MŞ-dan «Xural» qəzetinə qarşı cəza vasitəsi kimi istifadə ediblər!

 

 Azər Həsrət

Yeddi Dövlət Bir Millət Konseyinin başqanı

«Xural»a qarşı tərbiyəsizlik ediblər!

«Xural» qəzetinin Mətbuat Şurası tərəfindən «qara siyahı»ya salınması məsələsi çox təəssüf doğurur. MŞ-nın qurucularından biri də mənəm, iki il onun ilk qurucularından biri kimi fəaliyyət göstərmişəm, üstəlik MŞ-nın beynəlxalq aləmdə tanınması üçün də müəyyən addımlar atmışam. Yəni faktiki olaraq Azərbaycanda medianın özünütənzimləmə prosesinin başlanğıcında öz sözünü demiş, yeri olan biri kimi MŞ-nın fəaliyyətini təbii olaraq izləyirəm. «Xural» qəzeti ilə bağlı konkret olaraq bu qərarına gəlincə, MŞ-nın atdığı bu addımları yumşaq, mətbuata çıxa biləcək səviyyədə desəm, şiddətlə qınayıram. MŞ-nın bu qərarı absurdun absurdudur. Niyə?

Çünki Mətbuat Şurası bir qeyri-hökumət təşkilatıdır – QHT-dir. «Xural» qəzeti də o təşkilatın üzvü deyil, yəni «Xural» qəzeti könüllü şəkildə özü ilə məmurlar, vətəndaşlar arasında baş verən problemlərin həlli səlahiyyətlərini MŞ-ya verməyib və buna görə də MŞ onunla bağlı ərizəni belə qəbul etməməlidir. Yəni normal məntiq, qanun, ümumiyyətlə, beynəlxalq və milli təcrübə onu göstərir ki, MŞ «Xural»la bağlı istənilən müraciəti sadəcə olaraq, geri qaytarmalıdır ki, bu təşkilat bizim üzvümüz deyil, üzvümüz olmadığına görə də məsələyə baxa bilmərik. Amma bunların şikayətləri qəbul etməsi, üstəlik də ildırım sürətilə qərarlar çıxarması çox təəccüblü bir məqamdır. Necə olur ki, eyni vaxtda lənkəranlı, sabirabadlı, bakılı və s. bir araya gələrək «Xural»la bağlı şikayətlə MŞ-ya müraciət edirlər? Bunların hamısının bir yerdə şikayətlərinin qəbul olunması ondan xəbər verir ki, kimlərsə bu işi təşkil ediblər, MŞ-dan «Xural» qəzetinə qarşı cəza vasitəsi kimi istifadə ediblər və təəssüflər olsun ki, MŞ-da da bizim güvəndiyimiz, etibar etdiyimiz adamlar bu prosesin qarşısını almaq əvəzinə, onun iştirakçısına çevriliblər.

İndi «Xural»ın qarşısında açılan perspektiv ondan ibarətdir ki, qəzet rəsmən Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməlidir, qəzetin işgüzar nüfuzuna dəyən zərəri təmin etmək üçün dava açmalıdır. Təbii ki, Azərbaycan məhkəmələri ədalətli qərar çıxarmayacaqlarına görə, «Xural» qəzeti Avropa məhkəməsinə qədər bu prosesi aparıb çıxarmalıdır. Bu, məsələnin hüquqi tərəfi.

