Müəllimin Zariltisi Və….

Mirzə Sakit

Bissimillahir-Rəhmani-Rəhim…

Nə istəyirsiniz bu fağır və binəva müəllimdən, niyə qoymursunuz bu adam rahat şəkildə öz mübarək əcəl sezonunu başa vursun? Ağzı illərlə məktəb qapısı kimi açıq qalan bu ləzzətli kişi ömrünün qürubunu yaşamaq üçün cani-dildən ciddi-cəhdlə Əzrayıl müəllimin hüzurunda şaquli vəziyyətdə dayanaraq, “bə-çeşm” xülyasında bulunur. Siz də deyirsiniz ki, yox, bu adam cəzasını almalıdır. Nə qədirbilməz insanlarsınız siz… Neyləməli idi bu xörtdənək ki, siz onu alqışlayaydınız. Məsələtün, bu məllim tutalım ki, bütün ali və alisiz məktəblərdə təhsil alan cocuq və iri cocuq balalardan filan qədər aldığı rüşvəti həzmi-rabedən keçirməklə, həm də məktəblərdə savadsızlığın əsasını qoymağı məharətlə bacardı. Məgər bu istedad deyilmi? Niyə bunu dəyərləndirməyi özünüzə yaraşdırmırsınız? Müharibə və atəşkəs olan ölkədə xancalınızın gümüşümü düşəcək? Bu anası ölmüş məllim yesə-yesə cəmi iki yüz milyon manatdan artıq yeyə bilməz axı… Lap canı cəhənnəmə, üç yüz milyon olsun… Bundan artıq bu dümbələk məllim nağayrıb ki, onun xəstələnməsinə hamınız sevinirsiniz… Dədə-babalarımız xəstələnən insanlara həmişə Allahdan şəfa diləmişlər, inşallah. Əlbəttə, söhbət insandan gedir. Bunun da pasportunda insanlığını təsdiq edən sübutlar var. Düzdür, bunun pasportu da başının üstündəkinin pasportu kimi şübhəli olsa da, hər halda adamın şəxsiyətini və yaxud şəxsiyyətsizliyini təsdiq edən bir rəsmi sənəddir. Qardaşlar və bajılar, qismən də olsa o məllimin ağıllı və alicənab olmasına biganə qalmayın.
Dünən mən həmən o məllimə zəng edib sağlamlığı haqda məlumat almaq istədim. Amma təəssüf ki, elə o məllimin vicdanı olmayan kimi telefonumun da konturu olmadı… Çar-naçar qaldıqdan sonra axır ki, yoldan keçən bir əcnəbiyə dedim ki, a ser, olarmı sənin telefonundan bir “vız” atım. Ser də çox mehriban təbəssümlə telefonunu mənə uzatdı və dedi ki, “vız” niyə a qağa, ürəyin istəyən qədər danışa bilərsən. Haman saniyə məllimlə əlaqəyə girdim. Telefonun o başından əvvəl bir zarıltı, sonra zırıltı, daha sonra xırıltı, axırda da bir mırıltı səsi gəldi. Onu da deyim ki, məllimin telefonunda “zəngimsell” var idi. Səhv etmirəmsə, orada “İmam Hüseyn müsibəti”dən bir ağı idi… Elə kövrəldim kiiiii… İndi bu yazıq şoğəribə necə rəhm etməyəsən axı. Tutaq ki, bu məllim təhsiz sahəsində şəksiz və şəriksiz vicdansızın birisidir, bəs bizim vicdanımıza noluf axı… Uzun illərin uzundraz təhsil akkordunun zümzüməsinə həmişə ləzzətlə necə qulaq asmışıqsa, indi də məllimin zarıltısına, zırıltısına, xırıltısına və gözəl, məlahətli səslə çıxardığı mırıltısına da eyni ləzzətlə qulaq asmalıyıq.
Hörmətli təhsilsevər xalqımıza da indidən xavar verib bildirməliyik ki, işdi şayədir şəyatindir… bu məllimin başına bir iş gəlsə, Azərbaycan təhsilinin gələcək bayram günlərini o günə salınması haqda təqvimdə qələmin ucu ilə həmin tarixə bir deşik açmaqı unutmasınlar. Şəxsən mən o qədər rahatam ki, ovcumun içini gördüyüm kimi bilirəm, məllimin başdaşında gələcək nəsillər nə yazacaqlar və nə edəcəklər…
Məmləkətimizin bütün məktəblərində vicdanına soyuq dəyən bəzi məllimlər var ki, onlar da həmin başdaşının böyründə şöngüyüb öz ilhamverici yekə məllimlərinin mırıltılarını qəti şəkildə davam etdirəcəklər, inşallah və maşallah.
Gəlin, hamılıqla xəstə məllimin tezliklə sağalıb mitildən ayağa durmasını arzulayaq. Çünki o bizə çox yaxın gələcəkdə diri-diri lazımdır. Ölüb aradan çıxmağa nə var ki? Odeeeeyy, indi də deyirlər ki, vicdanı bu məllimin vicdanına oxşayan birisini də xərçəngə rast gəldiyinə görə xaricə aparıblar. Elə bil bunların hamısının qulağına səs dəyib ki, tez olun hamınız kütləvi şəkildə xəstələnin. Yoxsa əyənnən nataraz bir İnqilab əmi gəlir. Hamınızı yeyəcək. Bunlara kimsə başa salıb ki, a xərçənglilər, İnqilab əmi adamyeyən deyil, manyak və Diktatoryeyəndir. Ona görə də məllim və məllimkimilər fəsiləsindən olan suda-quruda yaşayanlar bərk təşvişə düşüblər…
Yə Rəbbim, sən özün bu cüreyn məllimlərdən xalqı xilas et. Öz yaratdıqların xatirinə İnqilab əminin də biletinin tez alıb gəlməsinə şərait yarat…

Əssəlamün-əleykə-və rəhmətullahi-və-bərəkatuhuuuuu…

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button