MTRŞ sədri: “Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir”
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu sahədə müəyyən boşluqlar var: “Bu boşluğu aradan qaldırmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 %-i peykdən televiziya siqnalı alır. Peykdə artıq məhdudlaşdırma var. Çünki bu bir resursdur”.
MTRŞ sədri bildirib ki, əgər bir şəxs haqqında televiziya və radioda hansısa məlumat gedirsə və bu həmin şəxsin xoşuna gəlmirsə, ondan narazıdırsa operativ qaydada məhkəməyə müraciət edilməlidir: “Əks halda bu şikayət edilə bilməyəcək. Kimsə gedib evində oturur, birdən yadına düşür ki 3 il əvvəl hansısa saytda, kanalda onunla bağlı nəsə məlumat getmişdi. Bu şikayət 1 ay ərzində verilə biləcək. Televiziyada, saytlarda söyüş olmamalıdır. Əvvəlki qanunlarda bu cərimələr daha sərt idi. İndiki qanunda bunu bir az yumşaltmışıq və 24 saat onun yayımına məhdudiyyət qoyulacaq”.