Musavatın qurultay barədə qərarı fevralın 20-də bilinəcək

15.02.2012

Müsavat Partiyası VIII qurultayının harada keçiriləcəyi barədə qərarı fevralın 20-də verəcək.

Bu haqda məlumatı Musavat partiya başqanının müavini Gülağa Aslanlı verib. O bildirib ki, fevralın 20-də partiyanın həm Divan, həm də VIII Qurultaya Hazırlıq üzrə
Təşkilat Komitəsinin iclası keçiriləcək. Qurultayla əlaqədar qərar da məhz həmin gün veriləcək. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Əl Oyunları və İdman Sarayında qurultay keçirməklə bağlı müraciətinə mənfi cavab verib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında deyib ki, Bakı Əl Oyunları Sarayı idman oyunları üçün nəzərdə tutulub, qurultay üçün nəzərdə tutulmayıb. Həm də Bakı Əl Oyunları Sarayı özəl qurumdur və onun Bakı Şəhər İcra Hakimiyyətinə aidiyyəti yoxdur. Müsavat özəl quruma müraciət etsin, razılaşsınlar, pullarını ödəyib qurultaylarını keçirsinlər. Bunun Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var?Digər tərəfdən qurultay keçirmək istəyən təşkilat müraciətində bir necə yer göstərməlidir. Hansında imkan olsa, Bakı Şəhər İcra Hakimiyyəti oranı təklif edir, qurultay keçirməyə imkan yaradır. Müsavat müraciətində yazmalıydı ki, qurultay keçirmək istəyirik, bu qədər nümayəndə, qonaq iştirak edəcək və müvafiq bildiyiniz yerdə qurultayı keçirməyə şərait yaradın. Yaxud da bir neçə yer göstərməliydilər. YAP dəfələrlə qurultay keçirib. Biz məktub yazırıq, nümayəndələrin, qonaqların sayını göstəririk və bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti bizə müvafiq yer ayırır”.

Musavat partiyasından isə hakimiyyətin bütün yollardan istifadə edərək qurultayın keçirilməsi üçün süni maneələrin yaradılacağını istisna etmirlər.

Qurultay martın 3-4-də keçirilməlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button