Müasir yazarlar niyə ziyalıya çevrilə bilmir?

Rüstəm Behrudi, Anar, Elçin, Zəlimxan Yaqub kimi bütpərəst deyiləm

 Əli Kərimli olsun, istər İsa Qəmbər olsun, bizləri qəbul etmir – bunların da beyni yeniliyə açıq deyil

 «Cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə ziyalı deyilir” – bu sözü ilk dəfə 1844-cü ildə polşalı K.Libert savadlı təbəqənin vəhdəti anlamında işlətmişdi. Amma hazırda «ziyalı» təkcə «əqli əməklə» məşğul olana deyil, həm də vətəndaş mövqeyi nümayiş etdirənə şamil olunur.

Bir müddət öncə Azərbaycan Ziyalıların Forumu keçirildi. Forum çərcivəsində bir sıra ictimai-siyasi mövzular müzakirə edildi.

Forumda iki ədəbiyyat adamı – Ramiz Rövşən və Əkrəm Əylisli də iştirak edirdi. Hakimiyyət əleyhinə ən sərt çıxışları da onlar etdi. Bəs, görəsən, Azərbaycan cəmiyyətində müasir yazarlar indiki anlamda ziyalıya çevrilə bilirmi?

 Yazıçı siyasətə təsir edə bilmir

 Şair Səlim Babullaoğlu:

“Ziyalının və yazıçının sözü çox nadir hallarda gündəmi dəyişəcək gücdə olur. Bilirsiniz, bu bir qədər xülyadır. Bəli, ola bilər ki, bir yazıçının əsəri 100 min tirajla nəşr olunsun. Amma bu, heç də o demək deyil ki, yazıçı siyasətə və idarəetməyə təsir edə bilər. Qətiyyən belə deyil. Ümumiyyətlə isə ədəbiyyat evolvasiyaya xidmət edən vasitədir, yaxud olmalıdır. Siyasət isə cərrahi metodlarla işləyir, kütləni, çoxluğu ifadə edir, yaxud etməlidir!»

 Sözü hörmətdən salıblar

 Yazar Eyyub Qiyas:

“Əvvəl ziyalı savadlı mənasında işlənirdi. İndi əhatə dairəsini genişləndirib, «ziyalı» dedikdə savadından əlavə nüfuz, şəxsiyyət, mənlik, sosial güc də nəzərdə tutulur. Odur ki, bizim cəmiyyətdə bu sadalanan tələblərə cavab verə bilən ziyalı olmaq çətindir. O ki qaldı yazarlara, yazar söz və nüfuz sahibi olmalıdır. Bu gün sözü qiymətdən elə salıblar ki, söz adamına hörmət itib. Ona görə də yazarlarımızın ziyalıya çevrilə bilmələri bir az müşkül məsələdir».

 Yazıçıdan çox şey umulur

 Şair Salam Sarvan:

“Azərbaycan yazıçısının üstünə o qədər əlavə öhdəliklər qoyurlar, o qədər əlavə keyfiyyətlər umurlar ki, onun yazıçı olmağa vaxtı və enerjisi qalmır. Azərbaycanda yazıçıdan – ziyalılıqdan tutmuş peyğəmbərliyə qədər – hər şey tələb olunur».

 Ziyalıların kökü kəsilib

 Şair Rasim Qaraca:

“Hazırda Azərbaycanda sözün mütləq mənasında ziyalı, intelligensiya yoxdur, ola da bilməz. Sovet NKVD maşınının apardığı təmizləmə siyasəti uzun illər boyunca bu zümrənin kökünün kəsilməsinə səbəb olub. Onillər boyunca ortaya çıxan ziyalılar (müstəqil düşünən və ictimai təfəkkürü olan aydınlar) təqib və məhv edilib, Asif Atanın timsalında bunu görmək olar. Müasir yazıçıları deyil, daha öncəki onillərin yazarlarına baxsanız, onların da ziyasını yalnız süni elektrik lampasıyla müqayisə etmək olar ki, yandırıb-söndürmə düyməsi kənarda kiminsə əlinin altında olub hər zaman».”

