Mübarizəni YAP-la yox, Azərbaycan xalqı ilə aparmaq lazımdır!

Aydın Canıyev

“Xural”ın Lənkəran Bürosunun Rəhbəri

Milli Mətbuat günündə təəssüratlarım…

İZAHAT ƏVƏZİ: Rayonda tanıyan-bilən “İşləmirsən? Yazıların çıxmır” soruşanda gülümsəyib deyirdim: “işləyirəm, oxuyarsınız”. Yazmamağımın niyəsinə Mətbuat Günümüzdə son qoydum. Adi bir o səbəbdən ki, bunları məndən başqa bir kimsə yazmaz. Fəqət… bu yazıya görə nəticə çıxarıb düşünməkdənsə, yenə də hamı düşünəcək: “…hələ də ağıllanmayıb e!” Və unudacaqlar  – “ağıllanmışıam” nəyə və kimə lazım ki?! Yaş qırxı keçib…

YADDAŞ ÜÇÜN:

Cümlə Qafqazın, o cümlədən Azərbaycanın şeyxülislamı Hacı Allahşükür Paşazadə Lənkərandandır!

Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli Lənkərandandır!

DİN Narkotiklərlə Baş Mübarizə İdarəsinin rəisi Həzi Aslanov əslən Lənkərandandır!

Fəqət… Lənkəranda bir qisim təbəqə elə bilir ki, sahə müvəkkili işi xətm elədisə, Allah da xətm edər.

Fəqət… Lənkəranda bütöv bir kontingent – indiki dönəmdə müəllimlər – Hadı Rəcəblinin qardaşının sayeyi-mərhəmətindən hələ də qanuni əmək haqlarını ala bilmirlər və yaxud da bütün qanunlar tapdalanandan sonra alıblar.

Fəqət… Lənkəranda narkomanlar artıq açıq-açığına adamlara girişir ki… onları “qonaq” etsinlər!

Belə olan halda, mən gərək dini, sosial və ictimai çatışmazlıqlar barədə yazmayım. Hər halda mən nə “polkovnik”əm, nə general-mayor… heç sədr də deyiləm. Bəs onda niyə mən?

Axırda deyərəm…

 

Şeyxin Allahdan xəbəri yoxdur?!

 

Əstəğfürullah!!! Var xəbəri. Amma o bizim hamımızdan yaxşı bilir ki, hərə öz yerinə ölür və külli-aləmin sahibi hərəni öz əməlinə görə mühakimə edir, mükafatlandırır. Bəs onda şeyxlik nə üçün? Şəriət qayda-qanunlarına riayəti təmin etmək üçünmü? Şeyx neyləməlidi? Hər rayona axund təyin eləməlidi? Eləyib! Rayon axundu da kənd axundlarını. Düzdümü? Rayon axundu Sədi də təyin eləyib. Day nə qaldı ki?

Bu sətirlərin yazıldığı sübh namazı vaxtına və sahibinə and olsun ki… şeyxin heç nədən xəbəri yoxdur!!! Bu yaxşıdır və yaxud da pis, onu deyə bilmənəm. Amma onu da deyə bilmənəm ki, Yerin altını da, üstünü də və hətta Göyün də içində nələrin olduğunu bilən şeyx həzrətləri nədən bilmir və yaxud onun icraatında olan icraçılar niyə xəbərdar etmir ki… onun doğulduğu rayonda baş verənlər Allahsızlığın, Allahı tanımamazlığın təcəssümüdür, sahə müvəkkilinin və müstəntiqin qərarının İlahidən xilas olması əminliyinin təsdiqidir.

ƏVVƏLA: bir kəndin mollası öz arvadından başqa üçünü də siğə eləyib, uşağı olmur. Üstəlik də kəndin lotuları İrandan “müqəddəs” adı ilə eşşək gətirib (!!!) bunu mindiriblər tərsinə ki, min, uşağın olacaq. Molla da bunu edib – camaatın gözü qabağında! Ya şeyx, bu molla qalmalıdı yerində? Ya mütləq mən deməliyəm bunu sizə?

