Müdafiə Nazirliyi: “Azərbaycan ordusunun əsgəri şəhid olub”

Yayımlandı: 3 Avqust 2022 12:13

Atəşkəsin sülhməramlılar yerləşən ərazidə pozulduğu bildirilir

Avqustun 3-də Azərbaycan ordusunun əsgəri Anar Kazımovun həlak olduğu deyilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələri səhər saatlarında Laçın istiqamətində Azərbaycan ordusunun bölmələrini atəşə tutublar: “Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Anar Kazımov şəhid olub”.

Müdafiə Nazirliyi müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.

Tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi 2-3 avqust tarixlərində bölgədə gərginliyin olduğunu bildirsə də, hansısa itkinin olduğunu qeyd etməyib.

Rusiya Müdafiə Nazirliyi isə avqustun 2-də Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini üç dəfə pozduğu barədə məlumat yayıb.

“Dağlıq Qarabağ silahlı birləşmələrinin nümayəndəsi yaralanıb. Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyəti nizama salıb. Tərəflər arasında təmas xəttində dəyişiklik edilməsinə icazə verilmir”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button