
Müxalifətçinin oğurlanıb psixi xəstəxanaya yerləşdirildiyi deyilir
Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Ziyafət Abbasovanın dünən, iyunun 6-da oğurlanaraq Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Bu barədə həmin partiyanın sədri Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, onun yaxınları bu barədə bir gün sonra xəbər tutub.
O vurğulayıb ki, Z.Abbasovanın sağlamlığı qaydasındadır, səhhəti normaldır, onun ruhi-əsəb dispanserində müalicəyə ehtiyacı yoxdur: “Bütün bu baş verənlər də yalnız xalqı qorxutmağa, tənqidi fikirləri susdurmağa yönəlib”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə “Turan”a bildirilib ki, Z.Abbasova yaşadığı sığınacağın müraciətinə əsasən, sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib: “Hazırda onun müalicəsi davam etdirilir”.
Bütün bu deyilənlərlə bağlı 1 saylı Respublika Psixiatriya Xəstəxanası ilə danışmaq mümkün olmayıb.