MTN-in prinsipial məsələsi budursa…

 Mətbuat Şurası bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinə müraciət eləmişdi ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmasını sürətləndirsin.

Bu olduqca önəmli, xüsusilə mühüm, dünyanı yerindən oynadan müraciətə MTN dünən cavab verib. Deyir ki, bu «cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir».

Həmkarlarımız da elə bilirdilər ki, Elmar Hüseynovun qanı batırılıb. Demə, 2005-ci il martın 2-də baş verən cinayət hadisəsindən üzü bəri MTN hərəkət edirmiş, gecə-gündüz demədən, «fasiləsiz surətdə» əlləşirmiş əməlli-başlı.

O boyda topu-topxanası, cəbbəxanası, peşəkarları olan MTN-nin dediyinə görə, 6 il 7 aydır ki, «1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər» həyata keçirilib, «İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib», ancaq Gürcüstanın bundan xəbəri yoxdur.

Hələ bir müddət əvvəl Eynulla Fətullayev qətli törətdiklərinə MTN-nin heç bir şübhəsi olmayan, «axtarışa verilmiş» Tahir və Teymurazı Gürcüstanda arın-arxayın gəzərkən tapmışdı, Gürcüstan dövləti rəsmən bildirmişdi ki, belə şəxslərin tutulması ilə bağlı Azərbaycandan hansısa axtarış qərarı almayıb. Bəs, 6 il 7 aydır MTN hansı «hərəkətləri» eləyir? Fasiləsiz surətdə «1000 istintaq hərəkəti» eləyib şəhid düşməkdənsə, vaxtında Gürcüstana niyə rəsmi müraciət edilmirdi?

MTN məktubunda yazır ki, «bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilmələrinin… təmin edilməsi prinsipial məsələdir».

Vay dədə, vay! MTN-nin hələ prinsipial məsələsi buymuş, gör, prinsipsiz məsələsi nə gündədir! «Prinsipial» saydıqları bir cinayət işinə görə qatilləri 6 il 7 aydır tuta bilmirlərsə, MTN-in prinsipləri nədir, görəsən?

Məktubun axırında MTN lap gül vurub, lirikaya keçib, ədəbi esse yaradıb, «başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur» deyib, «gec-tez onlar tutulub istintaqa təhfil veriləcək» yazıb və bəyanlayıb ki, onların tutulması istiqamətində «istintaq-əməliyyat tədbirləri bir an səngimədən davam edir».

Günümüzə bax, İlahi! MTN görün nəyi «başlıca» sayır? Yəni bilet əlimizdədir, qatar heç yerə tərpənə bilməz?

Hörmətli Eldar müəllim, «gec-tez» nədir? «Gec» nəyə deyirsiniz? 6 il 7 ay «tez» sayılırsa, sizin «gec» hesab etdiyiniz ölçü vahidi neçə işıq ilini nəzərdə tutur?

Bu nə ölkədir axı?! Bunun baş prokuroru Zakir Qaralov deyir ki, «rüşvətxorluğa qarşı mübarizə lazımi səviyyədə getmir» – sanki rüşvətxorluğa qarşı mən mübarizə aparmalıyam;

Bunun Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov deyir ki, «Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb və seçki mədəniyyəti kifayət qədər mənimsənilib» – sanki sosial şəbəkələrdə yayılan və 2010-cu il parlament seçkisindəki saxtakarlığı çılpaqlığı ilə ortaya qoyan videogörüntülər Almaniyada çəkilib, beynəlxalq təşkilatların hesabatları Birləşmiş Ştatlar haqqında verilib və bizə qətiyyən aidiyyatı yoxdur;

Bunun Milli Təhlükəsizlik Nazirliyi də məktub yazır ki, bir an səngimədən, gecə-gündüz demədən çalışırıq, «1000» dənə istintaq hərəkəti həyata keçirmişik, qatili tapa bilməsək də, «başlıca» işi görmüşük – sanki o boyda qurum Eynulla Fətullayevdən zəif işlədiyini görüntüləməkdən ötrü əldən-ayaqdan gedir.

Bu ölkənin axırı hara gedir?

Bəlkə, MTN bunun da «proqnozunu» versin? Maşallah, deyəsən, çekistlər əvəzinə nostradamuslar yığışıb ora!

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button