Mütəllibovdan ilginc açıqlama: “Qorbaçov zəng etdi ki…”

Eks-prezident: “Gəncədə olanda mənə məlumat çatdı ki, Xankəndində bütün yerlərdə Ermənistan və Rusiya bayraqları asılıb”

“Biz işğal edilmiş rayonlara gedirdik. Bütün beynəlxalq hüquq normalarına görə, Füzuli, Laçın, Cəbrayıl, Ağdam və başqa bu kimi rayonlar Azərbaycan Respublikasının ərazisidir və erməni silahlı qruplaşmaları tərəfindən Rusiyadakı Yeltsin rejiminin dəstəyi ilə 1990-cı ilin əvvəllərində işğal olunub. Ermənilərdən kim deyə bilər ki, bu belə deyil, bu Ermənistan ərazisidir?”

Bu fikirlər məşhur rusiyalı jurnalist Maksim Şevçenkoya məxsusdur. Rusiya və Azərbaycan mediasında geniş tirajlanan bu fikirlərin məhz Rusiya vətəndaşı və eksperti tərəfindən dilə gətirilməsi çox maralıdır. Virtualaz.org “KavkazPlus”a istinadən xəbər verir ki, Şevçenko rusiyalı siyasətçilər və ictimai xadimlərdən ibarət nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təşkil edilmiş konfransda iştirak etdikdən sonra yuxarıdakı mövqeyini ictimailəşdirib.

Azərbaycanın haqlı mövqeyini müdafiə edən rus jurnalistin xüsusilə də Yeltsin haqqında dedikləri, Rusiyanın mövcud hakimiyyətindən bəhs etməməsi diqqət çəkir. Kimsə sovet ordusunun – rus qoşunlarının Xocalı soyqırımında və ərazilərimizin işğalında rolunu dana bilməz, bu, tarixi faktdır. Amma Yeltsinin 90-cı illərin əvvəllərində maraqlı gedişləri də olub. Söhbət 1991-ci ilin iyununda Rusiya prezidenti seçilən Boris Yeltsinin Qarabağ münaqişəsini həll etmək üçün göstərdiyi səylərdən gedir. Həmin dövrdə Yeltsin DQMV-yə səfər etməyə qərar verir. Sentyabrın 21-də Boris Yeltsin və Nursultan Nazarbayev Azərbaycana gəlir. Bakıda B.Yeltsin və N. Nazarbayev prezident Ayaz Mütəllibovla görüşüb və vəziyyət ciddi şəkildə müzakirə edilib. Bundan sonra DQMV-yə birgə getmək barədə qərar verilib. 22 sentyabrda, səhər Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov avtomobillə Xankəndinə gediblər. Hətta bu zaman şəhər meydanında ermənilərin 40 minlik mitinqi təşkil olunub. Mitinqdə qısa çıxış edən Rusiya prezidenti Dağlıq Qarabağın Vilayət Sovetinin binasında separatçı erməni hərəkatının nümayəndələri ilə görüşüb. Azərbaycan prezidenti Ayaz Mütəllibov isə bu görüşdə iştirak etməkdən imtina edib. 24 sentyabr 1991-ci ildə isə Şimali Qafqazın Jeleznovodsk şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında görüş keçirilib və birgə memorandum imzalanır (strateq.az). Jeleznovodsk memorandumu başlanacaq müharibəni dayandırmaq üçün aşağıdakı addımları nəzərdə tuturdu:

Dağlıq Qarabağla bağlı bütün antikonstitusion aktların qüvvədən düşdüyünü tanımaq (söhbət DQMV-in 20 fevral 1988-ci ildə sovet Azərbaycanının tərkibindən çıxmaq haqqında vilayət sovetinin qərarından və Azərbaycanın 28 noyabr 1989-cu ildə DQMV-nin inzibati ərazi vahidi kimi ləğv olunması barədə qəbul etdiyi qərardan gedir);

Atəşi dayandırmaq;

SSRİ daxili qoşunları istisna olmaqla, münaqişə bölgəsindən bütün silahlı qruplaşmaları çıxarmaq;

10 bənddən ibarət olan memurandum 1 yanvar 1992-ci ildən qüvvəyə minməli idi. Lakin Qarakənd səmasında vertolyotun vurulması, dövlət xadimlərinin məhv edilməsi, daha sonra SSRİ-nin dağılması ilə hər şeyə son qoyuldu.

Bütün bunlar bir tərəfə, bəs rus ekspertin fikirləri nədən xəbər verir, bu, Putin hakimiyyətini sığortalamaq məqsədimi daşıyır? Rusiyanın indiki iqtidarı ilə keçmiş iqtidarı arasında Qarabağa münasibətin fərqli olduğunu demək olarmı?

