Müdafiə Nazirinin müavini “Yeni Müsavat”dan 100 min manat istəyir!

"Yeni Müsavat"ın baş redaktoru Rauf Arıfoğlu

“Yeni Müsavat” qəzetinə qarşı yeni məhkəmə iddiası qaldırılıb. Bu dəfə qəzetdən narazı qalan isə Müdafiə Nazirliyidir. Bu barədə XuralTAC-a qəzetin hüquqşünası  Vaqif Hüseyn məlumat verib. O bildirib ki, iddiaya səbəb “Yeni Müsavat” qəzetində ordu ilə bağlı tənqidi yazılardır. Redaksiyaya müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun imzası ilə daxil olan iddia ərizəsində Çingiz Məmmədov onun barəsində ”Yeni Müsavat”da dərc olunan bir sıra məqalələrdəki fikirlərdə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir. Çingiz Məmmədov “Yeni Müsavat” qəzetindən nə az, nə çox, düz 100 min manat tələb edir. Bununla da kifayətllənməyən general yazı müəlliflərinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Vaqif Hüseyn bir məsələni vurğulayıb ki, məhkəmənin hazırlıq iclası sentyabrın 29-a təyin olunsa da, iddia ərizəsi redaksiyaya sentyabrın 30-da daxil olub.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparan “Yeni Müsavat” rəhbərliyi bu iddianı Çingiz Məmmədovla “Yeni Müsvat” arasında çəkişmə kimi deyil, qəzetləri susdurma kampaniyası kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, Müdafiə Nazirliyi bu yolla qəzetlərin onların barəsində yazmalarının qarşısını almağa çalışır. Belə ki, qəzet rəhbərliyinin əldə etdiyi informasiyaya görə, “Yeni Müsavat”ı məhkəməyə vermək təşəbbüsü nazir Səfər Əbiyevdən gəlib. Məhz o, Çingiz Məmmədovu israrla vadar edib ki, “Yeni Müsavat”ı məhkəməyə versin. Buna səbəb isə kursantların və sabiq hərbi komissarın naziri ifşa edən materialları “Yeni Müsavat”da dərc etdirmələridir.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button