MTN generalı Şıxəliyev:

Mahmudova “şef”, Allaha “sən” deyirdi...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və ötən ilin sonlarında həbs edilmiş general Mövlam Şıxəliyevin işi üzrə istintaq tamamlanıb. Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, Şıxəliyev mütəşəkkil qrup halında rüşvət alma və hədə-qorxu yolu ilə başqasının əmlakını ələ keçirmə kimi əməllərdə ittiham olunur.

Onun başçılıq etdiyi mütəşəkkil dəstəyə isə İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi Vüsal Ələkbərov, ibtidai istintaq İdarəsinin keçmiş rəis müavini Yasin Məmmədov, şöbə rəisinin keçmiş müavini Sahib Ələkbərov daxil olublar. Bu şəxslər MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş general Nizami Şirinovun işi üzrə fiqurantlar idi, amma istintaq onların istintaqını ayrıca icraata götürüb. M.Şıxəliyev 2008-2014-cü illərdə MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik edib, Mahmudovun bandasının qurbanlarından (iş adamları, digər imkanlı şəxslər, məmurlar…) milyonlarla manat rüşvətin alınmasına, habelə onların əmlakının ələ keçirilməsinə başçılıq edənlərdən biridir.

Baş prokurorluq bildirir ki, istintaq Mövlam Şıxəliyevin 14 milyon 292 manatı rüşvət qismində aldığına, 5 milyon 77 min manatlıq özgə əmlakını hədə-qorxu yolu ilə ələ keçridiyinə dair “əsaslı şübhələr müəyyən edib”. Habelə o, səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda şübhəli bilinir.

Mövlam Şıxəliyev o vaxt necə oldu ki, həbsdən yayındı?

virtualaz.org qeyd edir ki, Mövlam Şıxəliyev hələ 2015-ci ildə, MTN-dəki Mahmudov bandasına qarşı əməliyyatların və həbslərin aparılması zamanı istintaqa cəlb edilmişdi. Onun saxlanıldığı da xəbər verilirdi, amma sonra necə oldusa Şıxəliyev həbsdən yayına  bildi. Hərçənd MTN işi üzrə çoxsaylı məhkəmə epizodlarında şahidlər onun milyonlarla manatı rüşvət qismində necə təhdid edib aldığını danışırdılar və faktlar açıqlayırdılar.

2017-ci ilin fevralında Şıxəliyev keçmiş işçisi-başçılıq etdiyi idarənin şöbə rəisi olmuş Vüsal Ələkbərovun işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi. V.Ələkbərov sahibkarlara hədə-qorxu gələrək onların pulunu, əmlakını ələ keçirməkdə təqsirləndirilirdi.

M.Şıxəliyev həmin məhkəmədə “Texnikabank” ASC-nin (ləğv edilib,-red.) Bakı filialının keçmiş müdiri, əmanətçilərin pullarını mənimsəmək ittihamı ilə həbs olunmuş Zal Yusifovla birlikdə ifadə verib.

“Texnikabank” işi və Vüsal Ələkbərov: Zal Yusifov məhkəmə zalına gətirilir…

Z.Yusifov ifadəsində bildirib ki, bu cinayət işi üzrə həm özü, həm oğlu İslam, həm də qardaşı Camal təqsirləndirilən şəxs qismində cəlb olunublar: “Vüsal Ələkbərov mənə dedi ki, özünə 15, oğluna isə 8 il cəza verdirəcəm. Hökm elan olunanda Vüsal Ələkbərovun dediyi kimi də oldu”.

 

Zal Yusifovun sözlərinə görə, zərərçəkmiş (“Texnikabank”ın əmanətçisi) Nİzami Kazımov kürəkəni Samir Əbdülqasımovun adına banka 1 milyon 200 min manat depozit qoyub: “Hər ay da bankdan faizini alıb. Mən həbs olunandan sonra təcridxanada olduğum zaman dedilər ki, Nizami Kazımov və Hüseyn Səfərovla (bankın iri əmanətçilərindən olublar,-red.) üzləşdirmə olacaq. Fikirləşdim ki, bank işi ilə bağlıdır. Onların saxlandığı otağa gedəndə hər ikisinin qollarında qandal olduğunu gördüm. Dedim ki, bu nə məsələdir? Dedilər həbs ediliblər. Vüsal Ələkbərov dedi ki, bankda baş verən qanunsuzluqla bağlı bunların da xəbəri olub. Başa düşdüm ki, Nizami Kazımov bankdan pulunu tələb etdiyi üçün həbs edilib”.