İnsanlarımız kölə təfəkkürlüdür

 Yazıçı Seymur Baycan: “Müasir Azərbaycan yazıçısı ziyalıya çevrilə bilmir. Çünki mən Rüstəm Behrudiyə, Anara, Elçinə, Zəlimxan Yaquba və s. bənzəmirəm, bunlar kimi geyinmirəm, bunlar kimi düşünmürəm, bunlar kimi bütpərəst deyiləm. Səbəblərdən biri də onların savadsız olmağıdır. Mən hansı mənbələrə ki istinad eləmişəm, hansı ədəbi təmayüllərdən qaynaqlanmışam, onların bundan xəbərləri belə yoxdur. Hətta tənqidçilərimiz bu adları eşitməyib. Mən sevilmədiyimin, qəbul edilmədiyimin fərqindəyəm. Bu, mənim doğru yolda olduğumu göstərir. Çünki bizim insanların beyni qısırdı, insanların böyük əksəriyyətində kölə təfəkkürüdü, onlar yeniliyi qəbul etmirlər. Əgər siz fikir versəniz, görərsiniz ki, xalqın Zəlimxan Yaquba qarşı münasibəti həddindən artıq tollerantdı. Hamı deyir ki, Zəlimxan Yaqub istedadlı adamdı, heyf ki, bir az yaltaqdı. İstər Əli Kərimli olsun, istər İsa Qəmbər olsun, istərsə də onların ərafındakılar – bizləri qəbul etmir. Bunların da beyni yeniliyə bir o qədər də açıq deyil. Mən dəqiq bilirəm ki, onların bizə qarşı olan münasibətləri səmimi münasibət deyil. Onlar hələ də «60-cıları» daha çox istəyirlər. Digər tərəfdən də sevinirəm ki, ömürlərini Fəxri Xiyabanda dəfn edilməyə qurban vermiş adamlara oxşamıram. Nə qədər ki, biz onlara bənzəməyəcəyik, o vaxta qədər ziyalı kimi qəbul olunmayacayıq».

 Ziyalının yetişməsində hakimiyyət maraqlı deyil

 Yazıçı Elxan Xanəlizadə:

“Azərbaycan yazıçısı ona görə ziyalıya çevrilə bilmir ki, yazıçının auditoriyası süni şəkildə məhdudlaşdırılıb, kitaba maraq süni olaraq gözdən salınıb. Özü də bu təkcə hakimiyyət tərəfindən deyil, həm də kitab işi ilə məşğul olanlar tərəfindən həyata keçirilir. Yazıçıların fikirlərini daha geniş auditoriyaya çatdırlmasına imkan olmaması bu səbəblərdəndi. Ölkədə böyük Oxucu kütləsi olan bir neçə qəzet var ki, onlar da ədəbiyyata yer ayırmır. Yalnız bir neçəsi yer ayırır ki, onların da Oxucu kütləsi nə qədər geniş deyil. Oxucu azlığı yazıçının sözünün dəyərdən düşməsinə səbəb olur. Bundan başqa, Azərbaycanda ədəbiyyat adamları tək yazmaqla məşğul olmurlar, həm də yaşamaq uğrunda mübarizə aparırlar. Artıq insanlar hansısa yazıçının adını çəkəndə onun adının yanında mütləq başqa bir peşə yapışdırırlar. Çünki o, məcburdur, işləməli və yaşamalıdı. Kitab satışı ilə isə yaşamaq mümkün deyil. Azərbaycanda kim deyirsə ki, kitabdan minimum beş min pul qazanmışam, o, gözünün içinə qədər ağ yalan deyir. Hələ kitab satışından maşın, ev alma yalanlarını demirəm. Özü də kim deyirsə ki, mənim kitabım təkrar çap olunub, bunun özü də böyük yalandı. Azərbaycanda yazıçının ziyalıya çevrilməsi nə hakimiyyətə, nə də heç kimə maraqlı deyil».

 Ziyalılıq adekvatlıq təşkil etməməlidir

 Yazıçı Murad Köhnəqala:

 «Azərbaycanda yazıçının ziyalıya çevrilməsində problem var. Ancaq bəzi yazarlarımız var ki, onların ziyalı olacaqlarına ümid etmək olar. Çünki onlar siyasi-ictimai məsələlərdə fəallıq göstərirlər.»”

 Naşir Şahbaz Xuduoğlu:

«Təkcə yazıçının ziyalı olmasını gözləmək doğru deyil. İqtisadçı da, hüquqşünas da, biznesmen də, bank işçisi də ziyalı ola bilər. Əlbəttə, əgər o, öz maraqlarını güdmürsə, cəmiyyətin maraqlarını üstün tutursa, onu qaldırırsa və işıqlı gələcəyin konturlarını göstərə bilirsə, məncə, elə bu, ziyalı deməkdir. Ziyalılıq adekvatlıq təşkil etməməlidir. Bu mənada yazıçının sözü eşidilmir. Onun kitabı da alınmır».

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button