Müstəqilliyimizin 20 illiyi: Azərbaycanın müdafiə nazirləri

Cəsur Sümərli

“MilAz” İA baş direktoru

 I Yazı

 Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunması hamımız üçün vacib bir hadisədir. Vətəndaşlar bu dövrə müxtəlif kontekstdən yanaşır. Biz də 20 il ərzində Azərbaycan Silahlı Qüvvələrində baş verən proseslərə bir daha baş vurmağı vacib bildiik.

Çalışacağıq ki, 1991-ci ilin 5 sentyabrından – Müdafiə Nazirliyinin yaradılması ilə başlayan prosesin bu günə qədər olan vəziyyətini araşdıraq və Oxuculara məlum faktları bir daha xatırladaq, onları naməlum hadisələrlə bağlı bilgiləndirək. Biz bu tarixə Azərbaycanın müdafiə nazirlərinin fəaliyyəti, orduda həyata keçirilmiş islahatlar, itirilmiş imkanlar və perspektivlər kontekstində yanaşmağa çalışacağıq. Bu prosesdə bizə müxtəlif ekspertlər yardımçı olacaqlar.

 Azərbaycanın müdafiə nazirləri

 İlk əvvəl Azərbaycanın müdafiə nazirlərindən başlayaq. Diqqətə çatdıraq ki, 20 illik dövrdə Azərbaycan 9 müdafiə nazirini dəyişib:

 –  Valeh Bərşadlı (5 sentyabr 1991 – 11 dekabr 1991)

– Tacəddin Mehdiyev (11 dekabr 1991 – 17 fevral 1992)

– Şahin Musayev (yanvar 1992 – 24 fevral 1992)

– Tahir Əliyev (24 fevral 1992 – 16 mart 1992)

– Rahim Qazıyev (17 mart 1992 – 20 fevral 1993)

–  Dadaş Rzayev (20 fevral 1993 – 17 iyun 1993)

–  Səfər Əbiyev (17 iyun 1993 – avqust 1993)

–  Vahid Musayev (13 avqust 1993 – 25 avqust 1993)

–  Məmmədrəfi Məmmədov (2 sentyabr 1993 – 6 fevral 1995)

– Səfər Əbiyev (6 fevral 1995 – indiyədək)

 Silahlı Qüvvələrin Baş Qərargah rəisləri:

 –     general-mayor Şahin Musayev,

–     general-leytenant Valeh Bərşadlı,

–     polkovnik Səfər Əbiyev,

–     polkovnik Rüfət Əmirov (rəis əvəzi),

–     general-mayor Nurəddin Sadıqov ,

–     general-polkovnik Nəcməddin Sadıqov olub.

Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşavirləri:

 –     briqada generalı (Türkiyə Hərbi Hava Qüvvələrinin) Yaşar Dəmirbulaq,

–     general-mayor Nurəddin Sadıqov,

–     general-polkovnik Tofiq Ağahüseynov,

–     general-leytenant Vahid Əliyev.

 Valeh Bərşadlı: Ona işləməyə niyə icazə vermədilər?

 1991-ci ilin 5 sentyabrında Azərbaycan prezidenti Ayaz Mütəllibov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması və 65 yaşlı Valeh Bərşadlının Azərbaycan Respublikasının müdafiə naziri təyin olunması barədə fərman imzaladı. Bundan öncə isə Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qərar qəbul etmişdi.

 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qərar qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini yaratmaq və Valeh Əyyub oğlu Bərşadlı yoldaşı Azərbaycan Respublikasının müdafiə naziri təyin etmək məqsədəuyğun sayılsın.

 Bu fərman Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilsin.

 Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV. Bakı şəhəri, 5 sentyabr 1991-ci il. № 334

 1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri haqqında qanun qəbul edildi. Sənədə əsasən, cəbhə xəttində hərbi əməliyyatların aparılması ilə əlaqədar təcili olaraq 3 ay ərzində milli ordu formalaşdırılmalı idi.

 Valeh Bərşadlının həyatı (6 iyul 1927- 15 may 1998)

 Hərbi xadim, tank qoşunları general-mayoru Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. 14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artilleriyası Məktəbi), həmçinin, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasını bitirib. General Bərşadlı alay, diviziya komandiri və 70-ci illərdə Almaniyada yerləşən 3-cü ordunun komandan müavini vəzifələrində çalışıb. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.

70-ci illərdə Azərbaycan SSR-in birinci katibi Heydər Əliyev Zığ qəsəbəsindəki hərbi litsey və hərbi-dəniz məktəbinə rəhbərlik etmək üçün Bərşadlını Azərbaycana dəvət etdi. Bərşadlı Sovet hakimiyyəti dövründə və 1991-ci ildən etibarən Azərbaycan Ordusunun bərpası zamanı Azərbaycan zabitlərinin hazırlığında əhəmiyyətli rol oynadı. 1991-ci ilin 5 sentyabrında Bərşadlı müdafiə naziri təyin olundu.

