Müəllimə rektora üsyan etdi: “Siz ADU-nun sultanısınız, yoxsa?..”

Pərvin Mürsəlova

ADU-nun işdən azad edilmiş müəlliməsi, dissertantı

 

Gənc müəllimə Pərvin Mürsəlova: “Prezident yeni dövlət-vətəndaş formatı hazırladığı halda Kamal Abdulla hələ də Sovet dövründə ilişib qalıb”

 

Kamal Abdulla yaradıcı, innovativ, qurucu mütəxəssisləri işdən kənarlaşdırır ki, savadsız heyət üzvlərinin ətaləti pozulmasın…

 

Cənab Prezident İlham Əliyev son dəfə media çıxışında islahatlar paketinin davamlı olacağını vurğuluyaraq yeni dövlət-vətəndaş formatından bəhs etdi, eyni zamanda bu islahatların mənəvi əhəmiyyətini bəyan etdi. Ölkə rəhbərliyi ictimai davranış sahəsində yeni inqilab ərsəyə gətirdiyi halda, Kamal Abdulla kimi məmurlar hələ də bu islahatların mahiyyətindən xəbərsiz kimi keçmiş Sovet dövrünün Stalin erasında – şəxsiyyətə pərəstiş prinsiplərindən çıxış edərək ölkənin  stratejik əhəmiyyətli universitetini yararsız təcrübə və vərdişlərə əsasən idarə etməkdə israrlıdır. Cənab prezident “Asan” xidmətin özəlliklərini nümunə kimi vətəndaşlara təqdim edərək ictimai xidmət mərkəzində rüşvətxorluğun, korrupsiya və kobudluğun sıfıra endirilməsinin vacibliyini vurğuladı.

Hörmətli Kamal Abdulla, sizə üz tuturam, sizcə hələ də nəticələr çıxarmaq vaxtı gəlib çatmayıb? Prezident kobudluğun sıfıra endirilməsi istiqamətində ciddi göstərişlər verdiyi halda, siz hələ də kobud ifadələrdən istifadə edərək akademik heyətə müraciət edirsiniz və ağsaqqal, qocaman professor-müəllim heyətimiz repressiya psixologiyası təsirindən qaynaqlanaraq sizin ərk etdiyinizi söyləyir, sizə acizanə şəkildə haqq qazandırırlar.

Ölkə prezidenti İlham Əliyev deyir: “Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir – Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər.”

ADU-nun rektoru Kamal Abdulla

 

Hörmətli rektor! Prezidentimizin göstərişini rəhbər tutaraq sizə bir daha xatırlatmaq istərdim ki, siz ADU-nun sultanı yox, Azərbaycan vətəndaşının xidmətçisisiniz. Siz ali-savadlı, gənc kadrları universitetdən kənarlaşdırmaqla və rəhbər vəzifələri səlahiyyətsiz şəxslərə həvalə etməklə, eyni zamanda tələbələrin  təhsil səviyyəsini artırmaq məqsədindən uzaqlaşdırmaqla həm xalqa, həm dövlət və dövlətçiliyə ciddi şəkildə xəsarət yetirirsiniz və daha doğrusu, siz xalqa xəyanət edirsiniz.

“Eyni zamanda Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir” – ölkə prezidenti əlavə etmişdir.

Bir vətəndaş kimi ölkə rəhbərliyinin göstərişini əsas götürərək özümə borc bildim ki, sədaqətlə xidmət etdiyim təhsil ocağında olan qüsurları müzakirə etmək üçün aidiyyatı qurumların diqqətinə çıxarım. Düşündüm ki, bununla müstəqilliyimizin möhkəmlənməsi uğrunda mənim də kiçik xidmətim olsun. Bu arada ölkə rəhbərliyi dövlətin inkişafında gənclərin əhəmiyyətli rolunu qeyd etdi və onların quruculuq və islahatlar fəaliyyətlərinə cəlb olunmasının mühümlüyünü vurğuladı. Lakin Kamal Abdulla yaradıcı, innovativ, qurucu, mütəxəssisləri işdən kənarlaşdırır ki, savadsız heyət üzvlərinin ətaləti pozulmasın.

Dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır” – deyir ölkə prezidenti İlham Əliyev.

