Musa Quliyev: “Bu, xalqa və dövlətə qarşı cinayətdir!”

XuralTV-nin qaldırdığı məsələ MM-də səsləndirildi

Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin növbədənkənar iclasında çıxış edərkən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin su problemi barədə həyacanlı çıxış etdi və səlahiyyətli qurumlara səslənib:

“Mən Gəncədə su qıtlığı ilə əlaqədar yaranmış gərgin vəziyyətlə əlaqədar hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100- 150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə Evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su- kanalizasiya sistemi yenidən qurulur. 2011- ci ildə Azərsu ASC- nin başladığı layihənin indiyədək cəmi 42%- i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq- qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılmışdır. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir!”

M.Quliyev ardınca bildirib ki, “Mən Hesablama Palatasına səslənirəm: araşdırın bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü, mən Respublika Prokurorluğuna müraciət edirəm.: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000- ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su- kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hal hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumıtə müraciət edirəm: cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa meddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Gəncədə ezamiyyətdə olan Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı da canlı yayıma qoşularaq Gəncənin həll olunması vacib məsələlərini gündəmə gətirmişdi. 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button