Müxalifətin zəif olmasının günahı iqtidardadır

İqbal Ağazadə: «Bunu tək biz demirik, ATƏT-in seçki hesabatları, Avropa Şurasının qərarları, Avropa Birliyinin münasibətləri, Human Rights Watch, Freedom House, ABŞ Dövlət Departamentinin mütəmadi hesabatları deyir»

 “Ölkə müxalifətinin zəifliyinin səbəbi Azərbaycan cəmiyyətinin demokratik olmaması ilə bağlıdır”. Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə bu sözləri ölkə prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziyasına müsahibəsində müxalifətin zəif olması ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib. Dövlət başçısı “Müxalifətin çox zəif olması faktı bizim günahımız deyil. Biz onlara məhdudiyyət qoymuruq. Amma son illər ərzində Azərbaycanda görülən işlər sadəcə olaraq onların fəaliyyət meydanını daraldır. Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur”-deyə bildirib.

İ.Ağazadə isə hesab edir ki, cəmiyyət demokratik olmayanda o demokratikliyi təmin etməyən Azərbaycan hakimiyyətinin üzərinə məsuliyyət düşür və bu məsuliyyəti də hakimiyyət daşıyır: “Konkret faktlara gəldikdə isə Azərbaycan müxalifətinin zaman-zaman seçki prosesindən kənarda saxlanılması, seçkilərdəki qeyri-demokratiklik, qanunların mahiyyət etibarilə yerinə yetirilməməsi, icra strukturlarının qanunları pozması, “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun yerinə yetirilməməsi, siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmaması, partiyaların ofislərinin olmaması, yerli strukturlarına şərait üçün imkan verilməməsi, seçkilərdə namizədlərin qeydə alınmamasından tutmuş ta onlara təzyiqə qədər hər şey Azərbaycan müxalifətinin zəifləməsinə gətirib çıxarıb. Bunlar siyasi partiyaların siyasi institut kimi formalaşmasının əleyhinə olan mövqelərdir və ona görə də siyasi partiyalar siyasi institut kimi zəifləyir. Bunun da səbəbi Azərbaycan müxalifətində deyil, iqtidarındadır”.

Ölkə rəhbəri sözügedən müsahibəsində müxalifəti Qarabağ məsələsində ümummilli maraqlardan kənar fəaliyyətdə ittiham edib: “Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər”.

İ.Ağazadəyə görə, bu, çox ciddi faktdır: “Azərbaycan prezidenti kifayət qədər informasiya almaq imkanına malikdir və hesab edirəm ki, ayrı-ayrı partiya rəhbərlərindən kiminsə hansısa bir dövlət nümayəndəsinə, yaxud diplomatik korpusun nümayəndəsinə bu tipli müzakirələri ola və bu, sadə bir söz kimi deyilməyə bilər. Biz də zaman–zaman ifadə etmişik ki, Azərbaycan daxilində fəaliyyət göstərən siyasi partiyalara qonşu dövlətlərin təsir imkanları var və onlar bu məsələlərdə həmişə fərqli mövqe tuturlar. Burada İran, Rusiya və başqa dövlətlərin maraqlarını ifadə edən siyasi qüvvələr zaman-zaman olub. Bu gün də qruplar və ya siyasi partiyalar şəklində fəaliyyətlərini davam etdirirlər. Prezidentin məsələyə bu şəkildə toxunması aldığı həmin informasiyalardan qaynaqlana bilər”.

Prezidentin ölkədə demokratiyanın durumu ilə bağlı dediklərinə gəldikdə, Ümid sədri burada vəziyyətin qənaətbəxş olmadığını vurğuladı. İ.Ağazadəyə görə, Azərbaycanda demokratiya ilə bağlı vəziyyət təkcə Azərbaycan vətəndaşları və siyasi partiyaların iddiasına görə qiymətləndirilməməlidir: “Yəni kimsə bizi qeyri-dəqiqlikdə və ya qərəzlikdə ittiham edə bilər. Amma bunu tək biz demirik. ATƏT-in seçki hesabatları, Avropa Şurasının qərarları, Avropa Birliyinin münasibətləri, Human Rights Watch, Freedom House, ABŞ Dövlət Departamentinin mütəmadi hesabatları deyir. Azərbaycan hökuməti bizim dediyimizə nəzərən qiymət vermirsə, qoy beynəlxalq aləmin dediyinə uyğun qiymət versin. Ona görə də bu məsələdə obyektivlik bizim tərəfimizdədir”.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button