Mürgüləmək bizə düşməz, mürgüləməməliyik!!!

Azərbaycan xoşbəxt xalqdır ki, eposunda Koroğlu obrazı var…

Efirlərimizdə kişi səsi yoxdur…

Oxucular «Xural»ın «Nə yatmısan qoca vulkan, Səninləyəm»!» adlı təbliğat diskinin istehsal olunduğunu artıq bilirlər. Daha çox vətənpərvərlər üçün vəsait rolunu oynayacaq bu disk əmədar artist Ağalar Bayramovun təqdimatında hazırlanıb. Tanınmış şairlərin vətənpərvərlik hurunda yazılmış şeirlərinin toplandığı disk, tədavülə buraxıldığı gündən bəri böyük təqdirlə qarşılanıb. O səbəblə də ötən həftə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında diskin təqdimat mərasimini düzənlədik. Tədbirdə iştirak edən ziyalılar və şairlər bu haqda ətraflı fikir mübadiləsi apardılar və bu tip vəsaitlərin sayının çox olmasını arzuladılar.

Əvvəli ötən sayımızda

Nadir Ağayev

Qarabağ Azadlıq Təşkilatının Ağsaqqallar Şurasının üzvü:

– Təşkilatımızın qərargahında diskə qulaq asdıq. İnanın, üzvlərimizə o qədər yüksək ruh bəxş etdi ki… Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi və şəxsən öz adımdan diskin yaranmasında əməyi olan insanları təbrik edirik. Sırf vətənpərvərlik şeirlərinin toplumundan ibarət olan bu albom tək yaşlı nəslə deyil, həm də gənc nəslə qürur verəcək, onlarda vətənpərvərlik hisslərinin oyanmasına səbəb olacaq. Bu diskin qiyməti yoxdur. Hətta bizdə belə bir fikir var ki, bu diskdən çox sayda əldə edib, bütün rayon təşkilatlarımıza yayaq. Onlar da öz aralarında paylaşıb qulaq assınlar. Diskdə millətin böyük oğullarının – Məmməd Arazın, Xəlil Rzanın və digərlərinin vaxtilə yazdıqları vətənpərvərlik şeirləri o qədər yüksək səviyyədə ifa olunub ki, nəinki mənim, hər birmizin Vətənlə bağlı hissiyyatına təsir etdi.

Namiq Muradov

Azərbaycan Dövlət İqtisad Universiteti:

– Azərbaycan xoşbəxt xalqdır ki, bizim eposumuzda Koroğlu obrazı var. Baxın, Koroğlu həm qılınc vurur, həm də şeir deyir. Nəcibliklə fiziki qüvvə bir araya gələrək toplanır. Mən qürur duyuram ki, belə obrazımız var. Diskə qulaq asarkən gözlərimin önündə Ağalar müəllimin simasında Azərbaycanın 21-ci əsrinin Koroğlusu durur – döyüşkən, savaşa çağıran, eyni zamanda nəcib bir şəxsiyyət. Bir sözü yada salmaq istəyirəm: «Əgər müharibə ilə şərəfsizlik arasında şərəfsizliyi seçirsənsə, demək müharibəni udacaqsan. » Mürgüləmək bizə düşməz, biz mürgüləməməliyik. Hər zaman ayıq olmalıyıq ki, millətimizi də oyaq tutaq. Paşa müəllim bayaq çox gözəl söylədi, əgər, mən, sən, o birisi maşında gedərkən, o şou müğənnilərini dinləmək əvəzinə, bu diski dinləyərsə, bizdən sonra gələn gənclər də bunda bir həqiqət taparlar ki, «əgər atam buna qulaq asırsa, demək biz də qulaq asmalıyıq». Mən uzun müddət, ömrümün 30 ilini Azərbaycandan kənarda yaşamışam. Amma mənim yaxınlarım Azərbaycan dilini unutmayıblar. Azərbaycan şairlərini, Azərbaycan yazıçılarını, Azərbaycanın söz deyən insanlarını tanıyıblar və onları sevə-sevə mütaliə ediblər. Ağaların səmimi, ürəkdən gələn, dağları, dərələri yandıran səsinə mənim yaxınlarım heç bir zaman biganə olmayıblar. Biz dövlətdən heç nə ummamalıyıq. Biz özümüz hər şeyə qiymət verməyi bacarmalıyıq. Ağalar bu qabiliyyət, bu bacarıq və bu səslə daha asan həyat tərzi seçə bilərdi. Amma budur, görürsünüz ki, o, qabiliyyət və bacarığını vətənpərvərlik mövzusuna həsr edib.

