MSK seçkinin nəticələrinə dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

Yayımlandı: 11 Fevral 2024 21:14

11 məntəqənin nəticələrinin ləğv olunduğu bildirilir

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkisinin nəticələrinə dair protokolun Konstitusiya Məhkəməsinə təqdim edildiyi bildirilir.

Bu barədə fevralın 11-də MSK-nın iclasında qərar qəbul edilib.

Prezident seçkisinə dair protokolda hazırkı ölkə başçısı İlham Əliyevin 92,12 faiz (4 567 458 səs) səs topladığı qeyd olunub:

“Digər namizədlərə gəlincə, Zahid Oruc – 2,17 faiz (107 632 səs); Fazil Mustafa – 1,99 faiz (98 421 səs); Qüdrət Həsənquliyev – 1,72 faiz (85 411 səs); Razi Nurullayev – 0,80 faiz (39 643 səs); Elşad Musayev – 0,66 faiz (32 885 səs); Fuad Əliyev -0,54 faiz (26 517 səs)”.

Həmçinin, MSK-nın iclasında 11 məntəqənin nəticələrinin ləğv olunduğu bildirilir. Bu barədə komissiya sədrinin müavini Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, həmin məntəqələrin komissiyaları da buraxılıb:

41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb”. 

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib. Seçkiyə 7 namizəd qatılıb.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir. “Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button