Müxalifət təkrar seçkilərdə iştirak edəcəkmi?

İqbal Ağazadə: «Çalışacağıq boş qalan yerlər üzrə keçirilən seçkilərdə iştirak edək»

Gulağa Aslanlı: «Bələdiyyə seçkilərində iştirakla bağlı ilkin müzakirələr gedib, lakin hələ iştirakla bağlı yekun qərar yoxdur»

Fuad Qəhrəmanlı: «Xalq Cəbhəsinin bələdiyyə seçkilərinə qatılmasının elə bir anlamı, mənası yoxdur»

Sərdar Cəlaloğlu: «Bu səviyyəli seçkiyə qatılmağın heç bir mənası yoxdur»

Dünən keçirilən Mərkəzi Seçki Komissiyasının növbəti iclasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məsələsi müzakirə olunub.

İclasda qərar alınıb ki, bu il noyabrın 30-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilsin. Ümumilikdə, 330 bələdiyyə üzrə 464 yer uğrunda keçiriləcək seçkilərdə 9 bələdiyyə tam tərkibdə yenidən seçiləcək. MSK-nın iclasında, həmçinin “Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvimlər Planı” da təsdiqlənib.

“Xural” qəzeti Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyalarının qarşıdan gələn təkrar, əlavə və yeni bələdiyyə seçkilərində iştirak edib-etməyəcəklərini öyrəndi.

 Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, onlar bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı məsələyə partiyanın sabahkı iclasında baxacaqlar və bu barədə qərar da həmin iclasa çıxarılacaq. Ümid sədri onu da əlavə etdi ki, onlar bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində iştirakda da heç bir problem görmürlər: “Hazırda bizim 50-dən çox bələdiyyədə nümayəndələrimiz var. Biz ötən bələdiyyə seçkilərində də 800-dən çox yerə namizədlərimizi irəli sürmüşdük. Bu il də çalışacağıq boş qalan bütün yerlərə seçkilərdə iştirak edək”.

İ.Ağazadə qeyd etdi ki, bütün boş qalan yerlərə namizəd vermək niyyətləri olsa da, Ümid Partiyasının rayon təşkilatlarının olmadığı bölgələrdə bələdiyyələrə namizədlik vermələri mümkün olmayacaq. Noyabr ayının 30-da keçiriləcək seçkilərə cəmi 2 ay qaldığını da nəzərə aldıqlarını söyləyən İ.Ağazadə Seçki Məcəlləsində göstərilən tələbələrə uymaq məcburiyyətində olduqlarını bildirdi. Ümid sədri parlamentin payız sessiyasında Seçki Məcəlləsi ilə bağlı məsələ qaldırmaq niyyətində olduğunu da açıqladı.

 Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Xural”a açıqlamasında bildirdi ki, bu məsələ hələ ki, partiya daxilində müzakirə olunmayıb: “Bələdiyyə seçkilərində iştirakla bağlı ilkin müzakirələr gedib, lakin hələ iştirakla bağlı yekun qərar yoxdur. Partiyanın iclası gələn həftə keçiriləcək. Divan iclasında bu məsələ müzakirəyə çıxarılacaq və seçkidə iştirak edib-etməyəcəyimizlə bağlı fikrimizi açıqlayacağıq”.

G.Aslanlı qeyd etdi ki, indiki halda partiyanın əsas diqqəti 2 aprel mitinqinə görə qanunsuz şəkildə həbs edilən və məhkəmələri də tam qanunsuz aparılan İctimai Palata üzvlərinin müdafiəsinin təşkilinə yönəlib: “Sabah (bu gün – red.) növbəti qanunsuz hökmlər oxunacaq. Ona görə də indi bütün diqqətimiz bu məsələlərə yönəlib. İndiki halda seçkidə iştirakla bağlı qəti bir fikir bildirmək düzgün olmaz”.

 Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı isə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda bələdiyyələr elə bir vəziyyətə salınıb ki, onlar yerlərdə real hakimiyyət strukturu kimi fəaliyyət göstərmir: “Ölkədə nəinki bələdiyyə seçkiləri, parlament və prezident seçkiləri də saxtalaşdırılır. Burada cəmiyyətin siyasi iradəsi heç bir halda ifadə olunmur. Bu baxımdan, Azərbaycan müxalifətinin, eləcə də Xalq Cəbhəsinin bələdiyyə seçkilərinə qatılmasının elə bir anlamı, mənası yoxdur”.

F.Qəhrəmanlı onu da qeyd etdi ki, bələdiyyələrin statuslarının həddən artıq azaldılması, onların faktiki olaraq icra hakimiyyətlərinin bir qoluna çevrilməsi də partiyanı bu seçkilərdə iştirakdan yayındırmaq üçün səbəblər verir: “Çox böyük ehtimalla, AXCP yuxarıda qeyd etdiyim səbəblərə görə, bu seçkilərə qatılmaqda maraqlı olmayacaq”.

Bununla belə, AXCP sədrinin müavini bəyan etdi ki, seçkilərdə iştirak edib-etməməklə bağlı qərar partiyanın Rəyasət Heyətinin növbəti toplantılarında müzakirə edildikdən sonra dəqiqləşəcək.

 Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bələdiyyə seçkilərində iştirak etməyəcəklərini bildirdi. “Əvvəlki bələdiyyə seçkilərində də göründü ki, seçkilərin bütün nəticələri saxtalaşdırılıb. Buna görə də, bu səviyyəli seçkiyə qatılmağın heç bir mənası yoxdur”. Sərdar Cəlaloğlunun sözlərinə görə, bələdiyyə seçkilərində iştirak məsələsi Ümid Partiyası ilə müttəfiq olduqları “Qarabağ” blokunda müzakirə ediləcək: “Ancaq mənim şəxsi fikrimcə, bu formada seçkidə iştirak mənasızdır”.

Bununla belə, S.Cəlaloğlu onu da əlavə etdi ki, “Qarabağ” blokunda aparacaqları müzakirələrin yekununda bələdiyyə seçkilərində iştirak edib-etməyəcəklərini tam dəqiq söyləcəklər: “Bu, müzakirələrin nəticələrindən asılı olacaq”.

 Qeyd edək ki, 2009-cu dekabrın 23-də Azərbaycanda 1718 bələdiyyə üzrə seçkilər keçirilib. Seçkilərin yekunu olaraq, 1709 bələdiyyə formalaşdırılıb. Həmçinin 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız sayılıb.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button