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bu məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı. Eks-prezident bildirdi ki, Putin iqtidarını Yeltsin hakimiyyəti ilə müqayisə etmək belə mümkün deyil: “Yeltsini mən şəxsən tanıyırdım, Qarabağ məsələsinin qloballaşmasına, onun konfliktin mahiyyətini dərk etməməsi və əksər hallarda ermənilərin havadarı kimi çıxış etməsi idi. Yadınızdadırsa, ilk əvvəllər Qorbaçov da bu məsələdə obyektiv mövqe nümayış etdirmir, hətta öz məsuliyyətsiz bəyanatları ilə faciənin miqyasını böyüdürdü. Sonradan hakimiyyətim dövründə apardığımız izahat işindən, konfliktin nə dərəcədə mürəkkəb olduğunu ona anladandan sonra vəziyyət və qüvvələr nisbəti bizim istədiyimiz şəkildə dəyişməyə başladı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun ərazisində apardığımız məşhur ”Həlqə” antiterror əməliyyatı bu maarifləndərmənin nəticəsi oldu. 30-dan yuxarı kənd separatçılardan təmizləndi. Hansı ki, bu separatçılar hətta öz erməni soydaşlarını qorxu və dəhşət işində saxlayırdılar. Bir növ, onların da canı bu təxrıbatçılardan qurtardı”.

A.Mütəllibov bildirdi ki, SSRİ dağılandan sonra Yeltsinlə elə bir ünsiyyəti olmayıb: “Qeyd etdiyim kimi, o, təxribatçıların əlində bir vasitəyə çevrilmişdi, öz məntiqi bir fikri olmayan, hisslərlə idarə edən bir şəxs idi. Hətta Rusiyanın özündə belə onun məsuliyyətsiz idarəçiliyi nəticəsində vətəndaş müharibəsi alovlandı. Dumadakı qırğın, Çeçenistan, Şimali Qafqaz hadisələri onun yarıtmaz fəaliyyətinin nəticəsi idi. Amma indiki Rusiya haqqında bunları söyləmək mümkün deyil, ən azı Azərbaycana münasibətdə çox diqqətli hərəkət edirlər. Bu, həm də prezident İlham Əliyevlə Rusiya rəhbərinin şəxsi, qarşılıqlı hörmət və etimad münasibətləri ilə birbaşa tənzimlənir”.

Eks-prezidentdən 1991-ci ilin sentyabrında özünün, Yeltinin və Nazarbayevin Xankəndinə səfəri barədə də soruşduq. Maraqlıdır, o zaman Yeltsin doğrudanmı münaqişəni tənzimləmək istəyirmiş? Əgər bunu istəyirdisə, onda niyə ardınca baş verən işğallara, Xocalı soyqırımına göz yumdu?

A.Mütəllibov: “1991-ci ilin payızında prezidentlərin gəlişi təşəbbüsü biz yox, ermənilər, daha doğrusu, Ter-Petrosyan tərəfindən irəli sürülmüşdü. Bizə məlumat çatan kimi göstəriş verdim ki, qonaqlar qarşılansın və nə lazımdırsa, kömək olunsun. Bu zaman Qorbaçov mənə zəng etdi. Soruşdu ki, Yeltsin Bakıya gəlibmi? Təsdiq etdim, bu zaman gülə-gülə dedi: ”Nədir, Qarabağ məsələsini həll etmək istəyir? Baxaq, görək necə həll edəcək. Bu zaman mən ona bildirdim ki, Mixail Sergeyeviç, xahiş edirəm, Qarabağ məsələsində kim necə bacarırsa, qoyun kömək etsin, mane olmayın! O vaxt hələ ölkənin rəhbəri idi, Yeltsin isə Rusiyanın prezidenti idi, vəzifə etibarı ilə Qorbaçova tabe idi. Əslinə qalsa, Yeltsinin gəlmək səbəbi mənə məlum idi. Biz qərara aldıq ki, Xankəndinə gedək və orda meydanda xalqın qarşısında çıxış edək. Lakin Gəncədə olanda mənə məlumat çatdı ki, Xankəndində bütün yerlərdə Ermənistan və Rusiya bayraqları asılıb”.

Sabiq prezidentin sözlərinə görə, o, məsələ ilə bağlı iradını Yeltsinə çatdırıb, əks halda, görüşün baş tutmayacağını deyib: “O, dərhal Burbulisə göstəriş verdi ki, ermənilərdən tələb etsin, bu təxribat dayandırılsın. Xankəndində meydanda olarkən fikir verdim ki, bayraqlar dəyışdirilməyib, bu vaxt Yeltsin çıxış edirdi. Onun çıxışını kəsərək yenə öz etirazımı bildirdim. Bu dəfə Yeltsin də əsəbiləşdı, çünki onun da sözünə qulaq asan yox idi. Nəhayət, məcbur qalıb mənim təklif etdiyim inzibati binada, erməni bayrağı asılmayan Qarabağ üzrə Dövlət Komitəsinin binasında görüşü davam etdirdik. Həmin görüşdə Yeltsin Ter-Petrosyanın adından vasitəçi kimi xahiş edirdi ki, Çaykənd və digər 30 məntəqədən qaçqın düşmüş ermənilərin geri qaytarılmasına kömək edək. Mən bildirdim ki, bir şərtlə razılıq verərəm ki, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız  öz dədə-baba yurdlarına qayıtsın. Yeltsinin gəlişinin məqsədi əsas bundan ibarət idi. Bu yerdə Nazarbayevin də xalqımızın dərdinə şərik çıxmağını qeyd etmək istərdim. Bütün qaldırılmış məsələlərdə o, əvvəldən axıra qədər bizim  haqlı mövqeyimizi dəstəklədi”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button