SONRA: Məhərrəmlik dönəmində məsciddə (bəhanələrinə bax: məscidin özündə olmayıb ki, talvarda olub da) rus qızı ilə orgiya təşkil olunub. Proses istirakçılarından biri kənd məscidi mollasının köməkçisidir. İş ört-basdır edilir.

Doğrudanmı, şeyxin mollalarını attestasiyadan keçirmək fikri yoxdur?

ƏN AXIRDA: Niyə kənd axundları təyin edilərkən üstünlük İranda təhsil alan mollalara verilir? Bə onda neynirsiniz Azərbaycandakı dini tədris ocaqlarını? Bu müdavimləri harada istifadə edəcəksiniz?

AĞILLI ADAMLARIN ETİRAZI: Belə şeyləri yazmaq ayıbdı!!!

Bu ağıllı adamlar gör kimdən ayıb bilirlər!!! Allah yada düşmür e!!!

Allah bilər, Şeyx bilər, mollaları bilər! Biz bağışlamadıq!!!

 

İltifat Əhmədovla Əlimərdan Əliyev Tofiq İbrahimovu dolayırlar!!!

 

Bəri başdan deyirəm – Lənkəranın mövcudluğu tarixində onun Tofiq İbrahimov qədər əhali içində özünü abırlı aparan və tabeçiliyində olanlarla mülayim və humanist rəftar edən ikinci bir rəhbəri olmayıb, olmayacaq. Tofiq İbrahimov sələflərindən fərqli olaraq nə özü birbaşa, nə də yardımçı vasitələrlə işə götürdüyü, eləcə də işə götürməyib tabeçiliyində olanların ana-bacısını “yağlamır”. Zeynal Nağdəliyev cüssəsiz idi deyə söyəndə özü də eymənirdi ki, birdən deyərlər “nəynən Alış”, tez də lopatkanın dəstəyindən “yararlandığını” əlavə edirdi. Süleyman Mikayılov ar-abır bilmədən elə birbaşa ekrandan ana-bacı saxlamırdı.

Tofiq İbrahimovun hər ikisindən fərqi odu ki, o, vəzifə xatirinə hər cür rəzilliyə razı şərəfsizləri vəzifə ilə şərəfləndirməyib. Fəqət… Zeynal Nağdəliyevlə Süleyman Mikayılovun tör-töküntülərindən hələ də qaldığından, arada pərxaşlıq yaranır.

FAKT 1: “Lənkəran” qəzeti müstəqillik illərindən ilk dəfə Tofiq İbrahimovun dönəmində öz hesabında maliyyə vəsaitinə malik olub. Onun şəxsi göstərişi ilə qəzetin hesabına pul da köçürülüb, abunə də yazdırılıb. Amma və lakin… Tofiq İbrahimovun bu –  doğrudan da – ATALIQ QAYĞISI “aftafa-lüləy” misalını dillərə salıb! Niyə?

Redaksiyanı maddi imkansızlıqdan tərk edən professionalları, ömrünü bu qəzeti yaşatmağa sərf edənləri təzədən işə cəlb etməkdənsə, qəzetin redaktoru İltifat Məhərrəmoğlu götürüb oğlu Səbuhi İltifatoğluna 30 ilin jurnalisti Xudaverdi Cavadovla bir tayda tutaraq 136 manat maaş yazır. Handa ki, bu Səbuhi İltifatoğlu həm də və eyni zamanda Lənkəranda şirə zavodunda işləyir – gör e, a kişi, Lənkəranda o qədər iş yeri açılıb ki, birinə ikisi düşür!!! Ay sizi “tənbəl lənkəranlılar”, işləmək istəmirsiniz, statistikada da kişilərin zəhməti “puça” çıxır!!!

Ayda iki dəfə çıxan qəzetin çap xərci hər dəfəyə min manat olmaqla iki min manat silinir. İndi ay Bakıdakı qəzetçilər, siz deyin, bu, Tofiq İbrahimovu dolamaqdı, ya dolamaq deyil? Əlbəttə, dolamaqdı!!!

