MSK bələdiyyə seçkilərinə görə qanunu pozub: qayda var, cəza qeyri-müəyyəndir
Hüquqşünas: “Bunun məsuliyyətini Konstitusiya Məhkəməsi və Milli Məclis daşıyır”
Dekabrda Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə seçkilər keçirilməlidir.
Hər 5 il ildən bir Mərkəzi Seçki Komissiyası (MSK) seçkinin vaxtını müəyyənləşdirir və bu, dekabrın üçüncü ongünlüyünə təsadüf edir.
Sonuncu, altıncı bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutmuşdu.
Azərbaycanda bələdiyyə seçkiləri də majoritar qaydada keçirilir.
Seçki Məcəlləsinin 8.1. maddəsinə əsasən seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.
Məcəllənin 8.2. maddəsində qeyd olunub ki, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur:
“Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir”.
Ancaq artıq seçkilərə 54 gün qalsa da, Mərkəz Seçki Komissiyası (MSK) hər hansı açıqlama yaymayıb.
Meydan TV MSK ilə əlaqə saxlamağa cəhd etsə də, komissiyanın mətbuat xidməti zənglərə cavab verməyib.
“MSK ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb”
İqtisadçı Allahverdi Aydın da Seçki Məcəlləsinin 8.1 maddəsinə istinad edərək Meydan TV-yə deyib ki, bələdiyyə seçkilərinin keçirilməsiylə bağlı müvafiq qərar Mərkəzi Seçki Komissiyası tərəfindən verilir:
“Mərkəzi Seçki Komissiyası 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində müvafiq qərarı 66 gün əvvəl – oktyabr ayının 18-də verib. Ancaq hazırda bələdiyyələrin səlahiyyət müddətinin başa çatmasına 54 gün qalmasına baxmayaraq Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı qərar qəbul etməyib. Bu isə qeyd etdiyimiz kimi Seçki Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə ziddir”.
Seçki Məcəlləsində bələdiyyə seçkilərinin hansı hallarda təxirə salına biləcəyinə gəlincə, Allahverdi Aydın bildirib ki, qanunun tələbinə görə seçkilərdə namizəd olmadığı hallarda seçki təxirə salınır:
“İndiki halda Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı qərar belə verməyib. Əvvəlki illərdə heç vaxt bu cür hal qeydə alınmayıb. Bu il ilk dəfədir ki, Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı müvafiq qərarı vaxtında vermir. Belə görünür ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb”.
“Qanunvericiliyə görə 60 gün qalmış qərarın verilməsi məcburi qaydadır”
Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə deyib ki, məsələnin hüquqi-siyasi məsuliyyətini Konstitusiya Məhkəməsi və Milli Məclis daşıyır.
Səməd Rəhimli Seçki Məcəlləsinin 8.1 maddəsinə əsaslanaraq deyib ki, qanunvericilikdə seçkilərə 60 gün qalmış qərarın verilməsi göstərilir və bu, məcburi qaydadır:
“Məcəllənin 213-cü maddəsində bildirilir ki, 211.1 və 211.2 maddələrinə uyğun olaraq MSK bələdiyyə seçkilərini təyin edir. Hər iki maddədə isə bələdiyyələrin səlahiyyət müddətinin 5 il olması göstərilib. Bu müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Sonuncu seçki 2019-cu ilin dekabrın 23-də keçirilib. Bir daha təkrar edirəm, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, amma bu müddət yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Deməli, MSK artıq müddəti tətbiq etməlidir”.
“Burada sual yaranır: MSK bu qaydanı pozanda Seçki Məcəlləsinə görə, hansı məsuliyyətlə üzləşir və yaxud qanunvericiliyin bu pozuntusunun nəticələri nədən ibarətdir? İnzibati xətalar və cinayət məcəllələrində seçki tarixinin təyin edilməsinə görə hər hansı xəta və cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Bununla da MSK üzvlərinin xəta və cinayət hüquqi məsuliyyəti yoxdur. Həm də Seçki Məcəlləsində məsələ aydın şəkildə əks olunmayıb ki, qaydanın pozulması halında seçkinin aqibəti necə olacaq? Yəni qayda var, ancaq onun pozuntusu halında nə baş verəcək, ya da hüquqi məsuliyyət nədən ibarətdir suallarına cavab yoxdur. Yəni MSK-ya imperativ, məcburi səlahiyyət verilib, komissiya isə səlahiyyətindən istifadə etməyib və hətta bir müddət də gecikib. O zaman məsələni Konstitusiya Məhkəməsi və MSK-ya mandat verən Milli Məclis aydınlaşdırmalıdır. Bu qurumlar cavab verməlidir ki, MSK-nın səlahiyyətlərini yerinə yetirilməməsi nə ilə nəticələnə bilər. Bu baxımdan sualınıza cavab axtarışı Azərbaycan qanunvericiliyində qeyri-müəyyəndir”, – deyə hüquqşünas bildirib.
Səməd Rəhimlinin ilkin təhlilinə görə, MSK qaydanı pozub, amma bu qaydanın pozulmasının hüquqi nəticələri və hüquqi məsuliyyəti qeyri-müəyyəndir:
“Açığı bu mənim ilk qarşılaşdığım məsələ və ilk analizimdir. Amma birmənalı olaraq, bunun aydınlaşdırılması Konstitusiya Məhkəməsinin, siyasi məsuliyyəti isə Milli Məclisin üzərinə düşür”.
“Güman edirəm ki, qərarın verilməməsi COP29-la bağlıdır”
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı güman edir ki, MSK-nın seçkilərlə bağlı açıqlama verməməsi COP29-la bağlıdır:
“Halbuki müvafiq qanunvericiliyin tələbinə əsasən ən geci oktyabrın 23-də MSK qərar verməli idi. Məncə, MSK COP29-la əlaqələndirib, necə ki parlament seçkilərini buna görə önə çəkdilər. Seçki kampaniyası da COP29-a təsadüf edir. Hesab edir ki, MSK-nın qərar verməməsi absurddur. Bəlkə, bələdiyyələrin saylarının azaldılması qərarın qəbul olunmamasına təsir edir”.
Azərbaycanda bələdiyyə seçkilərinin qısa xronikası
Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib və ən çox bələdiyyə üzvü Yeni Azərbaycan Partiyasından olub.
Həmin il ölkədə 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirildi.
Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib.
Seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçildi.
Yanvarın 18-də Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında hakim Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini bildirmişdi.
O həmçinin bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdi.
Fevralın 1-də isə Siyavuş Novruzov müsahibəsində bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsinin vacibliyini və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının bildirmişdi.
Fevral ayının sonunda Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanun layihəsi daxil olub.
Oktyabrın 18-də Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Milli Məclis 1 400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.
Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2011, 2014 və 2019-cu illəri əhatə edir.