MÜHARİBƏ dövrünün QADINI!

Aydın Canıyev
Başqaları tankla gedəndə əsir düşürdü, o… əliyalın gedib əsir gətirirdi!
Aida!
Yox, Cüzeppe Verdinin “Aida” operası ağlınıza gəlməsin.
AİDA mətbuatımızın, efirimizin OPERA(tiv informasiya imza)SIdı!
Aida!
Yox, yenə ağlınız hansısa ölkənin ŞAHBANUsunun madərinə və yaxud da FÖST LEDİsinə getməsin!
AİDA mətbuatımızda və efirimizdə madər ŞAHBANU və FÖST LEDİ statusunda olası bir imzadı! Olmalıydı!
Aida!
Eeee, fikirləşməyin də ki, bu hansısa cəngavər türk qadınının adıdı!
AİDA türk adı olmasa da, Türklüyün, Türkçülüyün, Türk Tarixinin cəngavər imzasıdı!
Aida!
Başa düşmürəm e, niyə siz bu adı şəhid qadınların içində axtarırsınız – əgər bilmirsinizsə bu ad, bu imza Vətənin xilasını görməyincə gözünü hətta Allahın iradəsiylə və düşmənin gülləsiylə də yuman deyil?
Aida!
Ta bəsdi. Yordunuz məni!
AİDA şəhid anası, bacısı, qızı, xanımı deyil! Fəqət… şəhid anasının, bacısının, qızının, xanımının danışan dili, yazan əli, haray salan, nalə çəkən, mərsiyə oxuyan ruhudur!
Aida!
Axtarmayn da Fransanın, İtaliyanın, Almaniyanın Rusiyanın partizan hərəkatlarında iştirak edən qadınların siyahısında bu adı.
Aida!
Bu ad BİZİM partizan xanımın adıdır. Başqaları tankla partizanlarla, düşmənlərlə döyüşə atılıb əsir düşəndə, o… əliyalın, sadəcə və sadəcə diktafonla gedib diri əsir gətirirdi!
Aida – uzaq keçmişdən və uzaq Monqolustanacan, hərçənd ki, həm tarix, həm də coğrafiya-vətən mənsubiyyəti baxımından ən yaxın… – TÜRKün XƏRİTƏSİNdən boylanan fədakar bir imzadır: başını Ötükəndə Orxan çayının, Selenqanın sularında isladıb, ayağını Qara dəniz sahilində yuyan, dünyaya gəştini at belində sərgiləyən Türk Yavrusu!
Aida… hürufi!
Aida… şair(ə)!
Aida… publisist!
Aida… Sözün Operası!
Bədağızların, xəbis dillərin, bədniyabətlərin menyüsü üçün: qımıldanmayın! Bu gün nə Aidanın ad günüdü, nə fəxri təltifi var, nə də… “xoşməramlı, xilaskar, elçi” missiyası ilə görəvləndirilməyib də ki, hansısa şöləndə “parlaq”  və pafoslu nitq irad etməsinə şayəstə mədh edək!
Amma və lakin… Aida zatən də bütün şüurlu ömrünü Azərbaycan (eyni zamanda Türk Dünyası!) uğrunda, onun özgür, fədakar, döyüşçü insanları uğrunda müsəlləh olub, ədalətli mübarizəyə yönləndirib! Kim cavabdehdisə… onları!
Aida… özü də döyüşüb… Sözüylə – sərrast atıcıdı! Snayper yəni…
Burasınacan burası, fəqət bir orasınacan olanı da odu ki, Aida Eyvazlı (Hürufi, Göytürk) indi bir jurnala sığınıb!
Qədim  və müasir Türk ellərindən – Orta Asiyadan ta Ön Asiyaya qədər hər yerdən Türkün diliylə, Türkün səsiylə danışıb, hay salıb, haray qoparıb! Bilirsiniz bu qüdrətin mənbəyi haradan qaynaqlanır?
Şamaxının Xeybəri kəndindən – olmuşam o müqəddəsliklər daşıyan ocaqda!
Və mən yazdığım hər bir sətrə-cümləyə-fikrə şəkk gətirənə, etirazı, iradı olana ən azı hərəsi üçün on yazının linkini ataram! Yazıram və deyirəm: zəhmət çəkin, axtarın “168 saat”, “Panorama” və “Millətin səsi”, eləcə də digər qəzetləri,  eşələnin “modern.az” və digər saytlarda, tapın Az.TV-nin, Lider.Tv-nin arxivindən videomaterialları… sonra da, ruşlar demişkən, “snimayte şlyapu, pered etoy jenşinoy”.