Tədbir iştirakçıları növbəti ifaya – Adil Babayevin «Yaşamağı bacarmıram» şeirinə qulaq asırlar və söz sırası mərhum şairin oğlu Etibar Babayevə gəlir…

Etibar Babayev

«Space»nin sabiq prezidenti:

– İlk olaraq, DAK-ın Azərbaycan bölməsinin sədri Nadir Orucova, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya və böyük sənətkarımız Ağalar Bayramova bu bayram ərəfəsində etdikləri hədiyyəyə görə təşəkkürümü bildirirəm. Dünyadan köçən və dünyada var olan şairlərimizin bu günlə səsləşən şeirlərinin böyük bir disk halında çıxarılması onların ruhunu şad etməklə yanaşı, həm də Azərbaycan poeziyasına olan böyük bir rəğbətin, hörmətin təbliğidir. Bu cür şeirlər toplusunun disk şəklində çıxarılmasında məxsusən Ağalar müəllimin çox böyük xidmətləri var. Şeir oxuyanlarımız çoxdur, hətta bəzi şairlərimiz var ki, şeirlərini özləri oxuyurlar. Lakin şeirlərin ürək oxşayan bir tərzdə oxunması xüsusilə qiraət ustalarının üzərinə düşür və onlardan çox böyük məsuliyyət tələb edir. Çox təəssüflər olsun ki, bu gün bu məsuliyyət və ağırlığı öz üzərinə götürə biləcək qiraət ustalarımız azdır. Bir vaxtlar yadıma gəlir – Kazım Ziya, Əli Zeynalov, Soltan Nəcəfov, Aydın Qaradağlı, Müxlis Qənizadə, Həsən Əbluc kimi qiraətçilər vardı. Onların səsləri çox təəssüf ki, bu gün heç Qızıl Fondda da tapılmır. Sonrakı illərdə şeir oxuyanlarımız da çoxaldı, ancaq fərqli oxuyan, şeirlərin dəyərini qaldırmaq qüdrətində olan qiraətçilərimiz çox azdır. Tədbirlərin birində Mikayıl Mirzə bu şeiri o qədər hissə qapılaraq oxumuşdu ki, onun ifasından sonra çox insanlar təsirlənmişdilər. Ola bilər ki, o şeiri oxuyarkən bəzi misraları unudub, bəzilərinə improvizə qatıb, məsələn,

Mənim bu cür fərsizliyim fəxri adım,

Həyatımdan mənə çatan ən dəyərli mükafatım…

Əslində, o şeirin sonuncu misrası bu cürdür. Həqiqətən də onun ən dəyərli mükafatı 1945-ci ildə Səməd Vurğunun 19 yaşlı gənc Adil Babaevə yazdığı və elə həmin il noyabrın 29-da «Kommunist» qəzetində dərc olunan 13 bənddən ibarət «Mənim arzum» adlı şeiridir. Onun «Çinar» adlı şeirinə cavabdır:

Şair, nə incədir rübabın sənin,

Uçurdu qəlbimi çaldığın bu saz.

Vətən torpağında bitən gülşənin,

Yarpağı saralıb çiçəyi solmaz.

Bu şeir Adil Babyevə verilən ən dəyərli mükafatdır. 51 yaşında dünyasını dəyişən və nə sağlığında, nə də ölümündən sonra dövlət tərəfindən heç bir mükafata layiq görülməyən bir insan üçün Səməd Vurğunun bu şeiri ən böyük mükafat olub. Adil Babayevin «Yaşamağı bacarmıram» şeiri 42 il bundan əvvəl yazılsa da, günümüzlə səsləşən şeirdir. Yadımdadır ki, Mikayıl Mirzə bu şeiri nə qədər böyük həyəcanla oxuyurdu. Həqiqətən də onun heç bir zaman dünya malına iddiası olmayıb. Şeirlərinin birində də deyir:

Ömrüm aya, günə sirdaş,

Dolanır il, çoxalır yaş.