Bu zaman Müdafiə Nazirliyinin ilk zabitləri general Bərşadlı, general-mayor Zaur Rzayev, general-mayor Dadaş Rzayev, general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub. Oktyabr ayının 9-da isə Ali Sovet “müstəqil müdafiə qüvvələri” – Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırılıb. Yeni yaranmış Müdafiə Nazirliyinin cəmi 1 minik avtomobili, hər zabitin isə cəmi 1 tabel tapançası olmaqla cəmi 4 silahı olub. Müdafiə Nazirliyinin əsasnaməsi və digər xidməti sənədləri isə zabitlər bütün dəftərxana ləvazimatlarını öz pullarına almaqla evlərində hazırlayıblar.

 General-mayor Zaur Rzayev: “Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı”

 Rəhmətlik general-mayor Zaur Rzayev mətbuata açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin yaranma dövrünü belə izah edirdi: “1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyi yaradılmış, rəhmətlik Valeh Bərşadlı da nazir təyin olunmuşdu. Səhv etmirəmsə, ya sentyabrın 28-i, ya da oktyabrın 3-ü idi. Yaxşı tanıdığım, uzun müddət dostluq etdiyim bir zabit vardı – polkovnik Telman Mehdiyev. Onunla general Arif Salahov mənə dedilər ki, bəs ilk hərbi hissəni formalaşdırmağa başlayırlar. Mənə orduya gəlməyi təklif etdilər. Əvvəlcə tərəddüd etdim. Amma sonra fikrimi dəyişdim. Azərbaycan Ordusunda xidmətə başladım. Məni yenicə yaranmış, hələ əsgəri olmayan briqadaya komandir təyin elədilər. Sıfırdan bu briqadanı formalaşdırmalıydım. Öncə könüllülərdən ibarət birinci taboru yaratdıq. Onlar döyüşə könüllü gəlmişdilər və sonadək də yüksək səviyyədə döyüşdülər. Allah şəhid olanlarına rəhmət eləsin. Mənə tapşırılmışdı ki, bu taboru Şıx qəsəbəsində yerləşən 18110 saylı hərbi hissənin bazasında formalaşdırım. Briqada komandiri idim. Nə maşın vermişdilər, nə də silah. Sənədləşmə işlərini də özümüz evdə, arvad-uşağın köməyi ilə aparırdıq.

Öncə Hərbi Andı hazırladıq və oktyabrın 9-da Ali Sovet qəbul etdi. Açığını deyim ki, o vaxt elə Müdafiə Nazirliyini də quru adı vardı. Mən gələndə nazirlik 4 şəxsdən ibarət idi: general Valeh Bərşadlı, general Dadaş Rzayev, general Arif Salahov, polkovnik Telman Mehdiyev və Bərşadlının sürücü-cangüdəni. İlk taboru formalaşdırmaq çətin oldu. İndi «birinci batalyon» kimi tanıdığımız bu tabor dediyim kimi, könüllülərdən təşkil olunmuşdu. Onları bizə verilən bir uçuq-sökük kazarmada yerləşdirdim. Ruslar bizə yemək belə vermirdilər. Güc-bəla ilə hərbi hissənin köhnə çarpayılarını gətirib kazarmanı düzəltdik. Gecələr bir neçə dəfə ruslar gəmidən bizim uşaqlar olan kazarmaya atəş də açmışdılar. Məqsəd panika yaradıb, onları ordudan uzaqlaşdırmaq idi. Silahımız da yox idi. Gecə bölük növbətçisi naryada əlində ling və ya balta çıxırdı. Bir həftə belə keçdi. Sonra adını unutmuşam, bizim uşaqlardan biri ruslardan AKS markalı avtomat əldə etdi. Bir neçə əl qumbarası götürdülər. Beləcə silahlanmaya başladıq. Açığını deyim ki, hərbi hissənin rus komandiri razılaşmaya baxmayaraq, bizə silah vermək istəmirdi. Silahı bizim əsgərlər rusların əlindən zorla almışdılar. Komandir otağıma gəlib, çox ədalı tərzdə «polkovnik, uşaqlarına tərbiyə ver! Aldıqları silahı geri versinlər və üzr istəsinlər» deyə mənə əmr etdi. Onun hərəkətlərindən zara gəlmişdim. «Tərbiyəsiz özünsən» deyib, qalstukundan yapışdım. Az qaldı boğulsun. Bayıra itələyib, «bir də mənim əsgərlərimə ilişmə!», – dedim. O gedən oldu.

Bundan sonra hərbi hissədə vəziyyət bizim xeyrimizə dəyişdi. Bizim birinci tabor Hərbi Andı 1991-ci il fevralın 8-də Şəhidlər Xiyabanında içdi. Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı. And içmə mərasimində deputatlar da iştirak edirdi. Hərbi Andı bizə general Dadaş Rzayev qəbul etdirdi. Mən taboru nizamlı şəkildə Hərbi Anda gətirdim. Komandir olaraq Azərbaycan Ordusunun ilk andını da birinci olaraq ictimaiyyət önündə mən qəbul etdim. Andiçmədən bir neçə gün sonra tağımlarımızı Qarabağın müxtəlif bölgələrinə göndərdik. İlk şəhidimiz də səhv etmirəmsə, dekabrın ya 12-si, ya da 14-dəŞuşaətrafında oldu. Bizim tağımlar Kərkicahan, Malıbəyli, Nəbilər, Kosalar kəndlərinin, həmçinin Goranboyun bir sıra kəndlərinin müdafiəsində iştirak etdi.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button