliyyat nəticəsində 1965-ci ildə Suriyada tutulan və edam edilən əfsanəvi İsrail kəşfiyyatçısı Eli Koenin qol saatı vətənə gətirilib. Bu haqda İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.

“Eli Koenin qol saatı bu yaxınlarda “Mossad” tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində İsrailə qaytarılıb”-məlumatda deyilir.

Baş nazirin dəftərxanası bildirir ki, qol saatı hazırda “Mossad”ın mənzil-qərargahındadır, amma bir müddət sonra kəşfiyyatçının ailəsinə veriləcək.

“Eli Koen 1965-ci ildə edam ediləndən sonra onun qol saatı düşmən ölkədə saxlanılırdı. Saatın qaytarılmasından sonra İsraildə onun həqiqətən kəşfiyyatçıya məxsus olduğunu təsdiqləyən araşdırma və xüsusi kəşfiyyat fəaliyyəti həyata keçirilib”-məlumatda deyilir.

“Mən “Mossad” əməkdaşlarını qətiyyətlərinə və mərdliklərinə görə təbrik edirəm, bu əməliyyatın yeganə məqsədi dövlətin təhlükəsizliyinə öz töhfəsini verən böyük döyüşçünün xatirə əşyasının İsrailə qaytarılması olub”-baş nazir Benyamin Netanyahu bildirib.

Eli Koen misirli yəhudi olub. 1962-1965-ci illərdə Suriyada “Mossad” agenti kimi qeyri-leqal kəşfiyyat fəaliyyətləri ilə məşğul olub. 1965-ci ildə ələ keçib və edam edilib. İsrail hakimiyyəti dəfələrlə onun qalıqlarının vətənə qaytarılması səyləri barədə bəyan edirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button