Siz kimin yanındasınız, hörmətli rektor? Məlum olduğu kimi fevral ayının 11-də sizin əmrinizlə mənim əmək müqaviləmə xitam verilmişdir və bir sözlə, universitetdən kənarlaşdırılmışam. Bu əmrdə fərqli müddəalar sadalanmışdır. Onlardan biri tədris işləri üzrə prorektor Əfqan Abdullayev tərəfindən verilən rəydir, hansı ki, Təhsil Nazirliyinə ünvanlanan məktubu kollektiv üçün qəbul edilməz və təhqiramiz sayıb.

Əfqan müəllim, sizin vəziyyətinizi çox yaxşı başa düşürəm. Aydındır ki, müəyyən təzyiqlər altında bu rəyi yazmalı olmusunuz. Əfqan müəllim, xatırlayıram, biz tələbə olarkən siz dekan olaraq, masanızın üzərində qonşu ölkələrdən birinin keçmiş prezidentinin şəkli yer almışdı. Bizə bir müəllim və dekan kimi nəsihət edərək həmin prezidentlə bir universitetdə təhsil aldığınız xatirələri söyləyərək kədərlənirdiniz. Necə oldu ki, o şəxs prezident olduğu halda siz ADU sərhədlərini aşa bilmədiniz? Əfqan müəllim, düşünürəm sizə də artıq bu gileyin səbəbi aydındır. Əfqan müəllim, niyə mənim bir rektor barəsində yazdığım şikayət məktubunu kollektiv üçün təhqiramiz sayırsınız, axı, mənim məlumatıma görə, siz sovet repressiya və şəxsiyyətə pərəstiş prinsiplərinə həmişə qarşı olmusunuz və biz tələbələrinizin gözündə modern fikirlərinizlə yadda qalmısınız. Niyə bir şəxsin davranışlarına qarşı olan tənqidi və müxalif fikirlər kollektivə zidd fikirlər kimi təqdim olunur?

Adıçəkilən əmrdə HİK-in sədri Misgər Məmmədov tərəfindən verilən qərarla Nazirliyə ünvanlanan başıbəlalı məktub böhtan xarakterli müraciət hesab olunub və kollektivdə şəxsiyyətlərarası münasibətləri pozduğuna, normal pedoqoji prosesin və sağlam iqlimin pozulmasına şərait yaratdığına görə mənim, yəni Pərvin Mürsəlovanın Universitetdə qalıb işləməsinə etiraz olunub.

Misgər müəllimə sadəcə bir sualla müraciət edirəm. Hörmətli HİK-in sədri! sizcə Kamal müəllimin “həyasız”, “atbalaxanım”, “keybalaxanım”, “qanmaz” “az” “ədə” və sair qeyri-etik ifadələrlə rəsmi iclaslarda akademik heyətə müraciəti  sağlam iqlimi pozmur, ancaq mənim cənab Nazirə şikayət məktubum kollektivdə şəxsiyyətlərarası münasibətləri pozur? Təəssüflər olsun  ki, Kamal Abdullanın məhz şikayət məktubumun araşdırılması üçün qondardığı “Etik davranış komissiyasının gücləndirilmiş iclasında” məni “şəxsiyyətsiz və qürursuz” adlandıraraq 50 nəfərlik komissiya iştirakçılarının gözü önündə bağıranda HİK-in sədri kimi siz də bu səhnənin tamaşaçısı idiniz. Misgər müəllim, siz yalnız rektorunmu müdafiəçisisiniz? Bəs həmkarlar necə olsun?

Həmin əmrdə qeyd olunur ki, “bundan əlavə Filologiya və jurnalistika fakultəsi nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Mürsəlova Pərvin Akif qızı tərəfindən İngilis ədəbiyyatı fənnindən birləşmələrdə 2018-ci il dekabr ayında müxtəlif qruplarda aparılan dərslər üzrə tələbələrin sərbəst işlərinə verilən balları və semestr boyu tələbələrin üçüncü qiymətinin qeydiyyatını dərs jurnalında aparmadığı aşkarlanmışdır”

Bu fakt təmamilə yalandır və yalan olmasını təstiqləyən jurnal ümid edirəm dekanlıqdadır. Eləcə də Nazirlikdən komissiyanın göndərilərək bu faktın yoxlanılması kifayət olacaqdır.