Bircə kəlmə sözüm,

Ürəklərdə qalaydı kaş,

Mən dünyada olmayanda…

Mən elə bilirəm ki, külliyyatlarla şeirin yazılması vacib deyil, hər əsrdə bir şairdən bir şeir də qalarsa, bu, Azərbaycan üçün böyük bir xəzinədir. Xoşlamadığım bir ifadə də var, icazənizlə onu da söyləyərdim: «nizamilər, fizulilər…» Mən belə müdrik adamların adlarının sonuna –lar, -lər şəkilçilərinin qoyulmasının tam əleyhinəyəm və elə bilirəm ki, bununla məni söyürlər. Çünki «nizamilər», «füzulilər», «məmmədarazlar» demək düzgün deyil, bu insanların adlarının cəm halında işlənməsi sadəcə günahdır. Onlar fərd olaraq fərqlidirlər, onların böyüklüyü də elə təkliklərindədir. Məhəbbət, sevgi haqqında şairlərimizin hərəsi bir söz deyib, lakin bu şairlərin işlətdikləri elə misralar var ki, əsrlərdir insanların yaddaşına qızıl hərflərlə həkk olunub. Yoxsa, «mən səni sevirəm» deməyə nə var ki… Hamı bunu deyə bilər…

Bayaq da qeyd olundu ki, efirlərimizdə kişi səsi yoxdur. Kadrarxası mətnləri oxumaq üçün belə mükəmməl səsləri eşitmək olmur. Türkiyədə kadrarxası bütün məlumatları elə kişi səsləri ifa edir ki, onların səsi sözə dəyər qatır. Azərbaycanda isə belə səs yoxdur. Bilmirəm, bəlkə də belə səslərə heç ehtiyac da yoxdur. Amma əslində Ağalar Bayramova bu gün qulaq asanda hər birimiz çox gözəl anlayırıq ki, bu cür səslərə insanların böyük ehtiyacı var. Bu diskin ərsəyə gəlməsi çox əziyyətli iş olsa da, böyük bir töhfədir. Həm poeziyasevərlər üçün, həm o şairlərin ailələri üçün, həm də Azərbaycan poeziyası, günümüz üçün. Buna rəğmən, bir təklif etmək istəyirəm. Mən bir dəfə Yazıçılar İttifaqına müraciət etdim. Hətta Nərgiz xanımla birlikdə Anarla görüşüb söhbətləşdik. Ona bildirdim ki, Azərbaycan poeziyası çox dəyərli şeirlərlə zəngindir. Ancaq cavan şairlərimiz var ki, onların tanınması üçün elə də böyük meydan yoxdur. Hər şair öz səsi ilə şeir deyərsə və biz də bunu disk halına gətirəriksə, bu poeziyamızın fondu üçün çox qiymətli və nadir tapıntı ola bilər…

İradə Tuncay

«Ədalət» qəzetinin baş redaktoru:

– Çox gözəl ideyadır…

Aqil Abbas

Milli Məclisin deputatı:

– Hamı da çox həvəslə bu işə qatıla bilər.

E.Babayev:

– Anarla bu barədə ətraflı söhbətimiz oldu. Ancaq bir effekti olmadı. Cəmi iki şair gəldi və bununla da məsələ bitdi. Mən təklif edirəm ki, əgər siz bu işə başlamısınızsa…

Əvəz Zeynallı:

– Kaş ki, o zaman bu ideyanı bizə desəydiniz…

E.Babayev:

– Sizə təklif edirəm. Siz istedadlı gənclərə dəstək verirsiniz. Onların hər biri öz səsi ilə bu layihəyə qatıla bilər. Bu, bəlkə bu gün o qədər də əhəmiyyətli görünməyən bir iş ola bilər. Amma illər sonra hər bir şairin öz səsi ilə dediyi şeir bəlkə də «Qızıl fond»umuza daxil olacaq səviyyədə ola bilər. Bir gün gələcək biz o səsləri axtaracağıq. Mən öz atamın – Adil Babayevin səsi olan şeirlərini axtarıram, amma tapa bilmirəm. Azərbaycan Dövlət Radio Fondunda cəmi öz səsi ilə bir şeiri var – «Sən mənim ruhuma bir çiçəksən». İkincisi yoxdur. Amma ola bilsin bizim bu gün gənc və təcrübəsiz hesab etdiyimiz elə şairlər var ki, gələcəyin Məmməd Arazı, Xəlil Rzasıdır… Özləri o ruhda olan şeirlərindən beşini seçsinlər, siz də bunun təşkilati tərəfini öz üzərinizə götürün, bu işə başlayaq. Mən də studiya qarışıq, bütün texniki tərəfini təmin etməyə hazıram…

Ə.Zeynallı:

– Dəqiq edəcəksinizmi?