… Aida məni 48 dəfə söyüb – həm telefonda, həm sosial şəbəkədə, 49 dəfə küsüb – hər yerdə, 50 dəfə barışıb – həyatda! Və mən… ondan bir sətir də yazmamışam bütün umu-küsülərə baxmayaraq. Dünya ədəbiyyatında bizi “qürurla” təmsil edə biləcək “ən səmimi qəhbə”dən belə yazmışam, amma ondan yox. Qıcıq olub! Söyüb! Küsüb! Ən gözəl, ən əxlaqlı, ən səmimi şair-yazıçı-jurnalist xanımlarımızdan yazanda isə… heç nə olmamış kimi, yazdıqlarımı paylaşıb, gözəl rəylər yazıb, təbrik edib və… barışıb! Eyni zamanda, heç vaxt da bilməyib ki, ondan yazacam və indi niyə yazmıram. Ancaq bildiyi bir şey olub: bilib ki, bu ölkədə bir tək mən bilirəm ki, o, kimdir! Bilirəm və əclafcasına yazmıram! Bu, doğrudan da əclaflıq idi! Amma indi deyirəm: mən gözləyirdim. Gözləyirdim ki, o, mənim təsəvvürümdə olan müharibə dövrünün qadını obrazını tamamlasın! Tamamladı!
İkicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarıyla!
Mən heç kimin xətrinə dəyməyəcəm replika atmaqla, ancaq dediyim də bu ki: gözəl kabinetlərdən, təminatlı xarici səfərlərdən, hazır materiallar qovluğundan, bəlli mənbədən ötürülmüş informasiyalardan reportaj yapmağa, müsahibələr yayımlamağa, ədəbi-bədii, publisistik, ictimai-siyasi yönlü informasiyalar, yazılar işləməyə nə var ki?!
Oğulsan, Aida kimi Çeçenistandan güllə yağışı altında reportaj yayımla, yazı işlə!
Oğulsan… şəhid anasını (bacısını, qızını, xanımını) dinlə!
Siz heç vaxt şəhid anasını, bacısını, qızını, xanımını dinləməyin nə boyda, necə dəhşətli bir əzab olduğunu bilməyibsiniz, bilməyəcəksiniz. Ani, ötəri, situativ reportajlar, müsahibələr, görüntü üstündə xaltura yapılan yazılar pafosa köklənən vicdansız gedişlərdir.
“Torpağın üzü soyuqdur” deyirlər də, elədirmi? Siz artıq balasının (ərinin, atasının, qardaşının) yoxluğuna öyrəşmiş ananı (bacını, qızı, xanımı) danışdırmağın nə qədər ağlasığmaz bir işgəncə olduğunu bilirsinizmi? Bilirsinizmi ki, bu vətən üçün son ümidini itirən ana (bacı, qız, xanım) hər şeyə nifrət edir, müharibədən də öncə aciz, korrupsioner, bürokratik dövlətə də? Gəl indi o ananı danışdır və o da desin ki, mən on oğlum olsa da, bu vətənə qurban verərdim.
Bilmirsiniz.
Siz bilmirsiniz şəhid anasıyla danışmağa, onun ruhunu incitmədən, psixolojisini pozmadan, qaysaqlanmamış yaralarını zədələmədən təzədən necə danışdırmaq lazımdı. Bilmirsiniz.
Amma Aida danışdırıb – iki kitablıq! Yüzlərlə şəhid anasını-bacısını-qızını-xanımını!
Pul, şöhrət, mükafat, elementar təşəkkür olmayan bir çabada bulunub!
Bax, indi yazıram – müharibə dövrünün qadını Aida kimi olmalıdı!
Və bütün bunları bilirsiniz haçan yazıb? Azərbaycan kişisi onu işindən məhrum edəndən sonra! Azərbaycan kişisi ona böhtan atandan sonra!
Azərbaycan kişisi onun əməyini qiymətləndirmək bir yana, zəhmətini puç edəndən sonra!
Zatən də Aida kişiyə güvənən qadın deyil, öynəsini-cirəsini heç bir kişidən ummayıb – heç ər olaraq da!
Aidanın həyatda fəxr etdiyi kişi atası Məmmədşah olub, güvəndiyi kişi… Özü!
 Aida xanımın atası Məmmədşah kişi
Olmadı bu həyatda Aidanı qiymətləndirə biləcək nə ər kişi, nə də ruslar demiş “qos(udarstvennıe)muj(ya)”.
Aida ilə bir dəfə işsiz vaxtlarında və həm də yubileyi ərəfəsində dərdləşirdim.
Qayıtdım ki, a bacı, Əli Həsənova müraciət elə. Xanımı bir holdinqdə, oğlu bir şirkətdə rəhbərdi ən azından. Söz nədir bilir, bu ölkədə sözə və söz sahiblərinin taleyinə cavabdeh adamdı. Anlayar səni. Get qəbuluna. İstəyirsən əl, iş, ev telefonlarını tapıb verim. Çünki bilirdim ki, arğac hardan keçib Aida işsiz qalıb. Sındrmadı özünü, getmək istəmədi qəbula. Hirsləndim dedim:
– Rəisə (anamı nəzərdə tuturdum) getsin Əli müəllimin qəbuluna? Əli müəllim nə bilsin səni işsiz saxlayıblar və niyə?