Əmrin digər bir müddəasına gəldikdə isə, adı əmrdə keçməyən, ancaq dəfələrlə tələbələrdən rüşvət almaqda adı hallandığına görə, Təhsil fakultəsində dekan müavini vəzifəsindən qovulan, lakin Kamal Abdullanın təyinatından sonra yenidən vəzifəsinə bərpa olunan Qorxmaz Mustafabəyli çox sıx qohumluq əlaqəsi olduğu Türkan Mustafabəyli, Aytac Mustafayeva və “415 a” qrup nümayəndəsi Nərgiz Qurbanova, eləcə də 31 tələbəni, ümumi “patok” üçün təyin edilmiş imtahan günündən fərqli bir gündə – 01.02.2019-cu il tarixində şişirtmə qiymətlərin vədində fəal iştirak etmiş və istəyinə nail olmuşdur. Yuxarıda adlarını qeyd etdiyim tələbələr isə bu “yaxşılığın” əvəzində məni “rəhbərliyə qarşı çıxmağa çağırış etməklə” təhdid olunduqlarını söyləmişdilər və mənim barəmdə ciddi tədbirlərin görülməsini xahiş etmişdilər.

Həmin əmrdə həmçinin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri fil.e.d.,prof Aynur Zakir qızı Sabitovanın təqdimatına əsasən heç bir üzürlü səbəb olmadan 29.01.2019-cu il tarixdən işə gəlməməyim qeyd edilmişdir. Bununla bağlı 32 müəllim imza çəkmişdir.

Rektorun və komandasının gücləndirilmiş iş rejiminə keçərək şər və böhtanlar limitsiz paketində sənəd oğurluğundan tutmuş siyasi iğtişaşa qədər ittihamlar yer aldığı üçün ruhi vəziyyətimi və sağlamlığımı qorumaq məqsədi ilə aidiyyatı qurumlar məsələyə münasibət bildirənəcən universitetə getməkdən imtina etdim.

Aynur Sabitovaya gəldikdə isə, “əvəzolunmaz” mütəxəsis kimi saylı idarəçilik vəzifələri Ədliyyə Nazirliyindən başlamış və ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsində bitdiyi üçün Sabitovanı kafedramızda görmək şərəfinə nail olmağımız biz müəllimlər üçün həmişə “toy-bayrama” çevrilmişdir. Cənab prezident struktur islahatlarından danışanda yəqin ki, bu tip məsələləri də nəzərə alıbmış. Aidiyyatı orqanlardan, xüsusilə Ədliyyə Nazirliyindən xahis edirəm ki, bu məsələni araşdırsın. Bilirik ki, kafedra müdirliyi çox məsuliyyətli və ciddi şəkildə vaxt ayrılması tələb edən bir vəzifədir. Necə olur ki, bir şəxs həm kafedra müdiri vəzifəsini həyata keçirir, həm də Ədliyyədə çoxşaxəli fəaliyyətlərlə məşğuldur. Ona görə də Xarici ölkələr ədəbiyyatı kafedrasının işi həmişə qüsurlu olmuşdur.

Ümumi işlər üzrə prorektor Tural Cəlilov şikayət məktubumla əlaqəli müzakirələr zamanı seyfində xeyli qaranlıq məqamların aydınlaşdıra bilən sənədlərin mövcudluğunu bildirmişdir. Ümid edirəm ki, o “qara qutunun” qapısı nə zamansa açılacaq.

Son olaraq:

Özümlə şərəfli və ləyaqətli bir müəllim kimi qürur duyuram, çünki Kamal Abdullanın limitsiz şər-böhtan paketində şəxsim haqqında nə savadsız, nə müəllimliyi bacarmayan, elmi tədqiqatında plagiat olan və ya rüşvət ittihamları yer ala bilməmişdi. Bütün bunlara baxmayaraq, rektor yuxarıda adı çəkilən “gücləndirilmiş” komissiyada mənim bacarıqlı mütəxəsis olduğumu etiraf etmişdir.

 

Xural.com

 

P.S. Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button