Müdafiə Nazirliyi «musavat.com»a yenə hücum edib?

Portal dünən normal fəaliyyət göstərə bilmədi

 Dünən günən ikinci yarısından başlayaraq «Yeni Müsavat» qəzetinin internet portalı «musavat.com» saytında problem müşahidə edildi. Sayta daxil olmaq istəyən ziyarətçilərə «kiberhücum»la bağlı xəbərdarlıq edilir və sayt açılmırdı.

Son günlər «Yeni Müsavat» və Müdafiə Nazirliyi arasında məhkəmə çəkişməsinin şiddətlənməsi və nazirliyin həmkarlarımıza aramsız hücumları sayta qarşı nazirliyin kiberhücum təşkil etməsiylə bağlı ehtimala yol açırdı.

İnternet portalın rəhbəri Xalid Kazımlı bu kiberhücumun Müdafiə Nazirliyi tərəfindən həyata keçirilməsi ehtimalını təkzib etdi: «Bu, «musavat.com»un yox, serverimizin texniki problemləri ilə bağlıdır. Həm də bu narahatlıq bütün ölkə boyu yaşanmır. Məsələn, hazırda biz özümüz çox normal şəkildə saytı aça bilirik, hətta yeniləmişik və təzə materiallar da yerləşdirmişik. Ancaq ziyarətçilərin çoxsaylı zəngindən bilirik ki, problemin miqyası kiçik deyil, əksər rayonları əhatə edir».

Həmkarımız saytın texniki məsuliyyətini Cavid Hətəmovun daşıdığını bildirdi və əlavə məlumatı ondan ala biləcəyimizi söylədi.

C.Hətəmov dedi ki, bu, təkcə «musavat.com»da yaşanan problem deyil: «Bizim serverin baş ofisi Almaniyada yerləşir, ancaq yerli nümayəndə «Sahil» İnformasiya Texnologiyaları mərkəzidir. Hazırda «Sahil»də baş verən texniki nasazlıq bu mərkəzin xidmətindən istifadə edən bütün saytlara sirayət eləyib».

«Sahil» İTM-ın kiberhücuma məruz qalıb-qalmadığı ilə bağlı isə C.Hətəmov hər hansı bilgiyə sahib olmadığını dedi: «Mərkəzdən bildiriblər ki, bu, texniki nasazlıqdır və 2-3 saat müddətində aradan qaldırılacaq. Yəni ziyarətçilərimiz axşam saatlarında «musavat.com»dan rahat istifadə edə biləcəklər. Amma kiberhücumla bağlı hər hansı məlumata malik deyiləm».

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button