Müdafiə Nazirliyinin daha bir yalanı üzə çıxdı

Müstəqil Azərbaycan ordusunun yaranması tarixi niyə saxtalaşdırılır?

Müstəqil Azərbaycan Respublikasının yaradılması ilə bağlı son zamanlar mətbuatda bir sıra informasiyalar dolaşır. Maraqlıdır ki, əsasən rəsmi informasiyalara söykənən xəbərlərdə ordunun yaradılması tarixi 1993-cü ilin sonları göstərilir. Daha dəqiq ifadə etsək, Müdafiə Nazirliyinin Azərbaycan Milli Ordusunu rəsmən 1993-cü ilin sonlarından formalaşmağa başladığını bildirir. Hətta yüksək səviyyəli dövlət tədbirlərində də bununla bağlı açıqlamalar verilir. Ordunun yaranma tarixinin saxtalaşdırılması ilə bağlı redaksiyamıza müraciət edən bir qrup hərbçi bildirir ki, Müdafiə Nazirliyinin verdiyi bu açıqlamalar əslində yalandır.

Laçın Taburunun komandiri Arif Paşa bizimlə söhbətində bildirdi ki, Milli Ordunun rəsmən yaradılması tarixi onun komandiri olduğu Laçın Əlahiddə Ərazi Müdafiə Taburunun adı ilə bağlıdır. Belə ki, Müdaifə Nazirliyinin Arxiv İdarəsinin 11 noyabr 1999-cu ildə verdiyi rəsmi sənəddə də bu fakt təsdiqlənir. İdarənin 26-2 5397 saylı arayışında taburun rəsmən yaradıldığı göstərilir. MN-nin Arxiv İdarəsindən Laçın Rayon Hərbi Komissarlığına təqdim edilən arayışda yazılır ki, baş leytnant Paşayev Arif Fəxrəddin oğlu müdafiə nazirinin 1 oktyabr 1991-ci il tarixli 1 saylı əmri ilə Laçın Əlahiddə Ərazi Müdafiə Taburuna komandir təyin edilmişdir.

MN Arxiv İdarəsinin kapitanı Ş.Şükürovun imzası ilə yazılan bu arayışdan da görünür ki, əslində Milli Ordunun rəsmən yaradılması 1991-ci ilin oktyabr ayının 1-i günü kimi qeyd edilməlidir.

Bu barədə Arif Paşanın özü ilə söhbətləşərkən dedi ki, bu sənəd əslində MN-nin orduda silahlı qüvvələrlə bağlı ilk rəsmi qərarıdır. «1991-ci ildə Müdafiə Nazirliyi yenicə yaradılırdı. Nazirliyin hərbi silahlı birləşmələr yaratmaqla bağlı ilk qərarı da Laçın Taburu ilə bağlı verilib. İndi nədənsə, müstəqil Azərbaycanın rəsmən ordu quruculuğu dövrünü başqa tarixə keçiriblər» deyə həmsöhbətimiz bildirdi.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, MN-nin 1991-ci ildən 1993-cü ilin sonlarına qədər rəsmən bir neçə hərbi birləşmə yaratmaqla bağlı qərarı var. Elə həmsöhbətimiz də bildirdi ki, Laçın Taburunun yaranmasından sonra rəsmi olaraq Müdafiə Nazirliyinin balansına alınan hərbi birləşmələr də olub. «Laçın taburundan sonra Şıxov Taburu da rəsmən nazirliyin balansına verildi. Daha bir neçə hərbi birləşmə də Azərbaycan Ordusunun rəsmi tərkibinə qatıldı. İndi bunlar tarixi saxtalaşdırmaq istəyirlər. Bu, qısqanclıqdır. Amma tarixi dəyişmək mümkün olmayacaq. Zaman gələcək ordunu yaradanların, rəsmən Azərbaycan Milli Ordusunu quranların adları tarixdə yerində və dəyərində çəkiləcək. İndi Müdafiə Nazirliyi nə qədər saxtakarlıq etsə də, tarix hər şeyi qiymətləndirəcək» deyə Arif Paşa bildirdi.

Yeri gəlmişkən, onu da əlavə edək ki, oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümüdür. Deyəsən, bu ildönüm ərəfəsində hakimiyyətin müstəqilliyin qazanılmasında xüsusi tarixi xidmətləri olan insanlara qarşı qərəzi elə ordumuzun yaradılmasına da sirayət edib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button