Bir günün içində Nizami Kazımovun bankda olan pulunun yoxa çıxdığını deyən Z.Yusifov pulu kimin götürdüyünü bilmədiyini söyləyib.  “Vüsal Ələkbərov mənə dedi ki, Hüseyn Səfərovla Nizami Kazımovun hər biri 2 milyon dollar verib çıxıblar. Məndən də 2 milyon istədi. Həmin vaxt Vüsal Ələkbərovla razılaşmadım”,- o bildirib.

Nizami Kazımov: “Məndən 3 milyon istədilər, 2 milyon verib canımı qurtardım”

“Texnikabank”da əmanəti olmuş zərərçəkmiş Nizami Kazımov isə deyib ki, onu MTN-ə çağırıb 3 milyon manat tələb ediblər. Verməyəndə isə barəsində cinayət işi başlanıb, sifarişlə Səbail Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilməsinə nail olublar. Üç ay həbsdə qalandan sonra 2 milyon verib, canını qurtarıb – haqqındakı cinayət işinə xitam verilib.

M.Şıxəliyev isə məhkəmədə keçmiş işçisini – Vüsal Ələkbərovu müdafiə edib, onu “peşəkar əməkdaş” adlandırıb və “rüşvət aldığına inanmadığını” deyib, 2008-ci ildən “böhtan kampaniyasına” məruz qaldığını bildirib.  Sitat: “Bu böhtanı atanların istintaqını 2008-ci ildə Vüsal Ələkbərov aparıb. Həmin şəxslər “Texnikabank”a qarşı iddia qaldırıblar, pullarının qaytarılmasını istəyiblər. Lakin məhkəmə onların iddialarını təmin etməyib. Pulların Zal Yusifov tərəfindən mənimsənilməsi sübuta yetirilib. İndi pulları da Zal Yusifov qaytarmalıdır. Mən hesab etmirəm ki, Vüsal Ələkbərov kimdənsə rüşvət alsın”- Şıxəliyev o zaman məhkəmədə belə demişdi. Habelə bildirmişdi ki, zərərçəkənlərdən Nizami Kazımovu tanıyır, çünki onun adı “Texnikabank” işində keçib: “Buna görə də Nizami Kazımov məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində həbs qərarı dəyişdirilib və o ev dustağına buraxılıb. Nizami Kazımovla MTN-də görüşməyimi xatırlamıram. Onunla heç vaxt görüşməmişəm, pul söhbəti etməmişəm. Elə rəis olmamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim. Vüsal Ələkbərovun da Nizami Kazımovla söhbətini eşitməmişəm”.

“Mövlam Şıxəliyev dedi ki, nazirin tapşırığıdır, 2 milyon manatı Vüsala çatdırmalısan…”

V.Ələkbərovun işi üzrə digər zərərçəkmiş iş adamı, “Texnikabank”da pulları batanlardan biri Hüseyn Səfərov isə məhkəmədə ifadə verərkən Mövlam Şıxəliyevin ondan 2 milyon manat aldığını demişdi. Hüseyn Səfərov deyib ki, “Texnikabank”da pulu batandan sonra MTN-ə çağrılıb və ondan şantajla 2 milyon manatını, 2 kiloqram da qızılını alıblar. O da əvvəl pul vermədiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilib: “Mövlam Şıxəliyev dedi ki, nazir Eldar Mahmudovun tapşırığıdır, bu pulu düzəldib, Vüsala çatdırmalısan. Dedim ki, qoy 2 milyon manat nəzir payınız olsun. Sonra 1 milyonu yaxınlarım düzəldib gətirdi, məni buraxdılar. Qalan 1 milyonu da verəndən sonra cinayət işinə xitam verildi”.

Amma Mövlam Şıxəliyev Hüseyn Səfərovdan pul alması barədə deyilənlərin “yalan olduğunu” bildirmişdi.

Allaha “sən”, Mahmudova “şef” deyirdi…

Məhkəmədə zərərçəkmiş Nizami Kazımovla general Şıxəlyev arasında mübahisə düşüb. Bu zaman Kazımov generala “siz” deyə müraciət edib. Mövlan Şıxəliyevin isə “sən”deyə müraciət etməsi hakimi qəzəbləndirib və generala xəbərdarlıq edib: “Mən sizin aranızda olan söhbəti dinləyirəm. Nizami Kazımov sizə “siz” deyə müraciət edir. Amma siz burada ona “sən” deyə müraciət edirsiz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsız”. Mövlam Şıxəliyev isə hakimin xəbərdarlığına belə cavab verib: “Mən Allaha da “sən” deyə müraciət edirəm. Mən heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur”.

