Müxalifətçi sahibkarların «torbasını kim tikir?»

İş adamları Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidentinin rəyi əsasında təqib edilir

 Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrar Kredit” Səhmdar Kredit Təşkilatının idarə heyətinin sədri Məmməd Musayevdən sahibkarların boğulmasında alət kimi istifadə edilir. Bu adam vasitəsi ilə hakimiyyətə “yad” olan iş adamlarının siyahısı hazırlanır, vergilər və iqtisadi inkişaf nazirliklərinə təqdim edilir. Bu barədə “Yeni Müsavat”a sahibkarlardan biri məlumat verib.

Mənbə bildirir ki, M.Musayev (daha çox “şapka Mamed” ayaması ilə tanınır) rəhbər təyin edildikdən sonra quruma üzv olan iş adamlarının qara günləri başlayıb. İş adamlarını saf-çürük edən M.Musayev onları “doğma” və “yad”lara bölüb. “Yad”lar kateqoriyasına hakimiyyətin yuxarı təbəqəsində himayədarı olmayanlar sahibkarlar aiddir. Bu kateqoriyanın adları iş adamlarının fəaliyyətinə inzibati müdaxilə imkanı olan vergilər və iqtisadi inkişaf nazirliklərinə təqdim edilir, bu qurumlar da sahibkarları müxtəlif yollarla sıradan çıxarırlar.

Yada salaq ki, 2009-cu ilin əvvəlində M.Musayev  konfederasiyanın prezidenti postunu demək olar ki, zor gücünə əldə edib. Əvvəlki prezident Ələkbər Məmmədov qurultayda sədr seçildikdən sonra vergi, gömrük və başqa dövlət qurumları ona səs verən sahibkarları təqib etməyə başladı (Ələkbər Məmmədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə yaxınlığı ilə tanınırdı, hazırda vergilər nazirinin müşaviridir) və cəmi bir neçə gün sonra qurumun növbədənkənar iclasında M.Musayev prezident “seçildi”. Elə o gündən də sahibkarların təqib olunmasında alətə çevrildi. Son vaxtlar onun təqdimatı ilə sahibkarların adı hakimiyyətin qara siyahısına düşür.

Mənbə onu da deyir ki, böyük biznes sahibi olan M.Musayev öz rəqiblərini də qara siyahıya salır və bu yolla onları zərərsizləşdirir.

M.Musayev uzun illər ölkənin bank sistemində müxtəlif vəzifələr tutub. O, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri olmaqla yanaşı, patronajlığı altında bir neçə iri bank və sığorta şirkəti var – “Turan Bank”, “Azər-Türk Bank”, “Başak-İnam” sığorta şirkəti. M.Musayevin böyük tikinti şirkətlərinin də olduğu bildirilir.

Bundan başqa, M.Musayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara verilməli olan kreditləri özünə yaxın şirkətlərə paylanmasına nail olub. Atıq M.Musayev turizm biznesinə də girişib. Ona yaxın olan turizm şirkətlərinə Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə iri məbləğli kreditlər ala bilib. Bu ilin “Turizm ili” olmasından M.Musayev öz şirkətlərinin bazara girməsi üçün faydalanıb. Mənbə onu da bildirir ki, M.Musayevin müsbət rəy vermədiyi şirkətlərə fond kredit ayırmır. Bir sözlə, sahibkarların hüquqlarını qorumalı olan M.Musayev onların boğulması üçün əlindən gələni edir, əvəzində isə öz biznesi gün-gündən çiçəklənir.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button