Mustafa Hacıbəylinin məhkəməsi – sarsıntı keçirən qadınlar məhkəməyə gəlmədilər

Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovdan sonra daha bir baş redaktor hakim qarşısına çıxarılıb.

Musavat.com Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasına şahidlərin bir neçəsi gəlməyib.

Onlar “Bastainfo.com” saytında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqda iki məqaləni oxuyub, təşviş, həyəcan keçirdiyini deyən qadınlardır.

Onlar Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan, 1967-ci il təvəllüdlü Zülfiyyə Babayeva, Şüvəlan sakini, 1966-cı il təvəllüdlü Arzuxanım Məmmədova və 1973-cü il təvəllüdlü İlahə Xalidovadır. Onlar şikayətçi olublar ki, adıçəkilən saytda gedən məqalələr onlarda narahatlıq yaradıb. Məhkəmə həmin şahidlərə növbəti dəfə məlumat göndərib.

Prosesin davamında Mustafa Hacıbəylinin qardaşı oğlu Tural Hacıbəyli dindirilib. O, bildirib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək edib. Amma orada işləməyib, əmisinin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas göstərilən iki yazını da oxumayıb.

Mustafa Hacıbəylinin vəkili Osman Kazımov T.Hacıbəylinin dindirilməsinə etiraz edib. Bildirib ki, indiyə qədər dindirilən şahidlərin ittihama heç bir aidiyyəti yoxdur. Aidiyyəti olanlar da məhkəməyə gəlmir. Məhkəmə fevralın 5-də davam etdiriləcək.

İttihamda yazılır ki, Mustafa Hacıbəyli rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış “Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb”, 6 iyulda yayımlanmış “Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb” başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin güllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, Mustafa Hacıbəyli “Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə” bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Daha sonra ittihamda göstərilir ki, Xəzər rayon sakinləri olan üç qadın – İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub, qorxuya düşüblər və narahatlıq keçiriblər.

Elan olunmuş ittihamla Mustafa Hacılı özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəməyib. Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button