MSK-ya yeni “nəzarətçi” təyinatı – hökumət Məzahir Pənahovdan şübhələnib, yoxsa…

Seçkiyə ayrılmış pullara nəzarət üçün Seçki Məcəlləsinə mühüm dəyişiklik edilir; ehtimal var ki, parlament seçkilərindən sonra Pənahovun yerinə yeni şəxs sədr gətiriləcək

Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri Mərkəzi Seçki Komissiyasında (MSK) və dairə seçki komissiyasında (DSK) yaradılan nəzarət-təftiş xidmətində təmsil olunacaq. Bu, Seçki Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Belə ki, məcəlləyə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.

Nəzarət-təftiş xidmətinə aşağıdakılar daxildir:

Nəzarət-təftiş xidmətinin rəhbəri;

həmin xidmətə təyin edilmiş seçki komissiyasının üzvləri, dövlət orqanlarından, Azərbaycan Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər. Göstərilən orqanlar və təşkilatlar müvafiq seçki komissiyasının sorğusu ilə seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq Mərkəzi Seçki Komissiyasının sərəncamına seçkilər müddətinə müvafiq mütəxəssislər göndərməlidir.

Qeyd edək ki, 2023-cü ilin büdcəsindən Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılıb. Bəzi iddialara görə, 73 yaşlı MSK sədri Məzahir Pənahov təqaüdə yola salına bilər. Məzahir Pənahov 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 21 ildir MSK-ya sədrlik eləyən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib.

M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

Məzahir Pənahovun varidatı haqda da zaman-zaman yazılıb, bu barədə internet resurslarında çoxlu məlumatlar var. Məsələn, Yenisabah.az yazırdı ki,  9-cu mikrorayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi, “Nizami” metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində bir evi, Zağulbada bağ evi, Nərimanovda, “Montin parkı” yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən möhtəşəm villası var. Üstəlik, bu qədər mülkə sahib olan M.Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib. MSK-ya ayrılan pullara indi Mərkəzi Bankın nəzarətçi təyin edilməsi haqlı suallar doğurur. Hökumət bunca il sonra niyə bu nəzarət mexanizmini işə salır? Ümumiyyətlə, belə bir nəzarət mexanizminə ehtiyac varmı? Məzahir Pənahovdan şübhələr var, yoxsa yolamı salınır?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, son dönəmlər Azərbaycan iqtidarı bütün sahələrdə maliyyə axınına nəzarəti gücləndirmək siyasətini yürüdür: “Nəzarət mexanizmlərinin tətbiqi üçün də qanunlara əlavələr edilir, yaxud yeni qanunlar qəbul edilir. Eyni zamanda maliyyə nəzarəti mexanizmini həyata keçirən qurumlara və ya komissiyalara hakimiyyətin ən sadiq adamları təyin edilir. Bu yaxınlarda hətta Müdafiə Nazirliyinə gənc bir şəxsi müavin təyin etdilər və həmin şəxs maliyyəyə nəzarət edəcək. Ona görə də mən düşünmürəm ki, Mərkəzi Seçki Komissiyasına da nəzarət-təftiş xidmətinin həyata keçirilməsi Məzahir Pənahovun şəxsi ilə bağlıdır. Dediyimiz kimi, yanaşma bütün büdcədən maliyyələşən strukturlara tətbiq edilir. Dövlət büdcəsindən ayrılan vəsaitlərin necə, hara xərcləndiyini nəzarətə almaq üçün belə bir mexanizm tətbiq olunur. MSK-ya ayrılan vəsaitlər nazirliklərə, komitələrə, dövlət agentliklərinə ayrılan maliyyədən kifayət qədər azdır. Yəni həmin qurumlarla müqayisədə MSK-da o dərəcədə nəhəng vəsaitlər dövr eləmir. Amma MSK üçün də belə bir nəzarət mexanizminə ehtiyac duyulubsa, deməli, ehtiyac var. Məncə, bu, Məzahir Pənahova etimadsızlıqdan qaynaqlanan addım deyil. Lakin ehtimal var ki, parlament seçkilərindən sonra Məzahir Pənahovun yerinə yeni şəxs sədr gətiriləcək. Yaxın iki ildə Azərbaycanda 4 seçki keçiriləcəyi ehtimal olunur – bir referendum, 3 seçki”.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, son zamanlar SOCAR, AZAL və digər dövlət qurumları yanında müşahidə şuralarının yaradılması istiqamətində addımlar atıldığını görməkdəyik. Bu müşahidə şuraları dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət funksiyasını da yerinə yetirirlər: “Çünki sirr deyil ki, bir sıra dövlət qurumlarında maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi üzə çıxır. Hesablama Palatasının rəylərində də biz bunu görürük. O mənada dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xəclənməsinə alternativ nəzarətin olması əhəmiyyətli məsələdir. Görünür ki, elə bu prizmadan da çıxış edərək Mərkəzi Seçki Komissiyasında Mərkəzi Bankın mütəxəssislərinin təmsil olunması ilə bağlı Seçki Məcəlləsinə əlavə edilməsi təklif olunub. Bəlkə də gecikmiş təklifdir. Təbii ki, Mərkəzi Seçki Komissiyasına mütəmadi olaraq dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə maliyyə ayrılır. Növbəti iki ildə ən azından ölkədə referendumun keçirilməsi gözlənilir, eyni zamanda bu iki ildə parlament, bələdiyyə və Prezident seçkilərinin keçiriləcəyi mütləqdir. Bu seçkilərə görə də MSK-ya böyük məbləğdə dövlət vəsaiti ayrılacaq. Həmin maliyyə vəsaitlərinə alternativ olaraq nəzarəti həyata keçirmək üçün Seçki Məcəlləsinə dəyişiklik edilir. Bu, tərəfimizdən yalnız təqdir oluna bilər. Çünki dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi əhəmiyyətli məsələdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button