Bəs Əlimərdan Əliyev nədən “günahkar”? Hə-ə, bu sahəyə o nəzarət edir – başçıya jurnalistləri tanıtmaq, görüşdürmək, haqlarında arayış vermək onluqdu. İltifat Əhmədova 7 illik nəzarəti dövründə quşun erkək-dişisini göydə bilən Əlimərdan Əliyevin nədən ağlına gəlməyib ki, maaş cədvəli ilə işçiləri bir dəfə yoxlasın, qonorarı hesablatdırsın, yazılarla tutuşdursun? Gəlməyibsə… onda niyə o maaşı alır, gəlirsə.. niyə zikkəsi qalxmır? Bu, Tofiq İbhahimovu dolamaqdı, ya dolamaq deyil? Dolamaqdı!

Bunlar öyrəşiblər Zeynal Nağdəliyevlə Süleyman Mikayılova. Tofiq müəllim də elə adam deyil. Dilişirin, həlim, xoşsifət. Otaqdan çölə də çıxmır. Süleyman Mikayılov şəhərə çıxanda müdirlərin ətrafında qalmaq olmurdu – üfunət iyi basırdı ərazini.

Mənim Tofiq İbrahimova doğrudan böyük hörmətim var, əmbə… görsəm ki, Tofiq İbrahimov Lənkəran camaatının ödədiyi vergidən, müəssisələrdə alın təri ilə qazanılan puldan köçürtdürdüyü vəsaitin İltifat Əhmədov tərəfindən təracına da humanistlik göstərir, vallah, humanistlik də mənim gözümdən düşər. O day onun öz işidi ki, onu aldatmaqlarını-dolamaqlarını bağışlayar, ya bağışlamaz.

SÖZARASI: Heydər Əliyevin oğlu Heydər Əliyevdən sonra oldu onun yerində. Amma özüm ölüm, Məhərrəmin oğlu İltifat Heydər Əliyevdən də cəsarətlidi. Hələ özü yerində dura-dura, oğlunu da yanında işlədir. Gözəl ənənə yaratdırdı Ulu Öndər!!!

Heydərə olar, İltifata olmaz!? İlhama olar, Səbuhiyə olmaz!? Nədi ki, balaca bir redaksiyadı da. Odey, Vüqar Səfərli oğlunu “Mövqe” qəzetinə redaktor gətirib, müsabiqədə də birinci yeri verib – 1.000 manat, 136 manat nədir ki, Səbuhi üçün?!

Bu yazını yazmazdan əvvəl İltifat Əhmədova təklif etdim ki, məni də götür ştata, yarı bölərik. Əməlli-başlı qanunpərəstlikdən danışdı. Adam bilmirdi ki, bu gün üçün deyirdim – sən başçıdan utanmırsan utanmırsan, qanunlara tüpürürsən tüpürürsən, axı bir vaxtlar sənin yazını ar-abıra salıb qəzetə verən, səni universitetdən qovulmaqdan xilas eləyən ağsaqqal və ustad jurnalistlərdən – Qüdrət Cəfərovdan, Barat Kərimovdan, Xudaverdi Cavadovdan niyə utanmırsan?

Dəfələrlə soruşdum ki, doğrudan İltifat belə iş görür, axırda qayıtdılar ki, deyəsən, bizi dolamısan.

Əgər təkrar-təkrar soruşmaq dolamaqdısa, bunu təkrar-təkrar eləmək dolamaq deyil, bəs nədi?!

 

FAKT 2: İcra Hakimiyyətində məsləhətçi, yoxsa sutenyor?

 

Deməli, Lənkəran mənim qəsdimə durub – Moskvadan üzübəri gəzirəm, əhvalımı düzəldib qayıdıram Lənkərana, 12 ballıq zəlzələ qopur içimdə. A kişilər, siz fikir verin: anası arvadını, arvadı da anasını məhkəməyə verən birini gətirib qoyublar İcra Hakimiyyətində məsləhətçi. Bu da neyləsə, nəylə məşğul olsa yaxşıdı? Götürüb yaşadığı binada bir müəllimədən “mamaroza” düzəldib, bunu təlimatlandırıb ki, qızları yoldan çıxar və onları müdirlərlə görüşdür. Görüş başlayan kimi də İcra Hakimiyyətinin məsləhətçisi həzrəti-Əlinin zülfüqarı kimi girir içəri… çölə şamtutan statusunda çıxır (day orasın da deyə bilmənəm ki, nəyin müqabilində).