Aida onda bilmirdi ki, Azərbaycanın Orta Asiya ölkələrindəki səfirliklərinin birində işləyən bir nadürüst azərbaycanlı kişisi onun haqqında “yuxarı”lara “dezo” ötürüb və bu “dezo” ilə də fitvası verilib. Sonra o “dezo”dan daha dəhşətlisini yaymaq istəyəndə məni tapıb xidmətçiləri. Guya mən cəsarətli, kişi-qadın hərləməyən, söyüş yazan jurnalistəm və Aida haqqında bu “şok yaradan, qandonduran” məlumatları oxuyan kimi cumacam e. Dinləmişdim və axırda demişdim:
– O səfarətxananı fahişəxanaya sənin qohumun döndərib, bu məlumat mətbuatda hallansa, bil ki, mənbənin sənin olduğunu Prezidentə yazacam. Aida mənim bacımdı. Mən bacımı tanıyıram. Elə günü bu gün sosial şəbəkədə bəyan edəcəm ki, Aida Eyvazlı mənim bacımdı və sən də əmin ol! Təəssüf ki, mənim səni güllələmək imkanım yoxdur, tutdurmaq səlahiyyətim də. Səninlə kəsdiyim çörək heç də o demək deyil ki, sənin qohumunun namərdliyini faş etmiş bir  azərbaycanlı qadına qarşı şər kampaniyasına imza atmağa məcburam.
Aidaya demədim. Aida isə dediklərimə əməl etmədi!
Elə qadınlar var sevilmək üçün yaranıb – heç bir əziyyət çəkmədən, heç bir savad almadan!
Elə qadınlar var kef üçün yaranıb – heç bir yerdə, heç bir bir işdə işləmədən!
Elə qadınlar var ifritəlik, qucaqdan qucağa atılmaq üçün yaranıb!
Elə qadınlar da var ki… onlar mübarizə üçün yaranıb, əzab içində təkbaşına çabalamaq üçün yaranıb. Qəzalar, itkilər o qadınların alın yazısıdı!
Aida sözü və əzabı ümman boyda qadındı! Və həm də deyim ki, mən heç vaxt ona qadın kimi baxmadım. Jurnalistikada, ədəbyyatda, mədəniyyətdə, incəsənətdə, elə hər sahədə, nadir hallarda cinsi qadın olsa da, həyatı qadın kimi yaşamayan qadınlar gördüm. Jurnalistikada Aida Eyvazlı qadın olmayan qadınlardan biri və tanıdığım birincisidir.
Ona görə yazdım.
Yazdım ki…
Hər bir insan həyatının axsama, relsdən çıxma anını tutmalı, bilməlidi.
Aidanın həyatı bəlkə də Vaqif İbrahimin həlak olduğu qəzada – “RAF” maşınında olarkən məhvərindən çıxıb, bu gün o qəzanın şahidlərindən biri də Umud Rəhimoğludu.
Aidanın həyatı bəlkə də atasının çörək dalınca evdən, eldən uzaq düşdüyü gün məhvərindən çıxıb!?
Aidanın həyatı bəlkə də bu ölkədə güvənə biləcəyi bir ürək, dərd sirdaşı ola biləcək ər kişinin yoxluğunu anladığı anda məhvərindən çıxıb!?
Bilmirəm, bildiyim odur ki, insan həyatda nəyi var itirə bilər, ancaq bu itkilər adamın özünü itirməyə səbəb ola bilmirsə, deməli, o insan böyük insandır!
Aida həyatda özünü itirməyən insandı, amma həm də yerini tapmayan yox, yerinin qəsb edildiyi insandır!
Mən öz ad günümdə ayrı nəsnələrdən yaza bilərdim, özümə ayrı hədiyyələr edə bilərdim.
Fikirləşdim ki, ən böyük hədiyyəm Aidamdır… “bacı” dediyim Aidam!
Bir gözü gülən, bir gözü ağlayan, bir üzü qız, bir üzü gəlin, bir ömrü kişi, bir ömrü qadın… Aidam!
Mənim bacı dediyim isə… Azərbaycanın ən gözəl və ləyaqətli xanımıdır! Ən mərd imzasıdır! Ən böyük qələbə ünvanıdır – bütün digər ləyaqətli, mərd və gözəl Türk Yavruları kimi! Elə xanımlarla bir sırada! Türkün ŞAH OPERASI!
Bu artıq hökmdür – bunu etiraf etməmək sadəcə nankorluqdur!
Aidanın elə yazıları var ki, nəinki onları yazmağa, hətta hazır yazısına imza qoymağa bu ölkədə çoxlarının cəsarəti çatmaz. Ona görə də yazılarından danışmadım.
Aidanın Sözünü tanıyan çoxdu, etiraf etməsələr də, Özünü tanıyıb dəyərləndirmək, öyrənmək, etiraf etmək lazımdı!
Aidayla təxminən eyni bir acını da yaşamışıq: üzümüzə gülənlər, sözümüzdən boy atanlar həmişə daldeylərdə bizi satmaqla məşğul olublar. Hələ ki, satıb qurtara bilmirlər!
 (miq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button