Müdafiə Nazirliyinin daha bir polkovniki həbs edilib

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Elmar Məmmədov həbs edilib. Onun haqqında həbs qərarı avqustun 9-da Bakı Hərbi Məhkəməsində çıxarılıb.

E.Məmmədov 659 min 442 manatı mənimsəməkdə və rüşvət almaqda ittiham olunur. Onunla bağlı cinayət işinin istintaqı Hərbi Prokurorluqda gedir.

Hərbi prokuror E.Məmmədovun istintaq dövründə həbsdə saxlanmasından – ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə təqdimat verib. Məhkəmə də avqustun 9-da axşam saat 6.00 radələrində təqdimata baxaraq, onu təmin edib.

E.Məmmədov təxminən iki həftə öncə həbs edilən Rəhim Laçınovla əlbirlikdə ittiham edilir. R.Laçınov Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin rəisi olub.

Cinayət işində iddia edilir ki, E.Məmmədov 2020-ci ilin əvvəlində Mənzil-İstismar İdarəsinin rəisi olduğu dövrdə R. Laçınovla birlikdə külli miqdarda yeyintiyə yol veriblər.

E.Məmmədov özünü təqsirli bilmir, yarım milyon manatdan çox yeyinti ittihamıyla razılaşmır.

E.Məmmədov və R.Laçınova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə E.Məmmədova əlavə ittiham da verilib.

Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin bundan öncəki rəisi Fikrət Mirzəyev də həbsdədir. O, Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəməyə dair cinayət işi üzrə həbs olunub. Hazırda Bakı Hərbi Məhkəməsində onun mühakiməsi davam edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button