Zərərçəkmişlərin hamısı Mövlam Şıxəliyevin yalan danışdığını və bu olanlardan Eldar Mahmudovun da xəbərdar olduğunu deyiblər. General isə yenə də keçmiş nazirini müdafiə edib: “Nazirdən hər hansı bir göstəriş almamışam”.

Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu, həmin mülki necə aldığını məhkəmədə sual ediblər. Şıxəliyev isə deyilənləri təkzib etməyib və bildirib ki, “işindən əlavə bizneslə məşğul olub və özünə mülk alıb”.

Daha bir zərərçəkən generalı ifşa edir: “Dedi “şef”in göstərişi var, həbs edilməlisən”

İş üzrə zərərçəkənlərdən N.Rzayev isə məhkəmədə Şıxəliyevin öz əməllərini inkar etməsindən heyrətə gəldiyini ifadə edərək deyib: “Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənim evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mövlam mənə dedi ki, “şefin göstərişi var, həbs edilməlisən”. Mən Eldar Mahmudovu “Oboxees” işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min, daha sonra isə 500 min dollar istədi. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”. Mövlam Şıxəliyev bu deyilənləri də inkar edib.

Toyda Şıxəliyevə salam verdi, ertəsi gün MTN-ə apardılar və 1 milyon manatını aldılar

V.Ələkbərovun işi üzrə digər zərərçəkən, “Texnikabank”ın rəhbəri Etibar Əliyevin dostu olmuş, əvvəllər Azərbaycanda, daha sonra Rusiyada bina tikintisi ilə məşğul olan Akif Qurbanov idi. O, məhkəmə ifadəsində deyib ki, MTN İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyıb. Etibar Əliyev həbsdə olduğu dövrdə təsadüfən toyda Şıxəliyevi görüb, ondan “Texnikabank”la bağlı işin nə yerdə olduğunu soruşub. Ertəsi gün onu MTN-ə çağırıb, orada Vüsal Ələkbərovun otağına salıblar.

Və Ələkbərov orada onu hədələyib: Mənə dedi ki, dövlətçilik əleyhinə danışırsan, hökumətə qarşı çıxırsan. Bildirdim ki, mən YAP-ın üzvüyəm, vəsiqəmi də göstərdim. Başladı tikinti şirkətlərimi saymağa. Axşamacan saxlayıb, buraxanda da dedi ki, “sabah tikintilərlə bağlı icazə sənədlərini də götür, gəl MTN-ə”. Mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi bildirdim. Əvvəl müavini Təhsin Ağayevin yanına apardılar, sonra da özünün. Kabinetə girəndə, salam vermədim. Mövlam səbəbini soruşanda cavab verdim ki, “dünən toyda sənə salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm, tutub ya həbs eləyəcəksən, ya da asacaqsan”. Dedi ki, sən tikinti ilə məşğulsan, yoxlatdırsam, evindən 10 milyon pul çıxar. Dedim, sən məndən də çox tikinti işi ilə məşğulsan”.

M.Şıxəliyev Akif Qurbanovdan 1 milyon manat haqq verməli olduğunu deyib, bildirib ki, əks halda həbs olunacaq. “Dedim ki, bilirəm, şefiniz (Eldar Mahmudov) toy eləyir, cibxərci lazımdısa, 10 min manat verim. Təhsin Ağayev qışqırdı ki, “boş-boş danışma”. Mənim özümün də, oğlanlarımın da həbs olunacağını dedilər”,-zərərçəkmiş bildirmişdi.

Akif Qurbanov deyib ki, 1 milyon manatı şəxsən Vüsal Ələkbərova verib, o da pulu Mövlam Şıxəliyevə çatdıracağını bildirib: “Vüsal Ələkbərov burada icraçı olub, yəqin ona da həmin puldan 5-10 faiz çatıb”. Zərərçəkmiş qeyd edib ki, MTN-in tikinti işlərinə də qarışdığını görəndən sonra ölkəni tərk edib: “Gördüm ki, burada mümkün deyil”.

Maraqlıdır ki, həmin məhkəmə prosesində Mövlam Şıxəliyevin əleyhinə çoxsaylı şahid ifadələrinin səslənməsinə, dəlillərin açıqlanmasına baxmayaraq MTN-nin keçmiş baş istintaqçısını məsuliyyətə cəlb etməyiblər. Onun əməlləri yalnız 2020-ci ilin sonlarında “yada düşüb” və Mövlam Şıxəliyev həbs edilib. Və indi istintaq onun əməllərini sübuta yetirəcək tutarlı dəlillər topladığını bildirir və Şıxəliyev bu dəfə təqsirləndirilən statusunda məhkəməyə çıxarılacaq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button