Müxalifətçi qadınlar hakimiyyətə sərt tələb ünvanladılar

Onlar Arif Hacılının və siyasi məhbusların azad edilməsini tələb etdilər

 Dünən Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti qərargahında partiyanın qadınlar təşkilatının təşəbbüsü ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Müstəqilliyimizin qazanılmasında qadınların yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvləri Aminə Vəliyeva, Ceyran Ənsər, partiyanın Mərkəzi Şurasının üzvləri Nüşabə Bədəlzadə, Sənubər İsayeva, Suqra Nəcəfova, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Müsavat Partiyasının təmsilçisi Sevil Hüseynova, İctimai Palatanın üzvü Yeganə Əmiraslanova, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvləri Fəridə Əsgərova, Arzu Qasımova, Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Nərgiz Nağıyeva, Azəri Türk Qadınlar Birliyinin sədr müavini Adilə Məmmədli, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı və başqalarının iştirak etdiyi dəyirmi masanın yekununda bəyanat qəbul olunub.

Bəyanatda bu ilin aprelində müxalifətin Bakıda keçirdiyi etiraz aksiyasına görə tutulmuş Müsavat Partiyası başqanının müavini Arif Hacılının və digər siyasi məhbusların azadlığa buraxılması tələb edilir. Deyilir ki, ötən əsrin sonlarına yaxın Azərbaycan müstəqilliyini bərpa etsə də, azad, hüquqi və demokratik dövlətin qurulmasında problemlər qalmaqdadır və son dövrlər hakimiyyətin yürütdüyü siyasətdən narazı qalanlara, azad düşüncəli insanlara qarşı repressiyalar geniş xarakter alıb.

Qadınların fikrincə, vaxtilə parlamentdə deputat kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpasına səs vermiş Arif Hacılının və 2 aprel aksiyasının digər iştirakçılarının məhkum edilməsi bir daha sübuta yetirir ki, hakimiyyətin demokratik dəyərlərə və insan haqlarına münasibəti dəyişməyib.

Bəyanat bu sözlərlə bitir: “Biz Azərbaycan qadınlarının fəal bir qisminin təmsilçiləri olaraq Arif Hacılı və digər aksiya iştirakçıları haqqında çıxarılan sifarişli məhkəmə hökmlərini pisləyərək, bunu cəmiyyətdəki qarşıdurmanın və gərginliyin daha da dərinləşməsinə, habelə ölkənin beynəlxalq imicinə ciddi zərbə olacaq amil kimi qiymətləndiririk. Biz mövcud iqtidardan tezliklə ədalətin bərpa olunmasını və bütün siyasi məhbusların azadlığa buraxılmasını qətiyyətlə tələb edirik”.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində – Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. Biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button