Digər tərəfdən isə «Xural» qəzeti Mətbuat Şurasına qarşı ictimai qınağı səfərbər etməlidir. Yəni bu gün Azərbaycanda ictimai-siyasi kəsimdə olan istənilən şəxs bu məsələyə münasibət bildirməlidir – ya lehinə, ya əleyhinə… 125 deputatın hamısı, medianın başında duran hər bir şəxs, jurnalist təşkilatları bu məsələyə reaksiya verməlidirlər. Yəni elə bir hüquq-müdafiəçisi, jurnalist, media təşkilatı qalmamalıdır ki, bu məsələyə münasibət bildirməsin. «Xural» qəzeti də öz növbəsində bütün bu münasibətləri bir yerə toplayıb kitab şəklində nəşr etməlidir – tarix üçün… Qoy görünsün ki, kim bu məsələnin arxasında dayanır, kim bu biabırçılığa imza atır, kim bu biabırçılığa qarşıdır. Şəxsən mən istəməzdim ki, adım belə biabırçılıqda hallansın. Ona görə də mən təbiidir ki, ağlı, düşüncəsi, məntiqi yerində olan bir insan kimi bu məsələdə «Xural» qəzetinin yanındayam. O ki qaldı hüquqi müstəvidən buna daha geniş aspektdən baxmaq məsələsinə, yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlarla da işləmək lazımdır. Azərbaycan qurumları ilə əlaqə saxlayan bütün beynəlxalq təşkilatlara bu biabırçılıq haqqında təfsilatlı məlumat göndərilməlidir və onlara izah edilməlidir. ATƏT-in media azadlığı üzrə nümayəndəliyinə, Avropa Şurasına, Avropa Birliyinə, Avropa Komissiyasına, diplomatik korpuslara… hər birinə məktub ünvanlanmalıdır. Bir səhifəlik məktubda onu diqqətə çadırmaq lazımdır ki, senzuranın ləğv olunduğunu iddia edən Azərbaycanda mətbuata tam nəzarəti əlində saxlamaq iddiası ilə fəaliyyət göstərən Mətbuat Şurası heç bir səlahiyyəti olmadan belə bir qərarın altından imza atıb. Təbiidir ki, MŞ ilə əməkdaşlıq edən və MŞ-nın tərkibində olub, ayrı-ayrı təşkilatları təmsil edən adamlara da qınaqlar yönəldilməlidir. Onların haqqında təmsil olunduqları beynəlxalq təşkilatlara müraciətlər getməlidir. Yəni bu məsələ heç də belə qala bilməz.

«Xural» Azərbaycan mediasının ən fərqli qəzetidir. Şəxsən mən ötən 20 illlik müstəqillik dönəmində müşahidə etdiyim, o cümlədən də içində olduğum bir mediada «Xural»ın doğrudan da tərəfsiz yanaşmasının şahidi olmuşam. Məsələn, bu gün Azər Həsrət olaraq prezident İlham Əliyevi «Xural»da tərif də, tənqid də edə bilərəm. Eyni zamanda, müxalifətin lideri olduğu iddia edilən adamları tərifləyə də bilərəm, tənqid də edə bilərəm. Bütün bunların fövqündə, hətta Əvəz Zeynallını da öz qəzetində tənqid edə bilərəm. Deməli, medianın azadlıq prinsipinin ən yüksək səviyyədə qorunduğu media vahidi olaraq biz «Xural» qəzetini qorumalıyıq.

«Xural» qəzetini ordan-burdan 5-10 manat rüşvət alan qəzetlərlə bir siyahıya salmağın adını tapmaq çətindir. Yumşaq desək, bu həqiqətən də tərbiyəsizlikdir. Bu qərarı çıxaranların özlərinin gedib rayonlarda icra başçıları ilə, yerli idarəçilərlə və sairələrlə yeyib-içmək məclislərinə qatıldıqlarını, hətta onlardan «hörmət» aldıqlarını hamı bilir. Bütün bu prosesin adını da belə qoyurlar ki, biz mətbuat adına rayonlara gedib, seminarlar keçirdirik. Hamısı boş şeylərdir. Bəyəm bu gün regionlarda mətbuat var? Kimin üçün seminar keçirirlər? Hansı rayonda bu gün normal qəzet çıxır?

Yəni bütün bunların fonunda düşünürəm ki, «Xural» qəzetini müdafiə edənlər birmənalı olaraq mövqelərini müəyyənləşdirməlidirlər. Şəxsən mən mövqeyimi cəsarətlə, heç kimdən çəkinmədən, ehtiyatlanmadan ifadə edirəm, axıra qədər də bu mövqedə qalmağı düşünürəm.

 

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button