Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

24saat.az-a Müsavat partiyasından verilən məlumata görə, Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncağın əvvəlində qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanları anılıb, bu ölkənin xalqına və hökumətinə başsağlığı verilib. Divan əmin olduğunu bildirib ki, Türkiyə xalqı və hökuməti qısa müddət ərzində dağıntılar altında sağ qalmış insanların azad edilməsinə və bu fəlakətin nəticələrinin uğurla aradan qaldırılmasına nail olacaq.

Oktyabrın 17-də və 18-də Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş təntənəli yığıncaq və ziyafət haqqında fikir mübadiləsi aparılıb və tədbirlər müsbət dəyərləndirilib.

Gündəliyin partiyadaxili məsələ bölümündə rayon təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat verilib. Onların nəticələri barədə fikir mübadiləsi aparılıb. Növbəti həftə ərzində keçirilməsi planlaşdırılmış hesabat-seçki konfranslarının tarixləri açıqlanıb.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əvvəlcə qəddar Liviya diktatoru Müəmmar Qəddafinin ölümünə münasibət bildirirlib. Onun rüsvayçı və faciəli ölümü antidemokratik rejim başçılarına bir çağırış olduğu qeyd edilib. Bildirilib ki, bu cür rejimlərin başçıları ölkə daxilindən və mütərəqqi dünyadan gələn çağırışları nəzərə almalı, vəziyyəti gərginləşdirmədən ölkədə təcili kardinal demokratik islahatlar aparmalı və azad seçkilər üçün şərait yaratmalıdırlar.

“Xural” qəzetinin əmlakının müsadirə edilməsi və “Yeni Müsavat” qəzetinin məhkəməyə verilməsi faktı müzakirə edilib. Bu, iqtidarın azad sözə və mediaya təzyiqlərinin davamı kimi dəyərləndirilib. Bu təzyiqlərə son qoyulması və “Xural” qəzetinə nəşr olunmaq üçün imkan yaradılması tələb edilib.
Sonda cari məsələlər baxılıb.

24.10.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button