ZƏRURİ İZAHAT: Məsləhətçinin adını ancaq və ancaq qız atası olduğuna görə yazmıram, başqa heç bir halda heç bir normanı gözləməzdim! Tofiq İbrahimov üçün maraqsız deyilsə, şəxsən görüşüb də açıqlaya bilərəm. Ümid edirəm ki, Tofiq İbrahimovun müdirləri Tofiq İbrahimov həqiqəti soruşanda özləri deyər.

Mollasından xəbərsiz şeyxlə məsləhətçisindən bixəbər başçının nə fərqi?

Mən inanmıram ki, həmin məsləhətçi o müdirlərdən aldığı puldan başçı Tofiq İbrahimova aylıq verir, amma axı bəs nədən eləsi orda?

Axı mənim Sizə böyük hörmətim var, Tofiq İbrahimov!!! Nəyə and içim inanasınız? And olsun qələmə! And olsun mətbuat gününə!!!

 

MƏQSƏD: YAP-la yox, xalqla mübarizə lazım…

 

Son ayların müşahidəsi və faktlar məni məcbur etdi bu qənaətə gəlim.

Belə ki… vəzifədə və nadanlıqda olanların sayı üç-beş dılğırdan, beş-on düdəmədən, yeddi-səkkiz danqazdan, bir altı-yeddi də dəmbə-dəmbə gəzib daqqa-daqqa danışan üfləmədən keçmir. Amma və lakin Lənkəranın iki yüz mini çoxdan keçən əhalisinin bu adamlara təpki göstərə, onları ictimai qınaqla yerində oturda bilməməyi düşündürdü. Nədən böylə???

Təsəvvür edin: adam 13 metrlik zalda sərinkeşin altında tumanda oturub kompüterdə çatlaşır, balaları 20 kvadratmetrlik boğanaq bir evdə qınaq-sərki altında can verir. Ana da Azərbaycanın bütün döngə-dalanlarından dədəsi evinə ər qismində sevgili dəvət edir, “kolleksiya” yığır – ehtiyat etmirəm də ki, beləsini də adamı zərəzsizləşdirmək üçün üzə saxlayarlar.

20 yaşında oğlan dayısının maşınını qaçırır, özü də həlak olur, üç uşaq atasını da qəhr edir.

30 yaşında üç uşaq atası xalası oğlunun maşınını təyyarə sürəti ilə sürür və… onsuz da ağlar olan anasına daha bir ağlar ana əmanət edir.

40 yaşında oğul Moskvada dünyasını dəyişir – ehtiyatsızlıqdan!

Oğul ananı, qardaşı öldürməklə hədələyir ki… tez olun… narkotik pulunu gətirin. Qonşu məcbur olur polis gətirir. İki il iş verirlər.

İki uşaq anası baldızının ərinə qoşulub qaçır!!!

…Və həm də YAP-la ona görə mübarizə aparmaq lazım deyil ki, bu xalqın adından danışan söz-qələm əhli İlham Əliyev iqtidarının qucağında olanının qucağında olanına sığınanın qucağında olanına gənəşir, ancaq meydana çıxanda “hə”izmlə mübarizəsindən fərəhlənir, halbuki bir sıravi YAP-çının belə özünə arvad etməyə rəva görməyib saxlantı kimi saxladığının qaş-göz oynatmasına “ƏRİYİR”, rəzil olur.

Həqiqət isə budur ki… Azərbaycanda artıq mətbuat oriyentiri itirib – məqsəd məhz bu olmalıdı: xalqla mübarizə. Buna elə Lənkərandan başlamaq da olar!!!

 

FAKT 3: Bağlansın Lənkəran Dövlət Universiteti!!!

