MTN generalının villasında dava: “Qapını bağlayıb, 30 dəqiqə içəridə saxlayıb…”

132996_res_01

Xural.com virtualaz.org saytına istinadən xəbər verir ki, general Teymur Quliyevin villasında işləyən iki ustaya qarşı istintaq tərəfindən irəli sürülən rəsmi ittihamın məzmununu əldə edib.

İttiham aktından məlum olur ki, həbs olunan qardaşlardan biri Ramil Aslanov iş icraçısı kimi generalın Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev 34 saylı ünvanda yerləşən yaşayış evinin tikintisində təmir bərpa işlərinə rəhbərlik edib. İşdə zərərçəkən kimi tanınan Elmir Həsənov isə evin təmirində usta kimi işləyib. Tərəflər villarının üzlük işlərinin ay yarıma tamamlanması üçün 2015-ci ilin mayında razılaşıblar, bu məqsədlə “podratçı” qismində çıxış edən Aslanov 45 min manat verməliydi.

Lakin ittiham aktından məlum olur ki, iş prosesində “podratçı” ilə icraçılar arasında pul üstündə mübahisə yaranıb. Aslanov qardaşları ilə zərərçəkən arasında dava isə general Quliyevin işdən çıxarılması, MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı ərəfəsinə təsadüf edib.

Belə ki, 7 oktyabr 2015-ci ildə evin üzlük vurulması işlərini görmüş Elmir Həsənov ona ödənilməli olan 28 min manat pulu Ramil və Vasif Aslanov qardaşlarından tələb edib. R.Aslanov isə danışdıqları puldan artıq xərclərinin çıxdığını bəhanə edərək pulu verməkdən imtina edib. Bununla bağlı E.Həsənov və Aslanov qardaşları aralarında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Aslanov onu təpiklə vurub. Aslanov qardaşları həyətdəki işçiləri qovaraq çölə çıxarıblar və dəmir qapını içəridən bağlayıblar, E.Həsənovu 30 dəqiqə ərzində villanın həyətində saxlayaraq qanunsuz azadlıqdan məhrum ediblər.

Qeyd olunan əməlləri törətdiklərinə görə Ramil və Vasif Aslanov qardaşları barəsində həbs qətimkan tədbiri seçilib və onlara qarşı Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələri ilə (adam oğurluğu ilə bağlı olmayan) ittiham irəli sürülüb. Cinayət işinin istintaqını Nərimanov rayon prokurorluğu aparıb.

R.Aslanov istintaq zamanı ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. 20 ildən artıqdır ki, tikinti sahəsində çalışdığını, 1995-ci ildən müxtəlif tikinti obyektlərində usta, briqadir işlədiyini göstərib.

İfadəsində sabiq general T.Quliyevin evində onunla eyni rayondan olan  qayınatasının göstərişi ilə 10-15 il əvvəl də işlədiyini göstərib. Sonradan sabiq generalın mənzilindəki təmir işlərinə nəzarət edib, T.Quliyev özü də arada gəlib işin gedişatı ilə maraqlandığını bildirib.

E.Həsənova gəlincə isə ifadəsində evin çöl fasadının daşla üzlənməsi üçün 32 min manata danışdıqlarını, ilkin olaraq 10 min manat pul verildiyini, lakin bir neçə gündən sonra yenidən pul tələb etdiyini, işi başlasa da sonradan yarımçıq qoyduğunu göstərib. V.Aslanov da istintaq averdiyi ifadəsində ona irəli sürülən ittihamlarla razılaşmayıb.

Aslanov qardaşlarının vəkili Adəm Məmmədov isə deyir ki, bu ittiham quramadır və həbs olunan şəxslərlə zərərçəkən qismində tanınan Həsənov arasında mübahisə  əslində pul üstündə ustalar arasında baş vermiş mülki xarakterli mübahisədir. Vəkilin bildirdiyinə görə, Aslanov qardaşları indiyədək başqa yüksək mənsəb sahiblərinin də mülklərini təmir edib, ancaq heç vaxt onların adından istifadə etməyiblər. General Teymurovun villasını təmir etmək isə cinayət deyil. Aslanov qardaşları mübahisə zamanı generalın adını çəkməyib və Həsənovu onun adından istifadə edərək hədələməyib. Vəkil istintaqa təqdim olunmuş 20 dəqiqəlik səs yazısında da heç bir vəzifəli şəxsin adının qeydə alınmadığını bildirib.

*   *   *10:57

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş iki qardaş həbs edilib.Bu barədə  vəkil Adəm Məmmədov bildirib.

A.Məmmədovun Facebook səhifəsində yazdığına görə Aslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlunun həbsi ilə əlaqədar üç aya yaxındır ki, onların hüquqlarını müdafiə etdiyini bildirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs müddəti iki ay uzadılıb.

Generalın villasında usta işləmiş bu şəxslərə qarşı irəli sürülən ittihamın təfərrüatları açıqlanır. Lakin irəli sürülən maddəyə əsasən belə demək mümkündür ki, bu şəxslər adam oğurluğuna təqsirləndirilirlər. Başqa sözlə, istisna deyil ki, bu şəxslər general Teymur Quliyevin villasında işləyərkən həmin əməli törədiblər. Ancaq bu işdə generalın özünün rolu haqda məlumat yoxdur. Yaxın saatlarda bu işlə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.

Bununla belə vəkildən onu dəqiqləşdirmək mümkün olub ki, həbs edilən şəxslər Qazaxıstan prezidentinin, Dağıstanın ədliyyə nazirinin, Azərbaycanda bir sıra yüksək vəzifəli şəxslərin villalarında da təmir işləri həyata keçiriblər. Vəkil onların həbsinin “qanunsuz olduğunu” irəli sürür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button