Mövsüm Səmədov yenə “kars”a salındı

Yalçın İmanov:  “Bu adama, hətta həbsdə də yaşamağa imkan vermirlər”

12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Azərbaycan İslam Partiyasının orada saxlanılan lideri Mövsüm Səmədovu cəzalandırmaqdan yorulmur. İyunun 30-da müəssisədəki cərimə kamerasından (“kars”) çıxarılan Mövsüm Səmədova ertəsi gün – iyulun 1-də yenidən daha on günlük “kars” cəzası verilib. Bu haqda “Azadliq.info”ya ilahiyyatçının vəkili Yalçın İmanov məlumat verib.

Müdafiəçinin sözlərinə görə, Mövsüm Səmədov bu dəfə özündə saxladığı kiçik “Quran”ı divardan asmaq üçün istifadə etdiyi ipə görə cəzalandırılıb:

 

“Mövsüm Səmədovun da kiçik bir “Quran”ı var, həmin ipin başındakı saxlancda “Quran”ı saxlayırdı. O ip də “Quran”ı yuxarıdan asmaq üçündü. Bu ipin tapılması müəssisədaxili intizam qaydalarının pozulması kimi qiymətləndirilib”.

Qeyd edək ki, 12 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlardan biri özünə xəsarət yetirdiyinə görə bütün otaqlara girib, axtarış aparıblar. Sözügedən ip də o zaman tapılıb.

Yalçın İmanov müvəkkilinin həyatından narahatdır. Deyir ki, ilahiyyatçının “kars”dan çıxarılandan dərhal sonra yenidən “kars”a salınması bir daha ona qarşı hansısa xoş niyyətli olmayan planlardan xəbər verir: “Adamı bu cür bəhanələrlə cəzalandırmaq səbəbsiz ola bilməz. Ya şəxsi qərəz var, ya hansısa plan var. Mövsüm Səmədov səbrli, sakit adamdı. Amma ona, hətta həbsdə də yaşamağa imkan vermirlər”.

Mövsüm Səmədov 2011-ci ildə həbs olunub. O, qanunsuz silah saxlamaq, dövlət çevrilişinə cəhd kimi ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Lakin Mövsüm Səmədov ittihamların saxta olduğunu, Azərbaycan hakimiyyətinin siyasətini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.

İlahiyyatçı bundan əvvəl də – 2014-cü il oktyabrın 9-da müəssisə rəhbərliyinin təqdimatı və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Saxlanma şərtlərinin sərtləşdirilməsi Mövsüm Səmədovun intizamı pozması ilə əsaslandırılmışdı. İlahiyyatçı 2016-cı il noyabrın 26-da 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdı. Elə qaytarıldığı gün də birbaşa cərimə kamerasına (kars) salınmışdı. Bundan sonra bir neçə dəfə Mövsüm Səmədova “kars” cəzası verilmişdi. Hələ o zaman vəkili Yalçın İmanov deyirdi ki, bu cəzaların məqsədi Mövsüm Səmədovu yenidən qapalı həbsxana rejiminə qaytarmaq üçün zəmin yaratmaqdır. Vəkilin dedikləri təsdiqini tapdı, müəssisə rəisinin təqdimatı ilə Qaradağ Rayon Məhkəməsi iyunun 14-də Mövsüm Səmədovun 3 illik həbsxana rejiminə köçürülməsi haqda qərar verdi. Qərardan apellyasiya şikayəti verildiyindən hələlik qüvvəyə minməyib. Ona görə də Mövsüm Səmədov hələlik 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Mövsüm Səmədov Azərbaycan Konstitusiyasına prezidentlik müddətinin artırılması, seçkidə namizəd üçün yaş məhdudiyyətinin aradan qaldırılması, ölkədə vitse-prezidentlik institutunun yaradılması və s. dəyişikliklər edilən ərəfədə Qobustandakı qapalı həbsxanasında saxlanılırdı. İlahiyyatçı bu dəyişikliklərə etiraz olaraq, orada aclıq aksiyası keçirirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button