 

Bu adı ali, özü isə Asəf İsgəndərov tərəfindən ibtidai icma təfəkkürü ilə idarə olunan təhsil müəssisəsində necə dəhşətlər baş verir, bir Allah bilir. Bizim hələlik bildiyimiz isə budur ki, Asəf İsgəndərov kibernetikada “ixtira”larını dayandırıb, keçib idarəetmədə “kəşf”lərə. Əsl Gülümsərov variantıdı – əldə etdiyimiz məlumata görə, adam götürüb rus dili müəllimini həm prorektor, həm ingilis dili fakültəsinə dekan, həm də fakültədə kafedra müdiri qoyub. Bəzi tələbələr kafedrada yaratdığı əxlaqsız mühitə görə açıq-açığına mesajda yazırlar: “Kamran müəllimin arvadları”.

Hətta biri çəkinmədən adamın üzünə deyib: “sənə arvadlıq eləyənin ərinə deyərəm, nəslini Lənkərandan kürüyər”.

Həyəcanlanmağa vadar edən amillərdən ilki isə budur ki, rektor Asəf İsgəndərov artıq Qorxmazın, Kamranın əlində oyuncağa dönüb.

Bir vətəndaş və jurnalist olaraq əminəm ki, çox böyük xeyirxah niyyətlə təməli qoyulmuş LDU-nu bu vəziyyətə gətirib çıxaran Asəf İsgəndərovun tayfa-qəbilə təfəkkürlü, cəngəllik əxlaqı ilə idarə etdiyi, universitet statusunu və nüfuzunu “bazar” dərəcəsinəcən aşağıladığı təhsil müəssisəsindəki faciələrə görə birbaşa ölkə başçısı qarşısında cavab verəcəyi gün uzaqda deyil!

Əxlaqi naqislik o həddə çatıb ki, adam hətta bu ali məktəbin bağlanmasını istəyir – çünki Asəf İsgəndərovu buradan uzaqlaşdırmaq artıq mümkün deyil… həm də bu adam anlamır ki, həyatı puça çıxarılan o tələbə qızlardan bir kimsə haçansa onun tayfasının gəlini ola bilər – bundan artıq heç nə demək istəmirəm səsi-sorağı “Xanbulan”dan, “Relaks”dan gələnlərə görə. Dəhşətlisi odur ki, elə “istirahət” mərkəzlərinin təminatı məktəbin daxilindən təşkil olunur. Ağır ittihamdır! Sübutu çətindir sıravi jurnalist üçün! Amma Hacı Məmmədovu ifşa edən MTN rəhbərinin dövlətçilik və milli özgürlük naminə bu istiqamətdə qanunla birgə qeyrət nümayiş etdirəcəyinə də əminəm.

 

Bu… hələ SON deyil!

 

Şeyx Lənkərandandı!

MM sosial siyasət komissiyasının sədri Lənkərandandı.

DİN Narkotiklərlə Baş Mübarizə İdarəsinin rəisi əslən Lənkərandandı!

Hesabnan Lənkəranda bir kopayoğlu allahsız olmamalıydı.

Hesabnan Lənkəranda sosial tarazlıq ölkənin hər hansı regionundan nisbətən qənaətbəxş olmalıydı!

Hesabnan Lənkəranda narkotikin nəinki dövriyyəsi, hətta kustar üsulla emal olunmuşu olmamalıydı.

Amma və lakin… mən düz demişəm: vəzifəni verəsən naxçıvanlıyla yeraza!!!

P.S. Azərbaycanın möhtərəm və möhtəşəm jurnalisti Lənkərandandı-Lənkərandadı!

P.P.S. Azərbaycanın möhtərəm və möhtəşəm jurnalistinin yazdığı yazıya bax – 200 min əhali bir xoş yazı yazdıra bilmir, lakin görün, sayı üç-beş dılğırdan, beş-on düdəmədən, yeddi-səkkiz danqazdan, bir altı-yeddi də dəmbə-dəmbə gəzib daqqa-daqqa danışan üfləmədən keçməyən dəstə nə dəhşətlər yaşadır! – ehtiyat etmirəm də ki, onlardan üzə duran olacaq…

P.P.P.S. Keçmiş SSRİ məkanında – MDB-də nüfuzlu “qanuni oğru” da… Lənkərandandı!

P.P.P.P.S. Anlada bildimmi?

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button