Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməyəcək

Fevralın 10-da Müsavat Partiyasının Məclisinin növbədənkənar sessiyası partiyanın aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirtak etməmək barədə qərar qəbul edib.

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması qeyri-qanunidir, onun legitim əsasları yoxdur. Çünki aprelin 11-nə təyin olunan prezident seçkiləri bundan əvvəl keçirilmiş saxta referendum nəticəsində qəbul olunan dəyişikliklərə söykənir. Digər tərəfdən, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar əsaslandırılmalı idi. İctimaiyyətə açıqlama, izahat verilməli idi. Ancaq Azərbaycan hakimiyyəti qərarın hansı zərurətdən doğması barədə tutarlı izahat verməyib”, – deyə Müsavat Partiyası başqanı Arif Hacılı bildirib.

Amma Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına qarşı fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını açıqlayıb.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər bildirib ki, hazırki iqtidarın dövründə keçirilən bütün seçkilər saxtalaşdırılıb.

O bildirib ki, Müsavat Partiyası hər zaman xalqın maraqlarını partiyanın maraqlarından üstün tutub.

“Mən təkcə Müsavat Partiyasının namizədi deyiləm, həm də Müsvatın əsgəriyəm. Məclis hansı qərar qəbul etsə onunla razıyam”, İsa Qəmbər qeyd edib.

İ.Qəmbər vurğulayıb ki, “prezident İlham Əliyev aprelin 11-nə təyin edilən seçkiləri saxtalaşdırıb, o kürsüdə yenidən zorakı şəkildə əyləşə bilər”.

“Ancaq mən əminəm ki, onun bu dəfəki müddti 7 il çəkməyəcək, çox qısa çəkəcək”, İ.Qəmbər bildirib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button