MÜƏLLİM – O ŞƏRƏFLİ AD!

Əvəz Zeynallı

 

Muradxan Huseynin doğum günüdür bu gün. Onu çoxdan – “Xural”ın ilk günlərindən tanıyıram. Mənim ən etibarlı, ən sədaqətli, vəfalı dostlarımdan biri olub, biridir Muradxan. Həyatını da “Xural”da bağlayıb Günellə. “Həri”lərini almışıq, toylarında ürəyimizcə iştirak etmişik. Onun balaları Bəsti və Tuncay həm də mənim nəvələrimdir. Rashad Vaqifoglunun balaları da elədir. O da mənim sədaqətli dostlarımdan biridir. Ailə həyatı qurandan sonra da həyatları rəvan olmayıb Muradxanla Günelin. Zəmanəmizə xas olan çətinliklər görüblər, ağrılar-acılar yaşayıblar. Muradxanın bir dəfə yanacaq doldurma məntəqəsində işləyəndə məndən utanaraq uzaqlaşdığı günləri görmüşəm.
Amma… Amma o, hər zaman “Titanikin orkestri” anlayışı ilə işləyib. Sona qədər yəni… Yorulmayıb, bezməyib, əzilməyib, sınmayıb – çəkici dəmirə vura-vura gedib. “Cəhd çarıq yırtar” deyib Atalar. Muradxan da inadı və səbri ilə çarıq yırtıb…


İndi o, olkəmizin ən savadlı və ləyaqətli müəllimlərindən biridir. Səmimi, saf, gül kimi adamdır Muradxan Huseyn. Onun bir neçə dəfə dərslərini müşahidə etmişəm. İki qızımı ona əmanət edib, “əti sənin sümüyü mənim” demişəm. Uşaqların qənaətlərini, Muradxan müəllimin yanaşmalarını təqdir etdiklərini, ondan bir müəllim kimi çəkindiklərini, dərslərinə məsuliyyətlə yanaşdıqlarını, həm də onu sevdiklərini görmüşəm. Qürur duymuşam Muradxanla. Sinəm qabarıb. Axı, mən də onun müəllimi sayılıram az buçuk. Bunu özü də deyir bəzən, ona görə burada yazmaqdan çəkinmirəm.
Mənim böyük və iddialı kollektivimdən Azərbaycan üçün faydalı olan tək adam deyil Muradxan, amma çox önəmli adamdır. İndi onun yüzlərlə, bəlkə də minlərlə tələbəsi var. Tələbələri onu sevir, ona ata kimi, əmi kimi, qardaş kimi, dost kimi yanaşırlar. Bu günü öz əzizlərinin doğum günü kimi qeyd edirlər. İndi Muradxan Huseyn ölkəmizin tanınmış və sevilən müəllimlərindəndir. Hər zaman “Titanikin orkestri”ndə olduğunu bilir və onun fərqindədir. O sadəliyini qoruya bilib. İndi Muradxan həm də mənim dəyər verdiyim, hamını istiqamətləndirdiyim müəllimdir, öz duruşu və tutduğu doğru yolla.


Onu təbrik edirəm. O, bu ölkənin balalarını o qədər gözəl gələcəyə hazırlayır ki, zamanında Böyük Gələcək haqqında düşündüklərimi onun yetişdirdiyi tələbələrlə quracağımı düşünməkdən özümü ala bilmirəm bəzən. Muradxan Huseyn artıq ölkəmizə lazımdır. Dəyərli və gözəl insan-müəllim-pedaqoq-tərbiyəçi kimi.
Qoy Səni “Titanikin orkestri” anlayışı heç tərk etməsin, Muradxan! Və heç bir zaman “Titanikin orkestri”nin vəziyyətinə də düşməyəsən! Sənə uğurlar olsun, can qardaş! Tələbələrini beləcə Vətən üçün yetişdir! Bir gün onların bəhrələrini Böyük Azərbaycan da görəcək, buna əmin ol! Mən əminəm, bilirsən!

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button