Müsavat Başqanından media nümayəndələrinə anlamlı təbrik

Arif Hacılı: “Fədakar media mənsubları sıradan çıxan, təslim olan həmkarlarının da əvəzinə söz azadlığının keşiyindədirlər”

Müsavat Partiyasının Başqanı Arif Hacılı Milli Mətbuatın 141-ci illiyi münasibətilə mətbuatı və jurnalistləri təbrik edib. Təbrikdə deyilir:

“Əziz Jurnalistlər, hörmətli həmkarlarım.

Sizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, peşə fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzeti Azərbaycan mətbuatının əsasını qiydu. İlk Azərbacan türk dilində nəşr olunan qəzetin nəşrində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi mütəfəkkirlərimizin də böyük rolu var idi.

Sonrakı mərhələlərdə Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əhməd bəy Agaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Cəlil və başqaları tərəfindən inkişaf etdirilən Azərbaycan mətbuatı öz milli, vətənpərvər, demokratik ənənələrini 80 – ci illərin sonu, 90- cı illərin əvvəllərində yenidən bərpa etdi.
Bu illər ərzində Azərbaycan mətbuatı görünməmiş inkişaf yolu keçdi.
Təəssüf ki, Əliyevlər hakimiyyəti bu inkişafı ləngitməyə, Azərbaycan azad mətbuatına, söz azadlığına ciddi zərbələr vurmağa nail oldu.

2005-ci ildə avtoritarizmə qarşı barışmaz mövqeyi ilə seçilən Elmar Hüseynovun qətlə yetirildi.

Müstəqil jurnalistlər, bloqerlər həbs edildi. Tanınmış jurnalist Seymur Həzi, bloqqer Fərəc Kərimli və başqa azad söz fədakarları bu gün də qondarma ittihamlarla həbsdədir.

Bununla belə, bütün basqılara baxmayaraq Azərbaycanda söz azadlığı uğrunda mübarizə davam edir.

Fədakar media mənsubları sıradan çıxan, təslim olan həmkarlarının da əvəzinə söz azadlığının keşiyindədirlər.

Əminəm ki, müstəqil jurnalistlərə və azad mediaya qarşı yönələn repressiya siyasəti iflasa uğrayacaq, Azərbaycanın demokratikləşməsi, ölkədə azad cəmiyyətin qurulması uğrunda mübarizə uğurla nəticələnəcək.

Əziz Jurnalistlər, hörmətli həmkarlarım!

Sizləri bir daha peşə bayramı münasibəti ilə təbrik edir, söz azadlığı, demokratik cəmiyyət quruculuğu uğrunda mübarizədə uğurlar arzulayıram.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button