– Bəli, edəyəcəm…

– Biz də edəcəyik…

Yeni ideyanın gerçəkləşməsi haqqında tərəflər xeyli müzakirə edir. Etibar Babayev yeni layihənin bütün təşkilati işlərini və 500 ədəd diskin hazırlanmasını boynuna götürür. Hətta millət vəkili Aqil Abbas da 500 diskin xərcinə boyun olur. Beləcə, yeni yaranan ideyanın 1000 diskinin hazırlıqlarını tamamlayan Əvəz Zeynallı dinləyiciləri növbəti şeiri dinləməyə dəvət edir. İştirakçılar Böyük Xəlil Rzanın «Yurdum, sənin sağlığına!» şeirini dinləyirlər… Ağalar Bayramovun xüsusi təqdimatından sonra Xəlil Rzanın həyat yoldaşı Firəngiz xanıma söz verilir…

Firəngiz xanım

Xəlil Rzanın həyat yoldaşı:

– Ağalar müəllimə çox minnətdaram. Bu cür diski buraxmaq hər adamın hünəri deyil və heç kimin də ağlına gəlməyib ki, belə bir iş görsün. Bu kasetin çıxarılması ümumiyyətlə, mürgüləyən beyinləri, mürgüləyən təfəkkürləri oyatmaq üçündür və bundan çox gözəl mənada işlətmək olar. Bu disk əsasən maşında sürücülərin, onların sərnişinlərinin dinləyə biləcəyi bir diskdir. Elə sürücülərimiz də bu şeirləri dinlərkən atıq mürgüləməzlər. Heç olmasa, dünyadan xəbərləri olar (Salonda gülüş qopur…) Amma bu, o demək deyil ki, başqa insanlar onu dinləməyəcəklər. İnsanlar ürəklərinə yaxın olan şeirləri hər zaman, hər yerdə dinləməyə hazırdırlar. Mən istər Məmməd Arazın, istərsə də Xəlil Rzanın şeirlərini oxuyarkən, halbahal oluram. Sanki dünyam dəyişir, ağlamaq istəyirəm. Nə üçün bizim xalqımız bu qədər mürgüləməyə meylli xalqdır, niyə mənəviyyata yox, dünya malına, vara, dövlətə bu qədər hərisdir? Sanki daha sözə hərislik də qalmayıb. Söz uğrunda mübarizə getmir, savaş getmir. Əslində, bütün mədəniyyət ocaqlarmız bu şeirlərdən istfiadə etməlilir. Xalqın beynini təzələməlidir. Nə qədər yuxulamaq, mürgüləmək olar? Xəlil Rza heç bir zaman yatmadı, oyaq oldu və xalqını da oyaq olmağa çağırdı. Xəlil Rza poeziyası hər zaman qiymətli olub və biz də ailəsi olaraq hər zaan onun qiymətini, dəyərini bilmişik. Bu gün onun şeirlərindən bir neçəsi bu diskdə yer tapıb. Xəlil Rza sağlığında hansı yolda olduğunu yaxşı dərk edirdi və yazırdı:

Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox …

Sən elə bir qüdrətsən ki, məsləkindən dönməyin yox…

Tərif, çələng paylananda, susmağın var, dinməyin yox…

Xəlil Rza heç bir zaman Xəlil Rza olduğu üçün kimlərdənsə tərif, mükafat gözləməyib. Onun ən byöük mükafatı xalq sevgisi olub. Xalqı da hər zaman onu sevib, ona dəyər verməyi bacarıb. Ölümündən neçə illər sonra da yenidən onun şeirlərinin sevilərək oxunması, yayılması artıq bu dediklərimə gözəl sübutdur. Xəlil Rza hər zaman istəyib ki, onun xalqı zəmanəmizin bütün mənfiliklərini görsün, ona göz yummasın. Yaxşını pisdən seçə bilsin, düşmən əhatəsində yaşadığımızı görsün. Düşmən əhatəsində yaşayan bir xalq mənə elə gəlir ki, bu qədər təmtərağa meylli olmaz. Əslində, biz hər şeydən əvvəl düşmənlərimizlə mübarizə aparmalıyıq. Mən istərdim ki, Xəlil Rza yaradıcılığının tədqiqatçısı, elmlər doktoru Əsgərli Əlizadə mənim sözlərimi davam  etsin. İnanıram ki, onun dedikləri daha yadda qalan olacaq. Əlizadə Əsgərli

Xəlil Rza yaradıcılığının tədqiqatçısı:

– Bütün dostları salamlayıram. Nizami Gəncəvinin bir misrası ilə sözlərimə başlamaq istəyirəm:

Sordu, köhnə qızılmı, təzə sözmü yaxşıdır?

Söz sərrafı söylədi, söz dünyanın naxşıdır…

Sonu gələn sayımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button