Muxtar Babayev sammitdə iqlim büdcəsinin artırılacağını gözləyir

Ölkələr hələ də qlobal maliyyə paketinin miqyası ilə bağlı razılığa gələ bilməyiblər

Bu il 11-22 noyabr tarixində Bakıda baş tutacaq BMT-nin İqlim Sammiti “COP 29” dünya mediasının da gündəmindədir. Bu dəfə sammitə “Forbes” jurnalı diqqət ayırıb.

““COP 29”-un prezidenti Muxtar Babayevin mesajı belədir: universal əməkdaşlıq və öhdəlik mütləqdir”, “Forbes”in “COP 29”la bağlı hazırladığı məqalədə belə deyilir.

“Biz göstərməliyik ki, dünya bir-birini dəstəkləmək üçün birlikdə işləməyə hazırdır”,- deyə Babayev bildirib və xalqlar arasında konsensus əldə etməkdə son vaxtlar yaranan çətinliklərdən məyus olduğunu ifadə edərək “Biz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün həll yolları tapmaq baxımından çox kritik bir zamandayıq” söyləyib.

Jurnal yazır ki, Almaniyanın Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 60-cı iclası həssas ölkələr üçün iqlim büdcəsi ilə bağlı qeyri-müəyyənliyi ortaya qoyub. COP29-da 200-ə yaxın ölkə yeni maliyyələşdirmə hədəfinə – Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) razılıq verib.

Beləliklə, zəngin ölkələr 2020-2025-ci illər arasında yoxsul ölkələrdə emissiyalarını azaltmaq və cəmiyyəti qorumaq üçün illik 100 milyard dollarlıq öhdəlik götürüblər.

BMT-nin İqlim üzrə rəhbəri Simon Stiell qarşıdan gələn çətinlikləri “dırmaşmaq üçün çox sıldırımlı bir dağ” kimi təsvir edib. Babayev də bu fikri təkrarlayaraq vurğulayıb ki, töhfələri artırmaq və hədəfləri yeniləmək üçün digər xalqlarla işləmək kritik önəm daşıyır:

“Bu, dünya və komandamız üçün Yeni Kollektiv Kəmiyyət Hədəfinə həllər tapmaq baxımından önəmli bir zamandır”.

2022-ci ildə inkişaf etmiş ölkələr ilk dəfə olaraq illik 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfinə çatmış, iqlimdən təsirlənən ölkələr üçün 115,9 milyard dollar töhfə vermiş və imkanlarını səfərbər etmişlər.

Məqalədə yazılır ki, nəinki mərhələ iki il gecikib, həm də irəliləyiş yavaş və qeyri-kafi olub; nəticədə yüksəkfaizli kreditlər ortaya çıxıb ki, bu da iqlimdən təsirlənən ölkələr üçün borc yükünü daha da gücləndirib. Hazırda dünya əhalisinin demək olar ki, yarısı borc faizlərinin təhsil və səhiyyə xərclərini üstələdiyi ölkələrdə yaşayır. Bu uğursuzluq xalqlar arasında inamsızlığa səbəb olub.

“Təəssüf ki, “COP 28”-dən sonra necə çıxış etdiyimizə və vədlərimizi necə yerinə yetirdiyimizə baxsaq, görərik ki, onların bir çoxu yerinə yetirilməyib və hətta təşəbbüs göstərilməyib”,- deyə Babayev bildirib.

“Bir çox ölkə müxtəlif təşəbbüslər, bəyannamələr və koalisiyalar imzalayıb, lakin təəssüf ki, onların əksəriyyəti işləmir”.

Babayev hesab edir ki, Azərbaycanın “COP”-a sədrliyi etimadın bərpasına və qlobal şimal və qlobal cənubun fərqli istəklərini yenidən birləşdirməyə kömək edəcək bir körpü ola bilər:

“Azərbaycan Şərq, Qərb və Cənubun kəsişməsində yerləşir. Ona görə də biz inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü olmaq istəyirik”.

“Üçlük” kimi tanınan “COP28”, “COP29” və “COP30” sədrlikləri inkişaf etmiş ölkələri “COP29”-dan əvvəl iqlimin maliyyələşdirilməsinə töhfələrini artırmağa çağırır.

Lakin ölkələr hələ də qlobal maliyyə paketinin miqyası ilə bağlı razılığa gələ bilməyiblər.
2022-ci ildə BMT-nin iqlim maliyyəsi üzrə ən yüksək ekspert qrupu bildirib ki, inkişaf etməkdə olan ölkələr (Çin istisna olmaqla) 2030-cu ilə qədər təmiz enerji və iqlimə davamlılıq üçün ildə təxminən 2,4 trilyon dollar sərmayə qoymalıdır ki, bu da cari xərclərin dörd qatını təşkil edir.

Hindistan tərəfindən bu ilin əvvəlində UNFCCC-yə təqdim edilə hesabatlar göstərir ki, 2025-ci ildən başlayaraq ildə “ən azı” 1 trilyon dollar xərclənməsi tələb olunur.

Bir çox zəngin ölkələr iddia edirlər ki, həddindən artıq yüksək hədəflər uğursuzluq və etibarın daha da aşağı düşməsinə səbəb olur. İqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün trilyonlarla dollar tələb olunması iqlim maliyyəsi axınlarının effektiv və şəffaf şəkildə idarə edilməsinə və bu axınların necə idarə olunmasına dair qlobal konsensusa nail olunmasına təcili ehtiyac olduğunu vurğulayır. Ölkələr bir çox kritik məsələlərdə fikir ayrılığına düşür. Muxtar Babayev qeyd edir ki, özəl sektor mühüm rol oynamalıdır.

“Özəl sektor mümkün investisiyaların ən böyük mənbələrindən biridir və biz onları problemlərin həllinin bir hissəsi olmağa həvəsləndirmək üçün bütün lazımi platformaları təmin etmək istəyirik”,- deyə Babayev vurğulayıb.

“Bunu necə etmək danışıqlar məsələsidir, lakin burada şəffaflıq çox vacibdir, çünki bazarlar, ölkələr və özəl sektor şəffaflığı görmək istəyir”.

Jurnal yazır, “COP29” yaxınlaşdıqca, Muxtar Babayev vurğulayır ki, etimad və əməkdaşlıq təməli olmadan istiləşməni 2°C-ə qədər azaltmaq üçün göstərilən qlobal cəhdlər heç ola bilər.

“Biz ölkəmiz üçün inklüzivliyi təmin etmək istəyirik”, – o, noyabrda keçiriləcək iqlim sammitinə ümid bəslədiyini bildirir:

“Biz dünyanın bu iqlim gündəmi üçün bir araya gəlməyə nə qədər hazır olduğunu göstərmək istəyirik. Maliyyə problemlərinin həlli yollarını tapmaq və su problemləri, torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, şəhərləşdirmə layihələri,
yaşıllıqların salınması kimi kritik məsələləri müzakirə etmək çox vacibdir”, – deyə Babayev bildirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button