Müxalifət yenilənməli və millətə qaytarılmalıdır!

Əhməd Oruc
«Azadlıq» Partiyasının sədri

Yeni liderlərin meydana çıxmamasında Azərbaycan hakimiyyəti, «23 illik liderlər», Prezident Aparatı, Daxili İşlər Nazirliyinin nəzarətində olan «müxalifət mətbuatı» və Azərbaycanda təsiri olan beynəlxalq güclər, dünya erməni diasporasının nəzarətində olan donor fondlar eyni mövqedədir…

Son seçkilər millətin gedən proseslərə nə dərəcədə laqeyd olduğunu göstərdi. 1500-1600 seçicisi olan şəhər ərazisindəki seçki məntəqələrində orta hesabla 130-150 nəfər seçici iştirak edirdi (təqribən 9-11%). İştirak edənlərin təqribən 100 nəfərinin müxalifət təmsilçisinə (6-7%) səs verdiyi nəzərə alınarsa, ölkədəki10 faizlik aktiv elektoratın 70%-nin müxalifətin tərəfində olduğu aydın görünür. Seçkilərə qatılmayan 90% elektoratın bir növ indiki hakimiyyəti boykot etdiyini, bu hakimiyyətin hakimliyi ilə keçirilən seçkilərin saxtalaşdırılacağına, haram qatılacağına etiraz etdiyi nəzərə alınarsa, indiki hakimiyyətin ölkədə real reytinqinin 3-4% olduğu aydın görünür. Bu 3-4 % elektoratın isə yalnız hakimiyyətdən birbaşa yararlananlar və onların ailə üzvlərinin təşkil etdiyi nəzərə alınarsa, cəmiyyətdə bu hakimiyyə etimadın sıfır olduğu ortaya çıxar. Hakimiyyət millətin iradəsinə deyil, yalnız güc strukturlarının hesabına və müxalifətin hakimiyyətin nəzarəti altında olması hesabına öz hakimiyyətini qoruyub saxlaya bilir. Mümkün olan ən aşağı reytinqə malik hakimiyyətin qorunub saxlanılmasında güc strukturlarından da daha çox, real alternativin olmaması, müxalifətin hakimiyyətdən narazı elektoratı öz ətrafında toparlaya bilməməsidir. 1993-cü ildən müxalifət liderləri demək olar ki, eyni adamlardır. Bu iddialı «strateqlərin» hesablamaları artıq real əhəmiyyət kəsb etmir. Onlar hesab edirlər ki, 1993-cü ildən bütün seçkiləri udurlar, amma «hakimiyyət seçkiləri saxtalaşdırır.» Bu adamlar artıq reallıq hissindən o qədər uzaqdırlar ki, bunlara qulaq asmaq belə əzaba çevrilib. Bu gün hakimiyyətdə formal olsa da 10-dan çox partiyanın nümayəndəsi təmsil olunur, bunların demək olar ki, əksəriyyəti milli demokratik düşərgənin «liderləri» idi. Bu cür saxta yolla, hakimiyyətin siyahısı ilə parlamentə yerləşəndən sonra utanmadan özlərini «parlament müxalifəti» kimi təqdim edirlər. Prinsiplərə əməl olunmaması, satqınçılıq müxalifətə inamı son dərəcədə sarsıdıb. Son 20 ildə müxalifət liderləri ya milli hakimiyyətin süqutunda əsas rolları oynamış və ya H.Əliyev komandasından qovulmuşlardan ibarət olmuşdur. Bir nəfər belə yeni simanın ön cərgəyə yerləşməsinə imkan verilməmişdir. Bu məsələdə, yəni yeni liderlərin meydana çıxmamasında Azərbaycan hakimiyyəti, «23 illik liderlər», Prezident Aparatının və Daxili İşlər Nazirliyinin nəzarətində olan «müxalifət mətbuatı», Azərbaycanda təsiri olan beynəlxalq güclər, dünya erməni diasporasının nəzarətində olan donor fondlar eyni mövqedədir…

Müxalifət düşərgəsində hakimiyyətlə əməkdaşlıq, bazarlaşma, birbaşa hakimiyyətin nəzarəti altında olub və əsas müxalifət qəzeti olmaq kimi eybəcərliklər artıq qıcıq yaratmır. Müxalifət qəzetləri də hakimiyyətdaxili mafioz qruplaşmaların mübarizəsində əsas silahlardan birinə çevrilib.

İki mafioz oliqarxdan birinin oğlu ayıyeyən, o birinin oğlu isə Avropada belə azərbaycanlı qızların digər millətlərlə yaxınlığını qəbul etməyən, ayını müdafiə edən Avropa təhsilli supermen kimi təqdim olunur. Bütün bunlardan sonra bu keyfiyyətdə olan müxalifətin cəmiyyəti aktivləşdirəcəyi, hakimiyyəti dəyişdirəcəyini düşünmək, təbliğ etmək abırlı adamların şərlənməsi kimi bir cinayətdir.

«Əsas müxalifət partiyaları» milli məsələnin ana problemi olan Qarabağ problemi ilə bağlı heç bir mövqe sərgiləmirlər. Bu gün Azərbaycanda həm Qərb ölkələrinin, həm Rusiyanın maraqları və istəkləri ortadadır və onlar ölkə daxilində dəstək verdiyi təşkilatlardan onların mövqeyini müdafiə etməsini, bu olmadıqda isə heç olmasa susmalarını tələb edirlər. Onlar real, qrantverən təşkilatların sifarişi ilə formalaşan mövqelərini bildirsələr açıq antimilli mövqe ortaya qoymuş olarlar, yox, yalandan « millətçi, vətənpərvər» bir mövqe nümayiş etdirsələr, maddi təminatdan və siyasi dəstəkdən məhrum ola bilərlər.

Real hakimiyyət uğrunda mübarizə aparılması üçün müxalifət mütləq yenilənməlidir, fəaliyyətində prinsiplərə əməl etməli və milli-mənəvi dəyərlərə söykənməli, millətin problemləri ilə nəfəs almalıdır. Müxalifəti səfirliklərin qabağından və qrantverənlərin cəngindən qurtarmaq, millətə qaytarmaq lazımdır.

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button