Müsavatçı gənclər vəkillərin müdafiəsinə qalxdı!

Dünən Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Gənclər Təşkilatının təşəbbüsü ilə  təzyiqə məruz qalmış vəkillərin müdafiəsi ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə gənclərlə yanaşı, tanınmış vəkillər, hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə acan Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı vəkillərin təzyiqlərə məruz qalmasından narahat olduqlarını bildirib: “Vəkillər Xalid Bağırov və Elçin Namazova qarşı son təzyiqlər bizi narahat edib. Biz bu hadisələri gənclərlə müzakirə etmək, vəkillərin müdafiəsi ilə bağlı fəaliyyətimizi davam etdirmək məqsədilə buraya toplaşmışıq. Hər iki vəkil hakimiyyətin siyasəti ilə barışmır. Hakimiyyət isə müstəqil vəkillərə qarşı müxtəlif cür təzyiq eməyə başlayırlar. Onları absurd ittihamlarla vəkillik fəaliyyətindən uzaqlaşdırmaqla bizim işlərimizə mane olmağa çalışırlar. Haqqı qoruyanların haqqının pozulması ilə bağlı keçirdiyimiz bu tədbirdə vəkillər institutuna qarşı təzyiqləri müzakirə edəcəyik. Elvin Əsgərovun qətlindən sonra Xalid Bağırova təzyiqlər başladı. Anoloji halı biz Vidadi İsgəndərovun məhkəməsində də gördük”.

Vicdan məhbuslarının vəkili Əsabəli Mustafayev çıxışında digər vəkillərə qarşı da təzyiqlərin planlaşdırıldığını bildirdi: “Azərbaycanda mövcud olan hüquq sistemi böhran vəziyyətdədir. Hesab edirəm ki, belə cəzalandırma həmin vəkillər tərəfindən hər hansı bir cinayət hadisəsi və ya məhkəmə hökmü olanda baş verə bilər. Əxlaq kodeksini atıblar ortaya bunun ətrafında iş aparırlar. Vəkillər hüquq müdafiəçiləridir. İnsan hüquqları bizlər üçün ilk proteriyalardandır. Biz bu qanunsuzluqla bağlı beynəlxalq təşkilatları, xüsusilə də “Amnesty İnternational”ı məlumatlandırmışıq”.

Vəkil Xalid Bağırov hüquq sistemində baş verən qanunsuzluqların hakimiyyətdən qaynaqlandığını söylədi: “Vəkillərə qarşı atılmış bu addım çox gülüncdür. Hamınız da görürsünüz ki, siyasi məhbusları müdafiə etmək üçün vəkil resursları çatmır. Azərbaycanda üç rayona bir vəkil düşür. Buna baxmayaraq, vəkillər kollegiyası hüquq müdafiəçilərinin sayını azaltmaq siyasəti aparır. Həm də vəkillər haqqında verilən qərarlar birmənalı şəkildə qanunsuzdur. Məni ittiham edirlər ki, mən Elvin Əsgərovun polislər tərəfindən öldürüldüyünü demişəm. Amma Elvinin anası Roza Rəfiyeva mətbuata məndən öncə deyib ki, övladını polislər öldürüb. Məni cəzalandırmaq üçün əsasları yoxdur”.

Vəkillik fəaliyyətinə qanunsuz olaraq xitam verilən Elçin Namazov bildirdi ki, baş verən qanunsuzluqları ictimailəşdirmək lazımdır: “Vəkillər kollegiyasında məni ittiham etdilər ki, sən Müsavat Partiyasının üzvüsən. Halbuki mən heç bir partiyanın üzvü deyiləm. Bizim fəaliyətimiz artıq vəkilliyi keçib. Biz hüquq müdafiəçiləriyik. Gedən bütün prosesləri ictimailəşdirməliyik. Əslində, vəkilllər kollegiası dövlət təşkilatına çevrilmiş bir qurumdur. Bu da dünyanın heç bir yerində yoxdur. Avropada Azərbaycandakı vəkillik fəaliyyətinin rəzil durumda olması ilə bağlı bir fikir formalaşıb”.

Tədbirin sonunda qərara alındı ki, təzyiqə məruz qalmış vəkillərlə bağlı Azərbaycan Vəkillər Kollegiyasının qarşısında izdihamlı aksiya keçirilsin.

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button