Müsavat seçkilərlə bağlı hakimiyyətə çağırış edib

Yayımlandı: 2 İyul 2024 01:01

“Parlament seçkiləri üçün demokratik şərait təmin edilməlidir”

Müsavat Partiyası 2024-cü il sentyabrın 1-nə Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması, ölkədəki qiymət artımı, həmçinin siyasi məhbuslarla bağlı bəyanat yayıb.

Bu barədə Meydan TV-yə Müsavat Partiyasından məlumat verilib.

İyunun 1-də qəbul edilmiş bəyanatda qeyd edilir ki, son illərdə Azərbaycanda keçirilən seçkilərdə, referendumlarda olduğu kimi, siyasi qurumlar və cəmiyyətdən gələn çağırışlara baxmayaraq, Milli Məclisə seçkilər ərəfəsində də zəruri siyasi islahatlar həyata keçirilməyib.

“Seçkiqabağı demokratik şərait üçün zəruri olan hüquq və azadlıqların məhdudlaşdırılması davam etdirilib”, – deyə təşkilat bəyan edib.

Source: Meydan TV

Bəyanatda həmçinin bildirilir ki, ölkədə siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə seçki ərəfəsində siyasi və ictimai fəalların, jurnalistlərin həbsi kütləvi xarakter alıb.

Bundan başqa, Müsavat hesab edir ki, seçki qanunvericiliyində demokratik dəyişikliklərin edilməsi, proporsional seçki sisteminin bərpası, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin edilməsi ilə bağlı çağırışları cavabsız qalıb.

Partiyanın bəyanatında vurğulanır ki, seçkilərin əsasən tətillər və havaların çox isti olduğu dövrə təyin edilməsinin seçici fəallığına, seçki kampaniyasının təşkilinə mənfi təsir göstərəcəyi şübhəsizdir.

Bütün bunları nəzərə alan Müsavat Partiyası indiki şəraitdə ölkədə qismən də olsa, demokratik seçkilərin keçirilməsinin tarixi zərurət olduğunu xatırladıb.

Eyni zamanda, partiya Azərbaycan hakimiyyətini seçki ərəfəsi və seçki kampaniyası dövründə demokratik mühitin yaradılması naminə vətəndaşların sərbəst toplaşma hüququnun, söz və ifadə azadlığının təmin edilməsi, bütün siyasi məhbusların azadlığa buraxılması, seçki komissiyalarının fəaliyyətinə etimadın artırılması üçün əməli addımlar atmağa çağırıb.

Növbədənkənar parlament seçkiləri nə vaxt keçiriləcək?

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.

İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab vermişdi.

İyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət etmişdi.

Parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının “tam formalaşdırılması zəruridir”.

Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button