Müstəqillik ideyasının yaşamasında xalq hər zaman mübarizə aparır

Mirmahmud Mirəlioğlu: «Bu insanlar sanki müstəqillik adlı bir nurdan qorxur, gizlənir»

 «Əgər altı ay öncə Sovet imperiyasının saxlanması ilə bağlı parlament qərarının qəbul edilməsinin əleyhinə cəmi 43 deputat səs vermişdisə, oktyabrın 18-də parlamentin 354 deputatının yalnız cüzi bir hissəsi müstəqillik aktının ayrı-ayrı maddələrinin əleyhinə səs verə bildi. Son nəticədə aktın bütün maddələri alqışlarla qarşılanırdı». Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbulunun 20 illik yubileyi ilə bağlı “Obyektiv” internet televiziyasına müsahibəsində bildirib.

Onun fikrincə, müstəqilliyə gedən yol ağır və keşməkeşli olub. «Azərbaycan Rusiya tərəfindən işğal olunandan bəri Gəncə xanı, bizim Cavad xan şəhid olan gündən 1993-cü il mayın 25-dək hər bir azərbaycanlı rus qoşunlarının ölkədən çıxarılmasını istəyib. Ona görə də müstəqilliyə gedən yol çox ağır, məşəqqətli və şərəfli bir yoldur. Bu yolda çoxsaylı itkilərimiz, şəhidlərimiz olub. Son nəticədə isə xalqın bir mübarizə təşkilatı yaranmışdı. Bu yol Azərbaycanın şərəf yoludur».

M.Mirəlioğlunun sözlərinə görə, Azərbaycanın müstəqilliyi ilk öncə insanların şüurunda həkk olunmuşdu və bu işdə Azərbaycan ədəbiyyatının mühüm rolu olub. «Burada Azərbaycan ədəbiyyatının müstəsna rolu olub. 20-ci əsrin sonlarına doğru isə Əbülfəz Elçibəyin müstəsna rolu oldu. Əbülfəz bəy Azərbaycan ədəbiyyatını və tarixini dərindən bilirdi və hələ 20-ci əsrin 70-ci illərində bu ideologiyanı Bakı Dövlət Universitetinin auditoriyalarında insanlara aşılayırdı. Məhz bunun nəticəsi idi ki, o, Azərbaycanın ilk və son dissidenti oldu».

KXCP sədrinin sözlərinə görə, müstəqillik ideyasının yaşamasında Azərbaycan xalqı hər zaman fərdlər olaraq da mübarizəni davam etdirib. «Ölkədə rus işğalına qarşı, imperiyaya qarşı yüzlərlə üsyanlar olub. 1956-cı ildə Qız qalasının üzərində Azərbaycanın üçrəngli bayrağı bir neçə dəqiqə olsa da, dalğalanmışdı. Bu mücadilə heç vaxt sönməyib. Xüsusilə də, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları bu ideyanı Türkiyədə və digər xarici dövlətlərdə inkişaf etdirib. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyinə həsr olunmuş elmi konfransda tarixçi doktor Süleyman Əliyarlı çıxış edərək, Azərbaycanın Rusiya tərəfindən işğalının 150 illiyi olduğunu bəyan edib. Bundan sonra, Azərbaycanın müstəqilliyinin əleyhinə olanlar ona qarşı hücuma keçib, Moskvadan gələnlər özlərini çox narahat hiss edib. Süleyman müəllim üçün bu çıxış çox asan başa gəlməsə də, daxilində müstəqillik ideyasını daşıyanlar görkəmli tarixçimizi ürəkdən alqışlayıb. Bu qüdrətli elm adamının o zaman dedikləri ilə Azərbaycan vətəndaşları indi də fəxr duyur».

O, hakimiyyətin yubiley tədbirlərinə müstəqillik uğrunda mübarizə aparan insanları dəvət etməməsini qınayıb. «Dövlətin bu münasibəti Atatürkün gənclərə ünvanladığı bir kəlamını yada salır. «Zaman olar vətənin, məmləkətin sınırları darala bilər. Adı adından, dili dilindən olanlar sənə hakim ola bilərlər. Amma onların yeritdiyi siyasət sənə, ölkənə, istəklərinə uyğun olmaz. O zaman sən ən böyük enerjini damarlarında axan qanında tapacaqsan»».

M.Mirəlioğlunun fikrincə, bu gün Azərbaycan iqtidarının siyasəti sanki müstəmləkə siyasətinin davamıdır. «Yalnız özlərini və öz ətraflarını düşünürlər. Bugünkü hakimiyyət hətta öz sələflərini belə qəbul etmir. Dövlətçilik psixologiyasından uzaq olan bu təmsilçilər dövlət müstəqilliyini bərpa edən şəxslərdən həqiqi mənada qorxur. Ona görə ki, hazırda hakimiyyətdə təmsil olunanların bir çoxu müstəqilliyin əleyhinə keçirilən referenduma tərəfdar olub. Bu insanlar sanki müstəqillik adlı bir nurdan qorxur, gizlənir».

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button